https://www.zirve.edu.az/
01.04.2018 06:23
Orta məktəblərdə təkamül nəzəriyyəsi dərslərinə ehtiyac varmı? - Ekspert rəyi

“Uşaqlara mövcud nəzəriyyələr arasında öz seçimlərini edə bilmələri üçün imkan yaratmalıyıq”.

Bu sözləri sabiq TQDK sədri, Filologiya elmləri namizədi Vurğun Əyyub AzEDU-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, uşaqların müxtəlif nəzəriyyələrlə tanış olması müsbət haldır:

“Vaxt var idi, təkcə Darvinin təkamül nəzəriyyəsi tədris olunurdu. Bunu düzgün hesab etmirəm. Lakin Darvinlə yanaşı digər nəzəriyyələr də tədris olunursa, bu, məqsədəuyğundur. Qaldı ki, azərbaycan ailələrinin əksəriyyətinin müsəlman olmasına, hesab edirəm, elm heç bir halda insanlar üçün problem yaratmamalıdır. Yalnız bir nəzəriyyə ilə tanışlıq isə insanların hərtərəfli inkişafına mane olur. Uşaqlara mövcud nəzəriyyələr arasında öz seçimlərini edə bilmələri üçün imkan yaratmalıyıq”.

53c354c6-27ca-4afc-a449-26bbbc521d05.jpg

Məlumat üçün bildirək ki, 2017-2018-ci illər tədris ili ərzində Türkiyədə bəzi məktəblərin tədris planına Təkamül nəzəriyyəsi daxil edilməyəcək. Hazırda Azərbaycanda isə tarix və anatomiya dərsliklərində Təkamül nəzəriyyəsi ilə yanaşı, bir neçə nəzəriyyə uşaqlara tədris olunur.

Türkiyədə 1-ci, 5-ci və 9-cu siniflər üçün hazırlanan tədris proqramında həyata keçirilən köklü dəyişikliklər ciddi mübahisələrə səbəb olub. Darvinin insanın mənşəyini araşdıran Təkamül nəzəriyyəsi proqramdan çıxarılıb, bütün məktəblərə isə məscid və dəstnamaz almaq üçün yerlər quraşdırılması vacib kriteriya kimi qeyd olunub. Türkiyəli təhsil ekspertləri hökumətin bu addımını dünyəvi təhsilə zərbə kimi qiymətləndirir.

Qeyd edək ki, yeni tənzimləmə nəticəsində ibtidai məktəbdən 11-ci sinifə qədər 51 proqrama dəyişiklik edilib. Bu dəyişikliklər çərçivəsində Təkamül nəzəriyyəsi ilə yanaşı, Atatürklə bağlı bir neçə tarixi hadisələr də ixtisara salınıb. Əlavə olaraq, 7-ci sinif şagirdlərinə "cihad" anlayışının izahına dair olan materiallar yerləşdirilib.