ARTİ-nin Elmi-Pedaqoji Tədqiqatlar Mərkəzi “Narkotik vasitələrin qeyri-tibbi qəbulunun qarşısının alınması istiqamətində maarifləndirmə işinin səmərəli təşkili məqsədilə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi imkanlarının araşdırılması” mövzusunda tədqiqat işini davam etdirir.
ARTİ-dən AzEdu.az-a verilən məlumata görə, tədqiqatın əsas məqsədi yeniyetmələr arasında narkotik vasitələrin qeyri-tibbi istifadəsinin qarşısının alınması sahəsində mövcud vəziyyətin öyrənilməsi, risk amillərinin müəyyənləşdirilməsi, beynəlxalq təcrübədə tətbiq olunan profilaktik yanaşmaların təhlili və yerli təhsil mühitində tətbiqi imkanlarının araşdırılmasıdır.
Tədqiqat çərçivəsində Lənkəran, Şəki və Tovuz rayonlarının ümumtəhsil müəssisələrində 180 nəfər şagird, 75 nəfər valideyn, 75 nəfər müəllim və 4 nəfər məktəb psixoloqu sorğuya cəlb edilib. Maarifləndirici görüşlər zamanı iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb, mövzu ilə bağlı fikir və təklifləri dinlənilib. Xüsusilə, yeniyetmələrin riskli davranışlardan qorunması, sağlam həyat tərzinin təşviqi və ailə-məktəb əməkdaşlığının gücləndirilməsi istiqamətində məlumatlandırma işləri həyata keçirilib. Şagirdlərə narkotik vasitələrin istifadəsinin yaratdığı fiziki, psixoloji və sosial risklər, bu istiqamətdə profilaktik tədbirlərin əhəmiyyəti, eləcə də beynəlxalq təcrübədə tətbiq olunan səmərəli müdaxilə modelləri barədə məlumat verilib.
Narkomaniya əleyhinə müəllim-şagird-valideyn əməkdaşlığını gücləndirən maarifləndirici tədbirlər davam etdiriləcək.