Həftə sonu - 24 mayda II və III ixtisas qrupları üzrə qəbul imtahanının I cəhdi keçiriləcək.
Bu günlərdə hər kəs abituriyentlərin imtahan zamanı yol verdiyi səhvlərdən danışır.
Lakin AzEdu.az bu sualın cavabını dolayı yollarla deyil, məhz abituriyentlərin özlərindən əldə edib.
Belə ki, abituriyentlərlə həmsöhbət olaraq həm imtahana hazırlıq dövrünün necə keçdiyini, həm gələcək hədəflərini, həm də imtahan zamanı yol verdikləri səhvləri və tövsiyələrini öyrəndik.
Cavablar fərqli olsa da, onların tək məqsədi uğurlu nəticə əldə etməkdir.
Hüquqşünaslıq ixtisasına hazırlaşan Zəhra Ərəbova qeyd edib ki, repetitorsuz da hazırlaşmaq olsa da, hüquq kimi yüksək bal tələb edən ixtisasa qəbul olmaq çətin olardı:
"İsmayıllı rayonu 5 nömrəli tam orta məktəbinin 11-ci sinifində oxuyuram və 3-cü qrup üzrə hüquqa hazırlaşıram. Hazırlığa 10-cu sinifdən başlamışam. Buraxılış imtahanında 220 bal topladım. Açığı, özümə görə az nəticə hesab edirəm və buna görə qəbul imtahanından 300-dən yuxarı nəticə əldə etməyi hədəfləmişəm. Əgər istədiyim nəticə alınmasa da, ikinci qəbul şansına ciddi şəkildə hazırlaşacağam. Çünki məqsədim sadəcə hüquq üzrə təhsil almaqdır.
Buraxılış dönəmində ən çox riyaziyyat üzərində işləyirdim, çünki zəif olduğum fənn idi. Azərbaycan dili üzrə isə demək olar ki, heç hazırlaşmamışdım. Sadəcə müəllimimin dərslərini dinləyib, testlər işləyirdim. İngilis dilinə də çox vaxt ayırmışam. İndi qəbul imtahanı üçün də ən çox üstünlüyü tarix və ədəbiyyata verirəm və bilirəm ki, ana dili fənnindən imtahanım yaxşı keçəcək.
Düşünürəm ki, blok imtahanı o qədər də asan olmayacaq. Çünki iştirak etdiyim sınaqlarda suallar kifayət qədər çətin idi. Özümü də daha çox çətin variantlara hazırlamışam ki, imtahanda çətinlik görəndə həyəcanlanmayım. Əvvəlki illərin qəbul testlərini işləyəndə görürəm ki, bəzi suallar indikilərlə müqayisədə daha rahat idi. Amma əsas fərq imtahan anındakı stres və həyəcandır. Evdə test işləmək tamam başqa hissdir, real imtahan mühiti isə tam fərqlidir.
Məncə, məktəb insana müəyyən qədər baza verir. Məsələn, Azərbaycan dili və ədəbiyyat üzrə məktəbdən yaxşı təməl qazanmışdım. Amma qəbul imtahanı üçün təkcə məktəb dərsləri kifayət etmir. Riyaziyyatda zəif idim, tarixdə isə bəzi mövzuları ümumiyyətlə oxumamışdım. Ona görə repetitor dəstəyi almağa ehtiyac hiss etdim. Düşünürəm ki, repetitorsuz da hazırlaşmaq olardı, amma hüquq kimi yüksək bal tələb edən ixtisasa qəbul olmaq çətin olardı. Yəqin ki, 300-400 arası bal toplamaq mümkün olardı, amma hədəfim daha yüksəkdir.
Hazırda mənim üçün ən çətin fənn tarixdir. Yaddaşım zəif olduğu üçün çox oxumalı oluram ki, yadımda qalsın. Gün ərzində gecədən səhərə qədər dərs oxuyuram. Artıq rejimim elə formalaşıb ki, gecə daha rahat oluram. Həm ev sakit olur, həm də dərslər yadımda daha yaxşı qalır.
Sosial şəbəkələrdən sadəcə "WhatsApp" və "YouTube"dan yararlanıram. Vaxtımı mümkün qədər dərsə ayırmağa çalışıram".
