Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-21 12:24:42
Summativlərdə bir sual şagirdə necə bal qazandırır? – Səviyyə dərəcələri, hesablama qaydaları  

Məktəbdaxili qiymətləndirmə qaydalarına edilən dəyişikliklər müəllimlərdə bəzi çaşqınlıqların yaranmasına səbəb olub.

Hazırda müəllimləri maraqlandıran əsas məsələ isə sualların hansı meyarlara görə müxtəlif  səviyyələrə bölünməsi və hər sualın nə qədər bal gətirməsi ilə bağlıdır.

Məlum olduğu kimi summativqiymətləndirmə sualları 4 səviyyədə tərtib edilməlidir. Səviyyələr artdıqca sualların çətinlik dərəcəsi də artır. I və II çətinlik səviyyəsi əksər uşaqlar, III və IV çətinlik dərəcəsi isə yalnız istedadlı şagirdlər üçün nəzərdə tutulub. Səviyyələr üzrə tapşırıqların çəkisi isə aşağıdakı kimi müəyyənləşdirilib:

-səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 20 %-i (20 bal);

-II səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 30 %-i (30 bal);

-III səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 30%-i (30 bal);

-IV səviyyə tapşırıqlar isə bütün tapşırıqların 20 %-i (20 bal).

Səviyyələr nəyə əsasən müəyyənləşir?

Sualların çətinlik dərəcəsi aşağıdakı meyarlar üzrə müəyyənləşdirilir:

İlk çətinlik səviyyəsinə asan tapşırıqlar aiddir. Burada dərs ili müddətində alınmış məlumatın yada salınmasını tələb edən, terminlərlə bağlı biliklərin üzə çıxarılması ilə bağlı suallar nəzərdə tutulur.

II çətinlik səviyyəsinə asana yaxın orta səviyyəli suallar aiddir. Burada çoxlu sayda terminlərdən istifadəni tələb edən suallar daxildir. Həmçinin, müəyyən hadisə və qanunauyğunluqların qəbulu, onlar arasında səbəb nəticə əlaqələrinin müəyyənləşdirilməsi, izahetmə bacarığı, məntiqi nəticəçıxarma qabiliyyətinin yoxlanmasına xidmət edən suallar aiddir.

Bu səviyyə üçün neçə tapşırıq nəzərdə tutulmasından asılı olmayaraq, onların hər birinə verilən maksimal balların cəmi 30 olmalıdır.

III çətinlik səviyyəsinə çətinə yaxın, orta səviyyəli tapşırıqlar daxildir. Bu suallar terminlərdə çox sayda istifadəni nəzərdə tutub, yüksək təhlil, məntiqi düşünmə, nəticəçıxarma qabiliyyəti də tələb edir.

IV səviyyəyə isə çətin sual və tapşırıqlar aiddir. Bura çətin terminlərdə istifadə, müəyyən qanunauyğunluqlara izahvermə,proqnozlaşdırma qabiliyyəti, yaradıcı təfəkkürə əsaslanan biliklərdən istifadə, orijinal üsullarla məsələ həlli, yeni situasiyalarda hesablama bacarığı tələb edən  tapşırıqlar aiddir.

Bəs qiymətləndirmədə hər sualın şagirdə neçə bal qazandırması nəyə əsasən müəyyənləşdirilir?

Summativqiymətləndirmədə səviyyələrüzrə verilən tapşırıqların sayı və hər suala verilən balla bağlı nümunəyə baxaq:

Tutaq ki, sualların ümumi sayı 20-dir və hər səviyyəüzrə tapşırıqlar aşağıdakı kimi paylanıb:

I səviyyə üzrə 8, II 6, III 4, IV səviyyə üzrə isə 2 tapşırıq.

Bu halda səviyyələr üzrə hər tapşırığa verilən balları belə müəyyənləşdirmək olar:

Yuxarıda qeyd olunduğu kimi, I səviyyə üzrə tapşırıqlar maksimal 20 bal gətirə bildiyinə və səviyyə üzrə 8 sual olduğuna görə, 2 + 2 + 2 + 2 + 3 + 3 + 3 + 3 =20 bal. Bu nümunədə aydın olduğu kimi I səviyyəyə aid olan tapşırıqların 4-ü 2, 4-ü isə 3 bal gətirdi. Yəni, nəticədə I səviyyə üzrə toplam 8 tapşırığa 20 bal hesablandı.

II səviyyə üzrə tapşırıqlar toplam 30 bal gətirə bilər. Nümunədə bu səviyyə üzrə 6 sual nəzərdə tutulduğuna görə,  hər tapşırıq 30 : 6 = 5 bal gətirəcək.

III səviyyəyə aid olan tapşırıqlar da cəmi 30 bal gətirməlidir. Bu səviyyə üzrə nümunədə 4 sual nəzərdə tutulduğundan iki sual 7, ikisi isə 8 olmaqla 30 bal gətirəcək: 7 + 7 + 8 + 8 =30 bal.

IV səviyyə isə cəmi 20 bal gətirə bilər və nümunədə bu səviyyəyə aid 2 sual nəzərdə tutulub. Deməli hər sual 20 : 2 = 10 bal gətirəcək.

Nümunədən göründüyü kimi səviyyə çətinləşdikcə sual sayının azalması və ona verilən balın artması məntiqə uyğundur. Amma qeyd edək ki, bu, sadəcə nümunədir və hər suala veriləcək bal nümunədə göstərilən qaydada səviyyəyə verilən ümumi bal və  həmin səviyyənin sual sayına uyğun müəyyən edilməlidir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları