"Sabahın Alimləri" XIV Respublika Layihə Müsabiqəsinin qızıl medalçısı, ABŞ-də keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində (Regeneron ISEF 2025) bürünc medal qazanan azərbaycanlı məktəbli Tural Abdinli artıq Çinin aparıcı ali təhsil müəssisələrindən biri hesab olunan Harbin Texnologiya İnstitutunun (Harbin Institute of Technology - HIT) tələbəsidir.

Beynəlxalq elmi uğurları ilə seçilən Tural Abdinli dünyanın müxtəlif ölkələrinin nüfuzlu universitetlərindən qəbul alıb. O, ABŞ-nin Binqemton Universitetindən (Binghamton University) təqaüd təklifi, Finlandiyanın Aalto Universiteti (Aalto University) və Oulu Universitetindən (University of Oulu), həmçinin Çinin Şimal-Qərb Politexnik Universiteti (Northwestern Polytechnical University) və Harbin Texnologiya İnstitutundan (Harbin Institute of Technology) ümumi dəyəri 150 min ABŞ dollarından çox olan təqaüdlər qazanıb. Gənc tədqiqatçı təhsilini tam təqaüdlə Harbin Texnologiya İnstitutunda Süni intellekt (Artificial Intelligence) ixtisası üzrə davam etdirmək qərarına gəlib.
AzEdu.az bu münasibətlə Tural Abdinli ilə əlaqə saxlayıb.
Qəbul xəbərini almaq mənim üçün gözlənilməz oldu:
"Qəbul məktubunu açanda və tam təqaüdlə qəbul aldığımı görəndə həm böyük qürur hissi keçirdim, həm də çox sevindim. Təxminən aprel ayları idi. Həmin dövrdə artıq yavaş-yavaş sənədlərimi hazırlamağa başlayırdım və buna görə bir qədər stresli idim. Bu qəbul xəbəri sanki stresimə dərman oldu. Doğrudan da çox sevinmişdim".
Harbin Universitetini fərqləndirən əsas məqam süni intellektin ayrıca ixtisas kimi tədris olunmasıdır:
"Ümumiyyətlə, mənim müraciət etdiyim və oxumaq istədiyim sahə süni intellektdir ("Artificial Intelligence"). Buna görə də Çin seçimi mənim üçün kifayət qədər məqsədəuyğun idi. Bunun əsas səbəblərindən biri odur ki, Çin artıq kompüter elmləri ("Computer Science") və xüsusilə süni intellekt sahəsində sürətlə irəliləyir, hətta bəzi istiqamətlər üzrə Amerika və Avropa ölkələrini geridə qoymağa başlayıb.
Bundan əlavə, bir çox universitetlərdə süni intellekt kompüter elmləri ixtisasının tərkibində tədris olunur. Ancaq Çində bu sahə artıq ayrıca ixtisas kimi təklif edilir. Yəni "Artificial Intelligence" müstəqil bir fakültə və təhsil istiqaməti kimi tədris olunur. Bu baxımdan Harbin mənim üçün daha uyğun seçim oldu. Düşünürəm ki, Çin növbəti 20 il ərzində də bu sahədə çox böyük uğurlara imza atacaq. Mən də həmin inkişafın bir parçası olmaq istəyirəm".
Əsas məqsəd universitetin bütün qəbul şərtlərini yüksək səviyyədə qarşılamaq idi. Mən də bunu bacardığım üçün tam təqaüdlə qəbul qazandım:
"İlk növbədə, bu prosesdə inam çox böyük rol oynayır. Yəni "elə-belə bir universitetə müraciət edim, qəbul olsam da olar, olmasam da" düşüncəsi ilə yanaşmaq düzgün deyil. Seçdiyiniz universiteti ətraflı araşdırmalı, dərin analiz etməlisiniz. Oxumaq istədiyiniz ixtisasın sizə nə dərəcədə uyğun olduğunu, tədris proqramını, dərs metodikasını və digər məqamları öyrənməlisiniz. Bundan sonra isə universitetin qəbul şərtlərinə diqqətlə baxmalısınız.
Mənim müraciət etdiyim universitetdə əsas tələblərdən biri CSCA imtahanı idi. Bu, Çin tərəfindən tətbiq olunan yeni imtahandır və 2025-ci ilin dekabr ayında istifadəyə verilib. Mən həmin imtahanın ikinci mərhələsində iştirak etdim və riyaziyyat fənni üzrə 100 mümkün baldan 92,5, fizika üzrə isə 80 bal topladım. Bu, kifayət qədər yaxşı nəticə idi. Artıq Çində bir çox universitetlər SAT əvəzinə CSCA imtahanının nəticələrinə üstünlük verir. Məsələn, Harbin Universiteti məndən SAT nəticəsi istəmədi və əsas göstəricilərdən biri məhz CSCA imtahanı oldu.
Bundan əlavə, IELTS nəticəmə də baxdılar. O da universitetin müəyyən etdiyi meyarlara tam uyğun gəlirdi. Təbii ki, esselər və tövsiyə məktubları da qəbul prosesində mühüm rol oynayır. Əsas məqsəd universitetin bütün qəbul şərtlərini yüksək səviyyədə qarşılamaq idi. Mən də bunu bacardığım üçün nəticədə tam təqaüdlə qəbul qazandım".

