Azedu.az

II və III qrup imtahanları bitdi - keçid balları necə dəyişəcək?

İmtahanlar və qəbul məsələləri

25 May 2026, 12:59
II və III qrup imtahanları bitdi - keçid balları necə dəyişəcək?

24 may tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının birinci cəhdi keçirilib. İmtahandan çıxan bir sıra abituriyentlər qəbul imtahanının buraxılış imtahanı ilə müqayisədə daha asan olduğunu bildiriblər.

Digər tərəfdən isə bəzi iştirakçılar bir sıra fənlər üzrə sualların çətinlik səviyyəsinin yüksək olduğunu vurğulayıblar.

Ümumilikdə abituriyentlərin ilkin rəyləri və səsləndirdikləri proqnozlar nəzərə alındıqda, builki qəbul imtahanlarının nəticələrinin necə olacağı maraq doğurur.

Maraqlıdır, nəticələr əvvəlki illərlə müqayisədə daha yüksək ola bilərmi?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, bu ilki blok imtahan nəticələrinin ötən illə müqayisədə daha yaxşı olacağı gözlənilir.

“Dünən Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üçün qəbul imtahanının ikinci mərhələsinin (blok imtahanının) birinci cəhdi baş tutdu. Bu mərhələdə abituriyentlərə 90 tapşırıq təqdim olunmuşdu. İmtahandan çıxanların ilkin rəyinə görə, blok imtahanı buraxılış imtahanı ilə müqayisədə daha asan keçib.

Fənlər üzrə baxdıqda, II qrup abituriyentləri əsasən riyaziyyatın, III qrup abituriyentləri isə ədəbiyyat fənninin bir qədər çətin olduğunu dilə gətirirlər.

Ümumilikdə isə düşünürəm ki, builki blok imtahan nəticələri ötən illə müqayisədə daha yaxşı olacaq. Blok imtahanının ikinci cəhdinin iyul ayında keçiriləcəyini nəzərə alsaq, nəticələrin yüksək olması, təbii ki, ixtisaslar üzrə keçid ballarına da birbaşa təsir göstərəcək”.

Hər iki ixtisas qrupu üzrə keçid ballarında müəyyən dəyişikliklər qeydə alına bilər:

“Qeyd edim ki, builki blok imtahanında maksimal nəticə göstərən abituriyentlərlə rastlaşacağımızı düşünürəm. 400 bal toplayan namizədlərin olacağını proqnozlaşdırılır.

Müsabiqə vəziyyətinə gəldikdə isə, bu il II ixtisas qrupunda abituriyent sayında kifayət qədər - 2000 nəfərdən çox artım var ki, bu da keçid ballarının yüksəlməsinə təsir edəcək. III ixtisas qrupunda ötən illə müqayisədə cüzi (250-300 nəfər) artım qeydə alınsa da, ümumi müraciət edənlərin sayı plan yerlərindən təxminən 13-14 min nəfər çoxdur. Bu isə o deməkdir ki, hər iki ixtisas qrupu üzrə keçid ballarında müəyyən dəyişikliklər qeydə alına bilər. Ona görə də abituriyentlər arxayınlaşmamalı, iyul ayındakı ikinci cəhdə daha ciddi hazırlaşmalıdırlar. Mövcud marafonda qalib gəlmək üçün nəticələri bir qədər də yaxşılaşdırmaq şərtdir”.

Rusiyaya raketlərlə HÜCUM BAŞLADI - Batalyonlar məhv edildi
Son xəbərlərDaha çox