İmtahanda yüksək nəticə göstərənlərdən biri də İsmayıl Əliyevdir.
O, imtahanın test mərhələsində 91,5 bal toplayıb. İsmayıl hazırda Bakı Mühəndislik Universitetinin IV tələbəsidir.
AzEdu.az İsmayılla əlaqə saxlayaraq onun təəssüratlarını öyrənib.
O, yüksək nəticə əldə etməyi qarşısına məqsəd qoyduğunu qeyd edib:
“562 balla Bakı Mühəndislik Universitetinin İnformasiya təhlükəsizliyi ixtisasına qəbul olmuşam və hazırda IV kurs tələbəsiyəm. Magistratura imtahanının birinci cəhdində esse ilə birlikdə 90 bal toplamışdım. İkinci cəhdimdə isə hələlik essesiz 91,5 bal nəticə əldə etmişəm.
Nəticəni ilk eşidəndə çox sevindim. Çünki çəkdiyim əziyyətin qarşılığını almaq və müəllimlərimin gözləntilərini doğrultmaq mənim üçün çox qürurverici idi. Hələ oktyabr ayından bu imtahanda yüksək nəticə göstərməyi qarşıma məqsəd qoymuşdum. Birinci imtahandakı nəticəmdən sonra zəif tərəflərimi analiz etdim və ikinci cəhddə həmin çatışmazlıqları aradan qaldırmağa çalışdım.
Ən çətin məqam həm işləmək, həm universitet dərslərini davam etdirmək, həm də paralel şəkildə imtahana hazırlaşmaq idi. Bu prosesdə disiplinin nə qədər vacib olduğunu daha yaxşı başa düşdüm. Düzgün planlama sayəsində hər birinin öhdəsindən gəlməyi bacardım.
Uğur qazanmağımda ən böyük amillərdən biri ətrafımda mənə inanan insanların olması idi. Ailəm, dostlarım və müəllimlərim hər zaman mənə dəstək oldular və uğur qazanacağıma inandılar. Bu da mənə əlavə motivasiya verdi.
Açığı, xüsusi çətinlik çəkdiyim bir mövzu yox idi. Sadəcə diqqətsizlik etdiyim anlar mənə müəyyən problemlər yaradırdı.
Təbii ki, fərdi çalışma da çox vacibdir. Kurs mənə nə etməli olduğumu göstərirdi, mən isə həmin istiqamətdə çalışırdım.
Sosial həyatımla hazırlıq prosesini disiplinli olmaq sayəsində balanslaşdıra bildim. Qarşıda çətin bir dövr olduğunu bildiyim üçün özümə plan qurmuşdum və vaxtımı əvvəlcədən düzgün şəkildə bölürdüm”.
Nə birinci, nə də ikinci cəhddə həyəcan hiss etmədim:
İnformasiya təhlükəsizliyi ixtisasında təhsil aldığım üçün gələcəkdə də bu sahədə davam etmək istəyirəm. Hələ tam qərar verməmişəm, amma ixtisasımla əlaqəli istiqamətdə təhsil almağı düşünürəm.
Hədəfim Azərbaycanın informasiya təhlükəsizliyi sahəsinə töhfə verməkdir. Müəyyən müddət dövlət qurumlarında çalışdıqdan sonra isə şəxsi kibertəhlükəsizlik şirkətimi quraraq müxtəlif müəssisələrə təhlükəsizlik xidmətləri təqdim etmək istəyirəm.
Gələcəkdə xaricdə təhsil almağı da düşünürəm. Çünki kibertəhlükəsizlik qlobal sahədir və beynəlxalq təcrübəni öyrənmək həm mənim, həm də ölkəm üçün faydalı ola bilər.
İmtahana hazırlaşan tələbələrə isə ən böyük tövsiyəm həyəcanlanmamalarıdır. Bu imtahan heç nəyin sonu deyil. Əksinə, hər nəticə yeni bir başlanğıcdır. Tələbələrin ən çox etdiyi səhvlərdən biri bir suala həddindən artıq vaxt ayırmalarıdır. Həmin sualı həll edə bilmədikcə daha çox stress yaşayırlar və digər suallara fokuslana bilmirlər. Halbuki bir sualı buraxmaq digər sualları itirmək demək deyil.
Hazırda topladığım nəticə məni qane edir. Amma yekun qərarımı tövsiyələrinə güvəndiyim insanlarla məsləhətləşdikdən sonra verəcəyəm”.