Azedu.az

Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar” kitabı təqdim edilib

Təhsil Nazirliyi

23 Aprel 2026, 12:25
Qlobal təhsil təcrübələrini birləşdirən “Yeni çağırışlar” kitabı təqdim edilib

ADA Universitetində “Yeni çağırışlar” kitabının təqdimat mərasimi keçirilib.

AzEdu.az xəbər verir ki, təqdimat mərasimində elm və təhsil nazirinin müavini Kənan Kərimzadə, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, ictimai xadimlər, məktəb direktorları, müəllimlər və digər qonaqlar iştirak ediblər.

“Yeni çağırışlar” kitabının müəllifi, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının rəhbəri Cəfər Mənsimi salamlama nitqi ilə çıxış edərək bildirib ki, kitabda dünyanın aparıcı təhsil mütəxəssisləri ilə aktual mövzuları əhatə edən müsahibələr yer alır. Cəfər Mənsiminin sözlərinə görə, geniş oxucu kütləsi üçün nəzərdə tutulan “Yeni çağırışlar” kitabında təhsildə köklü dəyişikliklər üçün yol xəritəsi təqdim olunur, daha təhsilli gələcək naminə diqqətəlayiq təcrübələr və dünya standartları əksini tapır.

Kitabda təhsildə dünya standartları və liderlik, effektiv öyrənmə mühiti, rəqəmsal dünyada öyrənmə, yaradıcı məktəblər, qiymətləndirmə, ömürboyu öyrənmə və yeni səriştələr, təhsilin gələcəyi, yeni dövrün öyrənmə mədəniyyəti, müəllim nüfuzu və digər mövzulara toxunulur.

Tədbirə evsahibliyi edən ADA Universitetinin prorektoru Vəfa Kazdal çıxışında kitabın qlobal təhsil fəlsəfəsini özündə ehtiva etdiyini və müsahibələrin praktik baxımdan dəyərli dərslər təqdim etdiyini diqqətə çatdırıb. 

Çıxış edən nazir müavini Kənan Kərimzadə bildirib ki, “Yeni çağırışlar” kitabı müasir təhsil mühitində baş verən transformasiyaları daha dərindən anlamaq üçün əhəmiyyətli platforma rolunu oynayır. Onun sözlərinə görə, kitab oxuculara dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu universitetlərin təcrübəsi, qabaqcıl pedaqoji yanaşmaları və liderlik modelləri ilə tanış olmaq imkanı yaradır.

Nazir müavini vurğulayıb ki, nəşr yalnız nəzəri baxışları deyil, eyni zamanda praktik yanaşmaları da özündə birləşdirərək Azərbaycan təhsil sistemində həyata keçirilən islahatlara dəyərli töhfə verir. Kənan Kərimzadə bildirib ki, “Yeni çağırışlar” təhsilin gələcəyinə dair strateji baxışın formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir və bu istiqamətdə düşünən hər bir təhsil iştirakçısı üçün faydalı mənbədir.

Millət vəkili Ceyhun Məmmədov, UNEC-in rektoru Ədalət Muradov, Əməkdar elm xadimi Şahlar Əsgərov və Əməkdar müəllim Asif Cahangirov çıxışlarında kitabın yeni səriştələr, təhsilin gələcəyi, öyrənmə mədəniyyəti və müəllim nüfuzu kimi mühüm mövzuları əhatə etdiyini qeyd edərək onu təhsil sahəsində baş verən dəyişikliklərin göstəricisi kimi dəyərləndiriblər.

Qeyd edək ki, kitab Elm və Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsində canlı yayımlanan “Yeni çağırışlar” müzakirə proqramı əsasında hazırlanıb. Kitabın ön sözü İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Təhsil və bacarıqlar üzrə direktoru, PISA - Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramının yaradıcısı Andreas Şleyxer tərəfindən yazılıb. 

Kitabdakı müsahiblər sırasında təhsil nazirləri, dünyanın ən yüksək reytinqli ali təhsil müəssisələrindən olan Massaçusets Texnologiya İnstitutu, Harvard, Stenford, Toronto və digər universitetlərin professorları, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, Dünya Bankı, “Coursera”, “Khan Academy”, “edX”, Bill və Melinda Geyts Fondu, Dünya Təhsil Forumu, “Microsoft” və UNICEF kimi qurumların rəhbər şəxsləri, həmçinin UNESCO-nun Təhsilin Gələcəyi Komissiyasının üzvləri, “Google” və “Apple” kimi nüfuzlu şirkətlərin mütəxəssisləri, bestseller müəllifləri və təhsil mütəfəkkirləri yer alırlar.

İran Azərbaycanı uşaqlarla hədələdi: Qadınlara da silah paylandı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox