Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-02 09:29:35
“Kəlbəcərdə müəllimlər çox keyfiyyətlə dərs keçirdilər” – Sabiq deputat

Xəbər verdiyimiz kimi, Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilməsindən 25 il keçir.

Kəlbəcərli sabiq deputat, təhsil eksperti Şahlar Əsgərov AzEDU-ya açıqlamasında Kəlbəcəri itirdiyimizə görə xəcalət çəkdiyini vurğulayıb: “Çox ağrılı gündür. Bu hadisədə özümü də günahlandırıram. İkinci dünya müharibəsindən sonra 1993-cü ilə qədər Kəlbəcərdə həyat yadımdadır. İnsanlar faydalı əməklə, kolxoz-sovxoz işiylə məşğul olurdular. Həkimlər insanları yüksək səviyyədə müalicə edirdilər. Müəllimlər çox keyfiyyətlə dərs keçirdilər. Əhali normal yaşayırdı və buna görə də dövlət onların maaşından vergi tuturdu. Vergi almaq səbəbini belə açıqlayırdılar ki, biz maaşınızdan vergini sizi lazım gələndə qorumaq üçün tuturuq. 40-50 il Kəlbəcərdən vergi yığıldı, amma 1993-cü ilin aprelində dövlət Kəlbəcəri qorumadı, vəzifəsinin öhdəsindən gələ bilmədi. Kəlbəcər xalqı dövlətin yarıtmaz siyasətinin qurbanı oldu”.

Şahlar Əsgərov ali məktəbə qəbul imtahanlarında yüksək balı toplayan kəlbəcərli abituriyentləri, prezident təqaüdçülərini gördükdə çox sevindiyini qeyd edib“Dünən Kəlbəcərin işğal günüylə bağlı tədbirdəydim. 30-35 yaşında cavan oğlan gördüm. Sir-sifətindən kəlbəcərli olduğunu başa düşdüm. O, mənə yaxınlaşaraq: “Şahlar müəllim məni təbrik edin. Mən Bakı məktəblərindən birinə direktor seçildim” -dedi. Çox sevindim. Təsəvvür edin, cavan oğlan müsabiqə yolu ilə Bakı məktəblərinin birinə direktor təyin olunub. Bu onu göstərir ki, gənclər intellektual baxımdan öz əməklərini Kəlbəcərin qaytarılması yolunda əsirgəməyəcəklər. Hər bir Kəlbəcərli öz postunda dövlətinə ləyaqətlə işləməlidir ki, hökumət güclənsin və biz Bakıdan Kəlbəcərə geri dönüş edə bilək”.

Qeyd edək ki, Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv. km ərazisi olan Kəlbəcərin ermənilər tərəfindən işğal edilməsi nəticəsində günahsız insanlara vəhşicəsinə divan tutulub, 511 dinc sakin öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb, 58 min rayon sakini ata-baba torpağından didərgin salınıb. İşğal nəticəsində Kəlbəcərdə 130 yaşayış məntəqəsi ermənilərin nəzarətinə keçib, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, 9 xəstəxana, 13 000 fərdi mənzil dağıdılıb, 37 852 ha meşə sahəsi, təbii ehtiyatlar, o cümlədən zəngin qızıl yataqları talan edilib. 1993-cü ilin qiymətləri ilə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub.

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları