Azedu.az

I və IV qrupların DİQQƏTİNƏ - sualların səviyyəsi belə olacaq...

İmtahanlar və qəbul məsələləri

2 İyun 2026, 11:41
I və IV qrupların DİQQƏTİNƏ - sualların səviyyəsi belə olacaq...

24 may tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının birinci cəhdi keçirilib. İmtahanda iştirak edən bir çox abituriyentin fikrincə, suallar gözlənildiyindən daha asan olub.

7 iyun tarixində isə I və IV ixtisas qrupları üzrə qəbul imtahanının birinci cəhdi keçiriləcək.

Maraqlıdır, I və IV ixtisas qrupları üzrə keçiriləcək imtahanların çətinlik səviyyəsi necə olacaq?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, I və IV ixtisas qruplarında da sualların daha əlçatan olması tendensiyasının davam edəcəyi gözlənilir:

"Dövlət İmtahan Mərkəzi tərəfindən mart və aprel aylarında keçirilmiş buraxılış imtahanları ilə bağlı abituriyentlər tərəfindən bəzi sualların çətinlik səviyyəsinə dair fikirlər səsləndirilirdi. Lakin 24 may tarixində II və III ixtisas qrupları üçün keçirilmiş blok imtahanlarında bu kimi fikirlərlə ciddi şəkildə qarşılaşmadıq. Əksinə, sualların daha asan və əlçatan olması ilə bağlı rəylər üstünlük təşkil edirdi. Gördüyünüz kimi, sualların çətin olması ilə bağlı ciddi bir narazılıq da yaranmadı.

Düzdür, müəyyən fikirlər səsləndirilirdi. Məsələn, II qrupda tarix fənni, III qrupda isə ədəbiyyat fənni üzrə bəzi sualların çətin olduğu qeyd olunurdu. Lakin bunlar daha çox fərdi xarakter daşıyırdı. Eyni zamanda, suallarla bağlı hər hansı elmi və ya texniki səhv faktı qeydə alınmamışdı.

Təbii ki, eyni tendensiyanın I və IV ixtisas qruplarının imtahanlarında da müşahidə olunacağı gözlənilir. Hər bir halda, suallar yenə də sadə, orta və çətin olmaqla üç səviyyə üzrə formalaşdırılır. Bu isə birbaşa abituriyentlərin hazırlıq səviyyəsindən asılıdır. Daha yaxşı hazırlaşan abituriyentlər, təbii ki, sualları daha rahat cavablandıra bilirlər”.

Ekspert qeyd edib ki, builki blok imtahanları ilə bağlı gözləntilər ümumilikdə müsbətdir:

“Bildiyiniz kimi, abituriyentlər blok imtahanına qədər əsasən qapalı tipli suallar üzərində işlədikləri və bu formata uyğunlaşdıqları üçün həmin sualları imtahan zamanı daha rahat cavablandıra bilirlər. Blok imtahanlarında da qapalı tipli suallar üstünlük təşkil edir. Belə ki, təqdim olunan 90 sualın 66-sı məhz qapalı tipli suallardır. Bu da abituriyentlərə artıq vərdiş etdikləri formatla işləmək imkanı yaradır.

Sadəcə, burada abituriyentlərdən daha çox diqqət tələb olunur. Çünki səhv cavablar doğru cavablara təsir göstərir. Hər bir səhv cavab 0,25 balın itirilməsi deməkdir və dörd səhv cavab bir doğru cavabı aparır. Nəticədə abituriyentlər ümumi hesabda müəyyən sayda bal itirmiş olurlar. Buna görə də blok imtahanında maksimum dərəcədə diqqətli olmaq vacibdir.

Amma ümumilikdə builki blok imtahanları ilə bağlı gözləntilərimiz daha müsbətdir və nəticələrin də yaxşı olacağını proqnozlaşdırırıq. Yəqin ki, yüksək nəticə əldə edən abituriyentlər də olacaq”.

Ukraynadan ŞOK HÜCUM - Rus ordusu mühasirəyə düşdü
Son xəbərlərDaha çox