Azedu.az

Magistratura balı 2 il qüvvədə qala bilər? - vacib PROQNOZ

Magistratura

22 May 2026, 09:08
Magistratura balı 2 il qüvvədə qala bilər? - vacib PROQNOZ

Azərbaycanda magistratura qəbul imtahanının nəticələri hazırda yalnız imtahan verildiyi il üçün qüvvədə sayılır. Lakin son dövrlərdə magistr balının qüvvədə qalma müddətinin artırılması məsələsi tez-tez müzakirə olunur.

Maraqlıdır, magistratura imtahan balının 2 il müddətində qüvvədə qalması mümkündürmü?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ADPU SABAH Mərkəzinin akademik məsləhətçisi, təhsil eksperti Əlmusa Atamalıyev qeyd edib ki, Azərbaycanda magistratura qəbul imtahanlarının nəticələrinin yalnız bir il qüvvədə olması uzun illərdir tətbiq edilən mövcud modeldir:

183552

“Lakin son dövrlərdə həm tələbələr, həm müəllimlər, həm də təhsil ictimaiyyəti arasında magistratura balının ən azı 2 il qüvvədə qalması məsələsi geniş müzakirə olunur. Bu mövzu xüsusilə ali təhsildə çeviklik, tələbələrin psixoloji yükü və beynəlxalq təcrübə baxımından aktuallıq qazanıb.

Fikrimcə, magistratura qəbul sistemi yalnız imtahan nəticəsinə deyil, eyni zamanda tələbənin gələcək akademik və peşəkar inkişaf imkanlarına da xidmət etməlidir. Nəticələrin yalnız bir il etibarlı olması bir çox hallarda tələbələrin imkanlarını məhdudlaşdırır və əlavə çətinliklər yaradır.

Magistratura imtahanında yüksək nəticə əldə edən tələbə müxtəlif səbəblərdən həmin il təhsilini davam etdirə bilməyə bilər. Şəxsi təcrübəmdə bu kimi hallarla çox qarşılaşmışam. Buraya maliyyə problemləri, hərbi xidmət, iş həyatı, ailə vəziyyəti və s. kimi amillər daxildir. Mövcud sistemdə isə həmin şəxs növbəti il yenidən imtahan verməyə məcbur olur. Bu isə həm vaxt itkisi, həm də əlavə psixoloji gərginlik yaradır”.

Magistratura balının 2 il qüvvədə qalması ilk növbədə tələbəyönümlü yanaşma olardı:

“Çünki tələbə bir dəfə qazandığı akademik nəticədən müəyyən müddət istifadə etmək hüququ əldə etmiş olar. Bu yanaşma xüsusilə işləyən gənclər üçün mühüm üstünlük yarada bilər. Hazırda bir çox məzun iş həyatı ilə təhsil arasında seçim etmək məcburiyyətində qalır. Balın 2 il qüvvədə qalması isə onlara daha rahat plan qurmağa imkan verər.

Dünyanın bir çox ölkəsində magistratura və beynəlxalq dil imtahanlarının nəticələri bir neçə il qüvvədə saxlanılır. Məsələn, GRE nəticələri 5 il, IELTS və TOEFL nəticələri isə 2 il etibarlı hesab olunur. Bu model tələbələrin akademik mobilliyini artırır və imtahan sistemini daha çevik edir.

Bununla yanaşı, belə bir dəyişiklik tətbiq olunarkən müəyyən risklər də nəzərə alınmalıdır. Əsas məsələlərdən biri imtahan proqramlarının və qiymətləndirmə meyarlarının dəyişməsidir. Əgər müxtəlif illərdə imtahanın çətinlik səviyyəsi fərqli olarsa, köhnə və yeni nəticələr arasında müqayisə zamanı müəyyən ədalət problemləri yarana bilər.

Fikrimcə, bu problemin həlli mümkündür. Ən optimal model nəticələrin 2 il qüvvədə qalması, lakin tələbəyə istədiyi halda yenidən imtahan vermək hüququnun saxlanılmasıdır. Belə olduqda sistem həm çevik, həm də rəqabət baxımından balanslı olar. Bundan əlavə, qəbul zamanı son iki ilin ən yüksək nəticəsinin nəzərə alınması daha ədalətli yanaşma hesab edilə bilər.

Magistratura təhsili yalnız bir imtahan prosesi deyil, ölkənin elmi potensialının formalaşdırılması mərhələsidir. Buna görə də qəbul mexanizmləri tələbələrin inkişafına maneə yaratmamalı, əksinə, onların imkanlarını genişləndirməlidir. Gələcəkdə belə bir model tətbiq olunarsa və tənzimləmə şəffaf mexanizmlərlə həyata keçirilərsə, bu həm tələbələr, həm universitetlər, həm də ümumi təhsil sistemi üçün faydalı olar”.

İran Bakını HƏDƏLƏDİ - Zəngəzuru unudun, yoxsa...
Son xəbərlərDaha çox