Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 12:50:00
"Vətəndaşların dövlət qulluğuna qəbulun şəffaflığına olan inamı artır" - Komitə sədri

"Gənclərin dövlət qulluğuna qəbulu vətəndaşların dövlət qulluğuna qəbul prosesinin şəffaflığına olan inamını artırır".

AzEdu.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Azərbaycan dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək layihəsi"nin bağlanış mərasimində deyib.

O qeyd edib ki, dövlət qulluğu ilə bağlı əsas məsələlər qanunvericilikdə öz əksini tapıb.

Komitə sədri hesab edir ki, 2016-cı ildə "Dövlət qulluğu haqqında" qanuna edilən dəyişikliklər kifayət qədər mütərəqqi xarakter daşıyır: "Amma indi qarşıya yeni məqsədlər qoyulub. Mövcud bir sıra problemlərin qanunvericilik yolu ilə həlli ilə bağlı tövsiyələr verilib. Hazırda komitəmizdə bu iş həyata keçirilir. Bu işi Dövlət İmtahan Mərkəzinin hüquqşünasları ilə birlikdə icra edəcəyik".

Avropa İttifaqının Azərbaycandakı nüayəndəliyinin rəhbəri Kestutis Yankauskas isə qeyd edib ki, Azərbaycanda bir sıra sahələrdə sistem qurulmalıdır: "Bir sıra sahələrə nəzər yetirdik və belə nəticəyə gəldik ki, təhsil, səhiyyə, sosial, müdafiə sahələrində yeni sistem qurulmalı, bu sahələri dövlət qulluqçuları idarə etməlidir. Eyni zamanda dövlət qulluğunda çalışanlar seçilməli, onların maaş və təqaüd məsələsinin necə həll edilməsi barəsində düşünməliyik".

O bildirib ki, layihə çərçivisəsində qiymətləndirmə, maaş, mükafatlandırma sisteminin qurulması vacibdir: "Ümid edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasındakı müzakirələr gələcək münasibətlər üçün bünövrə quracaq, Azərbaycanın dövlət qulluğu sistemi daha effekti və güclü olacaq"