Bu gün Tarix, Riyaziyyat, Coğrafiya və İnformatika üzrə sertifikasiya imtahanları keçirilib.
AzEdu.az-ın əldə etdiyi məlumata görə, imtahandan yüksək nəticə əldə edən müəllimlərdən biri də görmə məhdudiyyəti olan Tarix müəllimi Özal Muradovdur.
O, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsindən 55 bal toplayıb.
Qeyd edək ki, xüsusi təhsil müəssisəsinin məzunu olan Muradov Özal Arif oğlu 23 sentyabr 1994-cü ildə Bakı şəhərində anadan olub. O, 2001-2013-cü illərdə 5 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün tam orta məktəbdə təhsil alıb.
2013-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix müəllimliyi ixtisasına qəbul olan Özal Muradov 2017-ci ildə bakalavr təhsilini başa vurub. Elə həmin il Sumqayıt Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və ən yeni dövr tarixi ixtisası üzrə magistratura pilləsinə qəbul olunub və təhsilini fərqlənmə diplomu ilə başa vurub.
Əmək fəaliyyətinə 2019-cu ildə Lerik rayonunun Zenoni kənd tam orta məktəbində tarix müəllimi kimi başlayan Özal Muradov 2022-ci ilə qədər həmin təhsil müəssisəsində çalışıb. O, 2022-ci ildə keçirilən Müəllimlərin İşə Qəbulu (MİQ) müsabiqəsində ölkə üzrə ən yüksək nəticə göstərərək Bakı şəhəri 45 nömrəli tam orta məktəbə təyinat alıb. Hazırda da həmin məktəbdə tarix müəllimi kimi fəaliyyətini davam etdirir.