Məlumdur ki, mayın 24-də II və III ixtisas qrupları üzrə I cəhd qəbul imtahanı keçirilib.
İmtahandan dərhal sonra II ixtisas qrupuna hazırlaşan abituriyentlər riyaziyyat suallarının olduqca çətin və vaxt aparan olduğunu bildiriblər.
AzEdu.az səsləndirilən fikirlərin nə dərəcədə doğru olduğunu öyrənmək üçün riyaziyyat müəllimi, elm və təhsil eksperti Səbuhi Abdullayevə müraciət edib.

Müsahibimiz qeyd edib ki, mayın 24-də II qruplar üçün keçirilən test tapşırıqları əvvəlkilərlə müqayisədə nisbətən daha çətin olub:
“Eyni zamanda burada praktik tapşırıqların əlavə edilməsi, daha çox qapalı tipli testlərlə işləyən şagirdlər üçün müəyyən çətinlik yaradıb.
Lakin bu praktik tapşırıqların olması onların gələcək universitet həyatı və dərsləri üçün müsbət təsir göstərəcək. Çünki əməli-praktik biliklərin tətbiqi vacibdir və bu kimi tapşırıqların gələcəkdə daha da artacağını düşünürəm. Bu istiqamətdə gələcək abituriyentlərin hazırlaşması çox önəmlidir.
Buna görə həm hazırlıq müəllimləri, həm də məktəb müəllimləri bu istiqamətə daha çox diqqət ayırmalıdırlar. Eyni zamanda növbəti illərdə imtahan verəcək abituriyentlər də hazırlıq prosesində buna xüsusi önəm verməlidirlər. Praktik məsələlərə ayrılan bal payı da az deyil, təxminən 30 bala yaxın hissə bu tip tapşırıqlardan ibarətdir və gələcəkdə bu nisbətin artması da mümkündür. Bu isə ümumi nəticələrə müsbət təsir göstərə bilər.
Ona görə də tövsiyə olunur ki, abituriyentlər praktik məsələlərin həllinə daha çox diqqət yetirsinlər".