Zəhra imtahanda etdiyi səhvlərdən bəhs edib:
“Buraxılış imtahanında ən böyük problemim həyəcan oldu. Əslində isə həyacanlanmalı heç bir şey yox idi, amma nəzarətçilərin “5 dəqiqə qaldı”, “1 dəqiqə qaldı” deməsi məni çox stresə saldı. Buna görə də riyaziyyatdan 4, ana dilindən isə 1 sualımı sürüşdürmə etdim.
Ən böyük səhvlərdən biri də kitabçadan cavabları cavab kartına köçürməyi sona saxlamaqdır. Məncə, abituriyentlər əmin olduqları cavabları vaxtında cavab kartına köçürməlidirlər. Yoxsa sonda vaxt çatmaya və diqqətsizlikdən səhvlər ola bilər".
Hazırlıq prosesində əsasən konspekt yazaraq çalışıram. Mənə görə, yazaraq öyrənmək məlumatı daha yaxşı yadda saxlamağa kömək edir. Həmçinin testlərdən və müxtəlif mənbələrdən istifadə edirəm. Qəbul imtahanında məqsədim ən azı 330-340 bal toplamaqdır ki, istədiyim ixtisasa qəbul ola bilim.
Əvvəlki illərin qəbul suallarını da işləmişəm və düşünürəm ki, suallar ildən-ilə ağırlaşır. Amma fikrimcə, bu il buraxılış imtahanı çətin olduğundan qəbul imtahanı bir qədər rahat olacaq. Əgər qəbul imtahanının I cəhdindən istədiyim nəticəni əldə etsəm və müəllimlərim icazə versə, II cəhdə hazırlaşmayacağam".
Müsahibimiz imtahan zamanı həyəcanı idarə etməyin vacibliyini vurğulayıb:
“Məktəb müəyyən baza yaratsa da, yüksək nəticə üçün təkcə məktəb dərsləri kifayət etmir. Xüsusilə 500-dən çox nəticə hədəfləyən şagirdlər üçün əlavə hazırlıq vacibdir. Mən də bəzi mövzularda çətinlik çəkdiyim üçün repetitor dəstəyindən yararlanmışam. Hazırlıq müəllimlərimin dəstəyi ilə də buraxılış imtahanından yüksək nəticə əldə etdim və inanıram ki, qəbul imtahanında da uğurlu nəticə qazanacağam. Gündə demək olar ki, 6 saatımı dərslərə ayırıram. Telefondan da istifadə edirəm.
Məncə, abituriyentlərin imtahanda etdiyi ən böyük səhvlərdən biri həyəcan və vaxtı düzgün idarə edə bilməməkdir. İnsan bəzən bildiyi sualları belə stresdən səhv edir. Ona görə də çalışmaq lazımdır ki, imtahana sakit və özünəinamlı girəsən. Mən də bazar günü imtahanda ən çox buna diqqət edəcəyəm. Digər abituriyentlərə də tövsiyəm odur ki, imtahanı gözlərində çox böyütməsinlər.
Gələcəkdə xaricdə təhsil almağı da düşünürəm. Hazırda bunun üçün araşdırmalar edirəm və üzərimdə işləyirəm. Gələcəkdə yaxşı imkan yaranarsa, xaricdə təhsil almaq və işləmək istəyərəm".
Abituriyent Yeganə Həmidova isə repetitor dəstəyinin ona daha planlı və məqsədli oxumağa kömək etdiyini vurğulayıb:
"9 illik təhsilimi Bakıda almışam. 10 və 11-ci sinifləri isə İsmayıllı rayonu 1 nömrəli məktəbdə davam etdirirəm. Buraxılış imtahanında 220 bal toplamışam.
Qəbul imtahanına hazırlıq ümumilikdə müsbət keçdi. Amma məndə əsas motivasiya yaradan buraxılış imtahanında 200 balı keçmək idi. Bu, mənə daha çox çalışmağa və hədəflərimi böyütməyə səbəb oldu. İndi 500, hətta 600 bala qədər yüksəlmək üçün daha ciddi hazırlaşıram.
Hazırlıq strategiyam əsasən disiplin üzərində qurulub. Qarşıma məqsəd qoyaraq sistemli şəkildə çalışıram. Rayona gələndən sonra daha intizamlı çalışmağı qərar aldım. Müəllimlərimin dəstəyi və şəxsi çalışmamla daha planlı hazırlaşıram.
