Azedu.az

"20 il, 2 ürək, 1 həyat"

Tələbələr

22 İyun 2026, 18:38
"20 il, 2 ürək, 1 həyat"

Əkiz bacılar Nurcan və Selcan Rüstəmlilər bu il UNEC nəzdində Sosial-İqtisad Kollecini uğurla başa vurublar. Nurcan maliyyə işi, Selcan isə sosial iş ixtisası üzrə təhsil alıb. Təhsil illəri ərzində onlar yalnız akademik biliklər əldə etməklə kifayətlənməyib, həm də sosial fəaliyyətlərdə fəal iştirak edərək öz şəxsi inkişaflarına töhfə veriblər. Nurcanın maliyyə sahəsinə, Selcanın isə sosial işə olan marağı onların gələcək hədəflərini daha da dəqiqləşdirib. Bir-birinə hər zaman dəstək olan bacılar AZƏRTAC-a həyat hekayələrini “20 il, 2 ürək, 1 həyat” sözləri ilə ifadə edirlər. Onların hekayəsi göstərir ki, əzm, inam və qarşılıqlı dəstək insanı hədəflərinə doğru aparan ən böyük gücdür.

 

– Özünüzü oxucularımıza necə təqdim edərdiniz?

 

Nurcan: Mən Nurcan Rüstəmliyəm. Hər zaman qürurla deyirəm ki, “Qarabağ Azərbaycandır!” deyə biləcəyim bir ölkənin vətəndaşıyam.

Selcan: Mən Selcan Rüstəmliyəm. Özümü həyata müsbət baxan, daim öyrənməyə və inkişaf etməyə çalışan bir gənc kimi görürəm.

 

– UNEC nəzdində Sosial-İqtisad Kollecində hansı ixtisas üzrə təhsil almısınız və bu ixtisası seçməyinizə nə təsir edib?

 

Nurcan: Maliyyə işi ixtisası üzrə təhsil almışam. Bu sahəni seçməyimə səbəb ailəmizdə bu ixtisas üzrə peşəkar olaraq özünü doğrultmuş əmim Tamerlan Rüstəmov olub. Onu özümə nümunə götürmüşəm və gələcəkdə bu sahədə uğur qazanmağı hədəfləyirəm.

Selcan: Sosial iş ixtisası üzrə təhsil almışam. Bu ixtisası seçməyimə təsir edən əsas amillərdən biri ölkəmizdə sosial layihələrdə fəal iştirakı ilə seçilən Leyla Əliyevanın bu sahəyə göstərdiyi diqqət və yaradılan imkanlar olub. Sosial iş sahəsini daha dərindən öyrənmək və insanlara faydalı olmaq istədim.

 

– Kollecdə keçirdiyiniz illərdən ən yaddaqalan xatirələriniz hansılardır?

 

Nurcan: Dərs aralarında müəllimlərim və tələbə yoldaşlarımla keçirdiyim xoş anlar mənim üçün ən dəyərli xatirələrdir. Bu illər ərzində yalnız bilik deyil, həm də gözəl dostluqlar qazandım.

Selcan: Tələbə yoldaşlarımla və müəllimlərimlə keçirdiyim səmimi anlar kollecdən mənə qalan ən gözəl xatirələrdir.

 

– Təhsil müddətində qarşılaşdığınız çətinliklər nələr olub və onları necə dəf etmisiniz?

 

Nurcan: Hər bir insanın həyatında çətin dövrlər olur. Mənim üçün ən həssas məqamlardan biri dövlət himnimiz səslənərkən bir vətəndaş kimi ayağa qalxıb əlimi sinəmə qoyaraq onu ifa edə bilməməyimdir. Lakin bu hiss məni daha da gücləndirib və həyatda qarşıma çıxan çətinlikləri əzmlə aşmağı öyrədib.

Selcan: Mənim üçün ən çətin məqamlardan biri müəllimlərim otağa daxil olarkən hər kəs kimi ayağa qalxaraq onlara hörmətimi ifadə edə bilməməyim olub. Ancaq zamanla anladım ki, hörmət yalnız ayağa qalxmaqla deyil, insanın davranışı, münasibəti və dəyərləri ilə də ifadə olunur.

 

– Sizcə, inklüziv təhsilin inkişafı üçün hansı addımlar daha vacibdir?

