Azedu.az

Sosial şouya çevrilən ixtisas seçimi: gələcəyi “qarantiya” edənlərə ALDANMAYIN

İmtahanlar və qəbul məsələləri

3 İyun 2026, 17:31
Sosial şouya çevrilən ixtisas seçimi: gələcəyi “qarantiya” edənlərə ALDANMAYIN

Bu gün sosial media platformalarında “təhsil eksperti” adı altında populyarlıq qazanan, lakin əslində sadəcə "TikToker" olan şəxslərin sayı kəskin artıb.

Artıq ixtisas seçiminin aktual olduğu vaxtda həmin “təhsil ekspertləri"nin, "ixtisas seçimi edən mütəxəssislər”in fəaliyyəti daha da aktivləşib.

Bu zaman onların verdiyi qeyri-peşəkar məsləhətlər bir çox hallarda valideynləri yanlış istiqamətə yönəldir.

Maraqlıdır ki, valideynlər rəqəmsal məkanda təhsil mütəxəssisi seçərkən hansı kriteriyalara diqqət etməlidirlər və bu “şou” xarakterli təhsil kontentlərindən özlərini necə qorumalıdırlar?

AzEdu.az-a mövzu ilə bağlı Vüsət Əzizov açıqlama verib.

O, qeyd edib ki, bəzi sosial şəbəkə hesabları təhsil mövzusunu şəxsi brend və ya şou elementləri üzərində qurur:

“Valideynlərin rəqəmsal məkanda “təhsil eksperti” seçərkən ehtiyatlı olması çox vacibdir. Çünki ixtisas seçimi, universitet seçimi və karyera planlaşdırılması bir abituriyentin gələcək həyatına uzunmüddətli təsir göstərən qərarlardır. Sosial mediada populyarlıq isə həmişə peşəkarlığın göstəricisi deyil.

Valideynlər hansısa mütəxəssisə müraciət edərkən həmin şəxsin təhsil və peşəkar hazırlığını araşdırmalıdır. Şəxsin hansı sahədə təhsil aldığı, hansı ixtisasa sahib olduğu və bu istiqamətdə hansı praktik təcrübəyə malik olduğu aydın şəkildə görünməlidir".

Peşəkar mütəxəssis verdiyi məlumatların mənbəyini göstərir, rəsmi statistikaya, qəbul qaydalarına, əmək bazarı araşdırmalarına və normativ sənədlərə istinad edir:

"Peşəkar məsləhətçi bilir ki, hər şagirdin maraqları, qabiliyyətləri, akademik göstəriciləri və həyat hədəfləri fərqlidir. Ona görə də hər bir abituriyentə fərqli yanaşma nümayiş etdirməlidir.

Bəzi sosial şəbəkə hesabları təhsil mövzusunu şəxsi brend və ya şou elementləri üzərində qurur. Əgər videolarda əsas məqsəd məlumat verməkdən çox izlənmə toplamaq, sensasiya yaratmaq və emosional reaksiyalar qazanmaqdırsa, valideynlər ehtiyatlı olmalıdırlar”.

“100% qəbul”, “bu ixtisasın gələcəyi qarantidir” kimi ifadələr peşəkar yanaşmaya uyğun deyil:

“Əmək bazarı daim dəyişir və heç bir mütəxəssis gələcəyi qəti şəkildə proqnozlaşdıra bilməz. Şəxsin fəaliyyəti yalnız "TikTok" və ya "Instagram" ilə məhdudlaşır, yoxsa seminarlar, elmi çıxışlar, məqalələr, təhsil layihələri və s. fəaliyyətlə məşğuldurmu? Reputasiya yalnız izləyici sayı ilə ölçülmür.

Ən vacib məqam budur ki, sosial mediada görünürlük ilə ekspertlik eyni anlayışlar deyil. Yaxşı kontent istehsal etmək insanı avtomatik olaraq yaxşı təhsil məsləhətçisinə çevirmir. Valideynlər izləyici sayı, bəyənmə və viral videolardan daha çox təqdim olunan məlumatın keyfiyyətinə, əsaslandırılmasına və mütəxəssisin peşəkar hazırlığına diqqət yetirməlidirlər. Bu yanaşma həm valideynləri, həm də abituriyentləri yanlış qərarlardan qorumağa kömək edə bilər. Dövlət İmtahan Mərkəzi də abituriyent və valideynlərə hər zaman bu şəxslərə qarşı diqqətli olmağa çağırır.

Hər il ixtisas seçimi ərəfəsində Dövlət İmtahan Mərkəzinin Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir. Abituriyentlər ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Abituriyent Məsləhət Mərkəzlərində xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə tələbə qəbulu qaydaları, elektron ərizə və ixtisas seçimi ərizələrinin doldurulması, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. ilə bağlı ödənişsiz köməklik göstərirlər.

Əslində abituriyent öz ixtisas seçimini DİM-in nəşr etdiyi jurnalları əldə etməklə və heç bir ödəniş etmədən dim.gov.az saytında “online” şəkildə rahatlıqla edə bilər. Tərəddüd və seçim etməkdə çətinlik çəkən abituriyent və valideynlərə Dövlət İmtahan Mərkəzinin ödənişsiz fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzlərinə müraciət etməyi tövsiyə edirəm”.

Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var
Son xəbərlərDaha çox