9-cu sinifdə heç bir dəstək almadan 210 bal toplamışdım. Amma 10-cu sinifdə qərar aldım ki, daha ciddi hazırlaşacağam. Çünki istəyirəm desinlər ki, rayon təhsili ilə yüksək nəticə əldə edib. Düzü, iki il ərzində böyük sıçrayış etməmişəm, bunun əsas səbəbi buraxılış imtahanının çətin olması idi. İmtahan bu qədər çətin olmasaydı, özümdən daha yüksək nəticə gözləyərdim.
Blok imtahanından gözləntim ən azı 280 baldır. Hədəfim ümumilikdə 500 bal ətrafındadır. Azərbaycan İqtisad Universitetində iqtisadiyyat və logistika ixtisaslarında oxumaq istəyirəm. İxtisasımı daha dəqiq imtahan nəticəmdən sonra seçəcəyəm.
Qəbul imtahanı ilə bağlı düşünürəm ki, buraxılış imtahanı bir qədər çətin keçdiyi üçün blok imtahanının daha rahat olacağı ehtimalı var. Amma buna baxmayaraq, özümü həm psixoloji, həm də akademik cəhətdən tam hazırlamışam. Mənim üçün bu həftənin sonu çox önəmlidir. Ona görə də özümə ciddi psixoloji yük qoymuşam və nə bacarıramsa, bazar günü imtahanda maksimum şəkildə göstərməyə çalışacağam. Çünki II cəhdə qatılmaq istəmirəm.
Özümə də elə bir düşüncə formalaşdırmışam ki, imtahan rahat keçəcək və nəticə yaxşı olacaq. Özümə daim deyirəm ki, şans imtahanı deyil, hər şey bu həftənin sonunda bəlli olacaq. Ona görə də planlarımı əvvəlcədən dəqiq qurmuşam.
Əvvəlki illərin qəbul imtahanlarını da işləyib baxmışam. Evdə və hazırlıqda işlədiyimiz üçün bəzən bizə daha asan görünür. Amma real imtahan mühiti fərqlidir. Ümumilikdə isə hər il sualların bir az daha çətinləşdiyini düşünürəm. Bu da abituriyentlərin ildən-ilə daha yüksək hazırlıq səviyyəsinə çatması ilə bağlıdır.
Hazırlıq dövründə ən asan fənlər mənə keçən ildən hazırlığına başladığım Azərbaycan dili, ingilis dili və riyaziyyat olub. Bunları 10-cu sinifdən daha yaxşı formalaşdırmışdım. Ona görə 11-ci sinifdə daha çox qəbul fənlərinə fokuslandım, xüsusilə coğrafiya və tarixə. Ən çətin fənn isə tarix olub, çünki ona sonradan daha ciddi şəkildə başladım. Yenə də çalışaraq bu boşluğu doldurmağa çalışıram.
Əvvəl 9-cu sinifdə daha çox özüm hazırlaşmışdım və bu təcrübə mənə göstərdi ki, insan istəsə, təkbaşına da müəyyən nəticə əldə edə bilər. Amma hazırda repetitorlar mənə daha sistemli və planlı hazırlaşmaqda kömək edir.
Məktəbdəki dərslər ümumilikdə kifayət edirdi, amma sinif mühiti və hazırlıq mühiti arasında ciddi fərq var. Məktəbdə hər kəs eyni motivasiyada olmur, bəzən diqqət dağınıqlığı da olur. Hazırlıq mühitində isə hamı məqsədli şəkildə oxuduğu üçün daha çox motivasiya alırsan və bu da nəticəyə birbaşa təsir edir. Ona görə repetitora müraciət etdim.
Gündəlik dərs rejimim əvvəllər daha çox gecə saatlarına bağlı idi. Gecədən səhərə qədər oxuyurdum və məktəbə gedənə qədər davam edirdi. Amma buraxılış imtahanından sonra bu rejim məni çox yorurdu və yuxu balansım pozulmuşdu. Bu da blok imtahanına hazırlıqda çətinlik yaradırdı. Sonra sistemimi dəyişdim və dərslərimi axşama qədər oxumağa başladım.
