Dünya üzrə ən nüfuzlu universitetlərdə təhsil alan azərbaycanlı tələbələrin sayı və ixtisas seçimi maraq doğuran mövzulardandır.
Azərbaycanlı neçə tələbə hazırda Dövlət Proqramı çərçivəsində dünya üzrə TOP-10 universitetlərdə təhsil alır? Həmin tələbələr əsasən hansı ixtisas istiqamətləri üzrə təhsil alırlar?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı Dövlət Proqramı İdarəetmə Qrupuna (DPİQ) sorğu ünvanlayıb.
Sorğumuza cavab olaraq bildirilib ki, Dövlət Proqramı "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemlərinin hər biri üzrə illik dərc olunan nəticələri nəzərə alır:
“Sözügedən 3 beynəlxalq reytinq sistemi üzrə ümumilikdə “TOP 10” sıralamasına daxil olan 13 ali təhsil müəssisəsində Dövlət Proqramı çərçivəsində 255 tələbə təhsil alır.
Beynəlxalq reytinq sistemlərində dünyanın TOP 10 sıralamasına daxil olan universitetlərində Dövlət Proqramı çərçivəsində təhsilini davam etdirən tələbələrimizin təhsil aldıqları ixtisaslar arasında ilk onluq belədir: Maliyyə, hüquq, mühəndislik, dövlət idarəetməsi, informasiya texnologiyaları, təhsil, biznesin idarəedilməsi, fundamental və tətbiqi elmlər, iqtisadiyyat, statistika və verilənlərin təhlili
TOP 10 sıralamasına daxil olan universitetlərdə Dövlət Proqramı çərçivəsində bakalavriat təhsil səviyyəsi üzrə 39, magistratura üzrə 210, doktorantura səviyyəsi üzrə isə 6 nəfər təhsilini davam etdirir”.