Çinin fərqlilikləri, planlı həyat tərzi və çalışqanlıq mühiti məni ən çox cəlb edən məqamlardır:
"Bu ölkə mənə fərqli bir baxış bucağı qazandıracaq. Çünki Çin, bildiyimiz kimi, Asiya ölkəsidir və orada mədəniyyət fərqləri, yəni "culture shock" deyilən məqamlar kifayət qədər çox olur. Onların mədəniyyəti, planlı həyat tərzi və qısa zamanda böyük uğurlar əldə etmə bacarıqları həqiqətən də çox təsiredicidir. Mən də həmin xüsusiyyətləri mənimsəyəcəyimə inanıram.
Təbii ki, əsas üstünlüklərdən biri də odur ki, orada məzun olmaq üçün Çin dilini C1 səviyyəsində, yəni yüksək səviyyədə bilmək tələb olunur. Düşünürəm ki, bu dörd il ərzində mən də Çin dilini kifayət qədər yaxşı səviyyədə öyrənəcəyəm. Bu da gələcəyim üçün çox böyük üstünlükdür.
Bundan başqa, Çində təhsil almağın daha çox üstünlüyü var. Hamısını sadalamağa başlasam, yəqin ki, xeyli vaxt aparar. Amma mənim üçün ən vacib məqamlar Çinin fərqli düşüncə tərzi, insanların zəhmətkeşliyi və çalışqanlıq mühitidir. Məni ən çox cəlb edən də məhz budur.
Üstəlik, Harbin kifayət qədər soyuq şəhərdir. Mən soyuq havaya dözümlü olduğum və sağlam həyat tərzini sevdiyim üçün düşünürəm ki, bu şəhər və ümumiyyətlə Çin mənim üçün çox uyğun seçimdir".