Öyrənmə metodum zamanla formalaşıb. Bəzən videolardan da istifadə edirəm, amma əsas metodum bir mövzunu bir dəfə diqqətlə oxumaqdır. Mənə görə keyfiyyət kəmiyyət qədər önəmlidir, ona görə az, amma səmərəli oxumağa üstünlük verirəm.
Valideynlərimin dəstəyi olarsa, gələcəkdə xaricdə təhsil almaq istəyirəm. Sosial şəbəkələrdən isə çox az istifadə edirəm. Əslində mümkün qədər uzaq durmağa çalışıram, lakin dərslərimə görə bəzən lazım olur. Amma gündəlik həyatımda çox yer tutmur.
Abituriyentlərə tövsiyə edirəm ki, xüsusilə bu həftə ərzində telefondan çox istifadə etməsinlər. Telefon həm vaxt aparır, həm də diqqəti yayındırır, gözləri və beyni yorur. Bu da öyrənmə keyfiyyətini aşağı salır. Həmçinin abituriyentlər son günlərdə bütün mövzuları təkrar etməyə çalışırlar. Bunu edərkən də sosial şəbəkələr və telefonla paralel məşğul olmaq özünü aldatmaq kimidir. Oxusan da, beynin tam fokuslanmır".
İbrahim Şabanov qeyd edir ki, əvvəlki illərin qəbul suallarını analiz edərkən imtahanların illər keçdikcə daha da çətinləşdiyini görür. Onun sözlərinə görə, artıq suallar daha uzun və məntiq tələb edir:
"İsmayıllı rayonunun Diyallı kənd tam orta məktəbinin şagirdiyəm. Bu il ali məktəblərə sənəd verərək II ixtisas qrupu üzrə hazırlaşıram. Buraxılış imtahanında 233 bal toplamışam, qarşıdan gələn blok imtahanından isə hədəfim və gözləntim 300 civarında bal toplamaqdır. Əsas məqsədim Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) qəbul olmaq və maliyyə ixtisası üzrə təhsil almaqdır.
Qəbul imtahanlarına hazırlıq müddəti mənim üçün çox səmərəli və uğurlu keçdi. Əlbəttə ki, bu nəticədə və hazırlıq səviyyəmdə müəllimlərimin rolu əvəzsizdir. Hazırlıq müddətində dərslərimi yadda saxlamaq üçün hər gün fərdi olaraq gündəlik planlar qururam və dərslərə ortalama 4-5 saat vaxt ayırıram. Hesab edirəm ki, uğur qazanmaq üçün ən vacib şərt intizamlı olmaqdır. Hazırlıq dövründə mənim üçün ən rahat fənn tarix, həmçinin hazırlıq müəllimimin sayəsində Azərbaycan dili olub. Nisbətən çətinlik çəkdiyim fənn isə riyaziyyatdır.
Əvvəlki illərin qəbul suallarını analiz edərkən görürəm ki, imtahanlar illər keçdikcə daha da çətinləşir. Artıq suallar daha uzun və məntiqlidir. Onları həll etmək üçün sadəcə əzbərçilik yox, xüsusi metodologiya lazımdır. Məhz buna görə də repetitor köməyinə ehtiyac duyulur. Məktəb dərsliklərindəki sual formaları bəzən qəbul imtahanındakı uzun və fərqli test modelləri ilə eyni olmur, şagirdə mütləq düzgün istiqamət verən bir mütəxəssis lazımdır.
Eyni zamanda, imtahan verəcək bütün həmyaşıdlarıma sınaq imtahanlarında mütəmadi iştirak etməyi tövsiyə edirəm. Çünki sınaqlar sayəsində biz fənlər arasında düzgün vaxt bölgüsü aparmağı öyrənir, öz zəif nöqtələrimizi kəşf edirik. İmtahan zamanı abituriyentlərin ən çox etdiyi səhv isə həyəcana yenik düşməkdir. Uğur qazanmaq üçün mütləq stresi idarə etməyi bacarmaq lazımdır. Hazırlıq prosesində sosial şəbəkələrə, əsasən, Instagram-a çox vaxt ayırmamağa çalışdım, yalnız dostlarım maraqlı nəsə göndərəndə baxırdım. Hələ ki, xaricdə təhsil almaq kimi bir planım yoxdur".