 

Nurcan: Düşünürəm ki, bütün təhsil müəssisələrində əlçatanlıq imkanları daha da genişləndirilməlidir. Liftlərin quraşdırılması, pandusların müasir standartlara uyğun inşa edilməsi və xüsusi psixopedaqoqların həm inklüziv təhsilə cəlb olunan tələbələr, həm də müəllimlər və digər şagirdlərlə daha fəal işləməsi vacibdir.

Selcan: Hesab edirəm ki, təhsil müəssisələrinin qarşısında nəqliyyat vasitələrinin rahat dayanması və hərəkət imkanlarının yaxşılaşdırılması üçün daha əlverişli şərait yaradılmalıdır.

 

– Təhsil müddətində bir-birinizə dəstək göstərmisinizmi?

 

Nurcan: Əlbəttə. Əkiz olmağın ən gözəl tərəflərindən biri də hər zaman bir-birinin yanında olmaqdır. Düşünürəm ki, aramızdakı bağ sözlə ifadə olunmayacaq qədər güclüdür.

Selcan: Əlbəttə. Bu, danılmaz bir həqiqətdir. Biz hər zaman bir-birimizin ən böyük dəstəkçisi olmuşuq.

 

– Hansı sosial fəaliyyətlərlə məşğul olmusunuz?

 

Nurcan: İxtisasımla bağlı müxtəlif seminar və tədbirlərdə fəal iştirak etmişəm. Bu fəaliyyətlər həm biliklərimi artırıb, həm də yeni insanlarla tanış olmağıma imkan yaradıb.

Selcan: Öz ixtisasımla bağlı müxtəlif seminar və təlimlərdə fəal iştirak edirəm.

 

– İdman yarışlarında iştirak etmək qərarını necə verdiniz? Bu sahədə qazandığınız uğurlar barədə danışa bilərsinizmi?

 

Nurcan: Əslində bu, mənim planlaşdırdığım bir qərar deyildi. Bu mühitin mənə yaratdığı bir fürsət idi və mən həmin fürsəti dəyərləndirməyə çalışdım. İdman mənə böyük təcrübə qazandırdı, özüməinamımı artırdı və insanın sadə bir başlanğıcdan böyük zirvələrə yüksələ biləcəyini göstərdi.

 

– Sizi motivasiya edən əsas amillər nələrdir?

 

Nurcan: Məni motivasiya edən ən vacib amillərdən biri sevdiyim sənətçi ilə görüşlərim zamanı onun mənə qürurla baxması və uğur yolunda irəliləməyim üçün verdiyi dəstəkdir.

Selcan: Mən düşünürəm ki, daxili dünyam və həyata pozitiv baxışım məni motivasiya edən ən əsas amillərdəndir.

 

– Bu gün əldə etdiyiniz uğurlarda daha çox kimin dəstəyi olub?

 

Nurcan: Bu uğurlarda ailəmin, müəllimlərimin və ətrafımdakı hər bir insanın payı var. Özümü xoşbəxt hesab edirəm ki, belə bir ailədə böyümüşəm və bu günə qədər məni dəstəkləyən müəllimlərin əhatəsində təhsil almışam.

Selcan: Əldə etdiyim uğurlarda ailəmin və sevimli müəllimlərimin böyük rolu var.

 

– Təhsilinizi davam etdirmək və ya peşəkar fəaliyyətə başlamaq planlarınız varmı?

Nurcan: Bəli, əlbəttə. Təhsilimi davam etdirmək və gələcəkdə peşəkar fəaliyyətimdə uğur qazanmaq mənim əsas hədəflərimdən biridir.

Selcan: Bəli, planlarım genişdir. Ən böyük hədəfim öz ixtisasım üzrə peşəkar addımlar atmaqdır.

– Sizin hekayənizi bir cümlə ilə ifadə etmək lazım gəlsə, bu cümlə necə olardı?

Nurcan: “20 il, 2 ürək, 1 həyat.”

Selcan: “Eyni ulduzların altında doğulan iki fərqli möcüzədən digəri.”

– Əldə etdiyiniz nailiyyətlərlə digər gənclərə hansı mesajı vermək istərdiniz?

 

Nurcan: Həyatda hədəflərinizə çatmaq üçün heç bir vəziyyət maneə deyil. İnanıram ki, insan istədiyi məqsədə əzm, inam və zəhmətlə mütləq çata bilər.

Selcan: Həyatın enişli-yoxuşlu yollarına baxmayaraq, heç vaxt arzularınızdan vaz keçməyin.

TƏCİLİ! Rusiyaya DƏHŞƏTLİ HÜCUM - Şəhərlər raketlərlə bombalanır
Son xəbərlərDaha çox