Bizim mətbəximizin yeri mənim üçün tamam başqadır, amma yeni mədəniyyətə uyğunlaşmağa çalışacam:
"Düşünürəm ki, mənim üçün ən böyük çətinlik yemək məsələsi ola bilər. Amma mümkün qədər onların mədəniyyətinə uyğunlaşmağa çalışacam. Təbii ki, bunun nə dərəcədə alınacağını zaman göstərəcək. Çünki bizim mətbəximiz həqiqətən çox zəngindir və mənim üçün onun yeri tamam başqadır. Ona görə də bu sahədə müəyyən çətinliklərin olması təbiidir. Amma inanıram ki, onların da öhdəsindən gələ biləcəm".
Ailəmin dəstəyi, mənə inanan insanlar bu yolda ən böyük gücüm oldu:
"Ümumiyyətlə, istənilən sahədə uğurun və öyrənmə prosesinin ən vacib amilləri intizam, planlılıq və strukturlu həyat tərzidir. Bunları həyatınıza tətbiq edə bilsəniz, düşünürəm ki, həqiqətən çox şeyə nail olmaq mümkündür.
Əksəriyyət motivasiyanın vacib olduğunu deyə bilər. Bəziləri motivasiya videolarına baxıb həvəslənməyi üstün tutur. Amma məncə, ən böyük motivasiya mənbəyi intizamlı olmaqdır. Nə qədər intizamlı, planlı və sistemli yaşasanız, bir o qədər də uğurlu olacaqsınız. Bu, təkcə bir sahəyə aid deyil, istənilən istiqamətdə tətbiq oluna biləcək bir prinsipdir. Ona görə də düşünürəm ki, uğurun əsas açarı intizamdır.
Təbii ki, bu yolda ailəmin dəstəyi, mənə inanan insanların varlığı və ən əsası, özümə olan inamım da çox böyük rol oynadı. Mən həmişə gördüyüm işi ən yaxşı şəkildə görməyə çalışıram. Bir az mükəmməliyyətçi insanam. Ona görə də yanaşmam belədir: ya bir işi ümumiyyətlə görməyim, ya da onu bacardığım qədər mükəmməl və ən yüksək səviyyədə həyata keçirim. Düşünürəm ki, bu da mənim xarakterimin əsas xüsusiyyətlərindən biridir".
Azərbaycana qayıdıb-qayıtmayacağı ilə bağlı suala cavab verən Tural bildirib ki, gələcəkdə ölkəsinə dönərək qazandığı bilik və təcrübəni gənclərlə bölüşmək istəyir:

“Bu, bir qədər zamandan asılıdır. Düşünürəm ki, qarşıdakı 5 il ərzində bu sahədə baş verəcək yeniliklər çox şeyi müəyyən edəcək. Amma mən çox istərdim ki, Azərbaycanda da süni intellekt sahəsində ciddi inkişaf olsun. Bu gün görürük ki, Çin, Amerika və Avropa ölkələri bu istiqamətdə çox böyük addımlar atırlar.
Biz, təbii ki, Çinlə müqayisədə bu sahədə hələ daha az inkişaf etmişik. Amma düşünürəm ki, Çində təhsil alan və ya gələcəkdə təhsil alacaq azərbaycanlı tələbələr ölkəyə qayıdaraq qazandıqları bilik və təcrübəni gənclərimizlə bölüşsələr, bu sahənin inkişafına mühüm töhfə verə bilərlər.
İnanıram ki, gələcəkdə ölkəmizdə süni intellekt üzrə yeni akademiyalar yaradılacaq, yeni perspektivlər formalaşacaq. Təhsil sistemində yeni kurikulumlar hazırlanacaq, bu istiqamətdə yeni fənlər tədris olunacaq. Bütün bunlar Azərbaycanın süni intellekt sahəsindəki nüfuzunun daha da artmasına töhfə verə bilər.
Qardaş ölkəmiz Türkiyənin təcrübəsi də bunu göstərir. Xüsusilə pilotsuz uçuş aparatları (İHA) və müdafiə sənayesində süni intellekt texnologiyalarından uğurla istifadə olunur. Bu da süni intellektin strateji sahələrdə nə qədər böyük əhəmiyyət daşıdığını göstərir.
Mən də gələcəkdə Azərbaycana qayıdaraq qazandığım bilik və təcrübəni gənclərlə bölüşmək, bu sahənin ölkəmizdə inkişafına öz töhfəmi vermək istərdim”.

Qeyd edək ki, Tural Abdinli 2025-ci ildə keçirilən "Sabahın Alimləri" XIV Respublika Layihə Müsabiqəsində mühəndislik istiqaməti üzrə qızıl medala layiq görülüb.
Daha sonra komanda yoldaşı ilə birlikdə hazırladığı " İzaholunan süni intellekt vasitəsilə meşə yanğınlarının proqnozlaşdırılması " layihəsi ilə ABŞ-də keçirilən Regeneron ISEF 2025 beynəlxalq müsabiqəsində Systems Software kateqoriyası üzrə bürünc medal qazanıb. Layihə Çexiyanın Praqa şəhərində keçirilən ISPEC 2025 beynəlxalq elmi konfransında dərc olunub. Daha sonra layihə Qazaxıstanda keçirilən “MDB üçün 100 ideya” adlı beynəlxalq tədbirdə rus dilində təqdim edilib.