Ötən gün Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 6 nəfər 11-ci sinif şagirdi dünya üzrə reytinq cədvəlində ilk yerlərdə olan nüfuzlu universitetlərə qəbul olublar.
Qəbul olunanlardan biri də Murad Əliyevdir.
O, Böyük Britaniyanın London İmperial Kollecinə qəbul olub.
AzEdu.az bu münasibətlə Muradla həmsöhbət olub.
O qeyd edib ki, xaricdə əldə etdiyi bilik və təcrübəni ölkəsinə gətirib tətbiq etmək istəyir:
“Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinfində təhsil alıram. Fizika və astronomiya üzrə yerli olimpiadalarda iştirak edirəm. Yaxın günlərdə “Imperial College London”, “University College London” və “University of Birmingham” kimi universitetlərdən təkliflər almışam.
Düzü, əvvəllər yerli universitetlərə hazırlaşmağı düşünürdüm. Əsasən ADA Universitetində təhsil almağı planlaşdırırdım. Lakin 7-ci sinifdə Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyində oxumağa başladıqdan sonra mühitim dəyişdi. Buradakı şagirdlərlə birlikdə olmaq və yuxarı siniflərdən xaricdə təhsil alan tələbələri görmək mənə böyük motivasiya verdi və onlar mənim üçün bir növ nümunəyə çevrildilər.
Beləliklə, akademik fəaliyyətlərimə daha ciddi yanaşmağa başladım. Daha sonra liseyimizdə təhsil alan yuxarı sinif şagirdləri ilə əlaqə saxlayaraq xaricdə təhsil prosesi haqqında daha ətraflı məlumat öyrəndim və SAT, IELTS imtahanlarına hazırlaşmağa başladım. SAT imtahanından 1600 bal üzərindən 1540 bal topladım. SAT nəticəsi müəyyən həddə qədər önəmlidir və təxminən 1470 baldan yuxarı nəticə əldə etdikdən sonra artıq yaxşı universitetlərə qəbul olmaq mümkün olur. IELTS imtahanından isə 9 bal üzərindən 7.5 nəticə əldə etdim. Ümumiyyətlə, 7 baldan yuxarı nəticə əksər universitetlər üçün kifayət edir”.
Xarici universitetlərə qəbul zamanı yalnız imtahan nəticələri deyil, həm də şəxsi esselər böyük rol oynayır:
“Bununla yanaşı, universitetlərə qəbul zamanı yalnız imtahan nəticələri deyil, həm də şəxsi esselər böyük rol oynayır. İngiltərənin 5 universitetinə müraciət etmişdim. Əsas hədəfim isə “Imperial College London” idi. Çünki bu universitet dünya reytinqində çox yüksək yerlərdədir və mənim üçün prioritet idi. Digəri isə “University College London” idi. Əslində bəzi digər universitetlərə də müraciət etmişdim, lakin müəyyən texniki və ya şəxsi səbəblərə görə proses tam uğurlu olmadı. Yenə də istədiyim iki universitetdən qəbul almağım mənim üçün böyük sevincdir.
Qeyd etdiyim kimi, seçimim daha çox İngiltərə universitetləri olub. ABŞ-də isə təhsil almaq istəməmişəm. Çünki İngiltərədə təhsilin daha uyğun olduğunu düşündüm. Tanışlarımın da əksəriyyəti İngiltərədə təhsili daha çox tövsiyə edirdi. Digər tərəfdən, İngiltərədə bakalavr təhsili adətən 3 il davam edir ki, bu da mənim üçün üstünlükdür. ABŞ-də isə bu müddət daha uzundur.
Universitetdən qəbul aldığım xəbəri ilk dəfə görəndə buna inanmaqda çətinlik çəkdim. Daha sonra isə ailəmə məlumat verdim. Bu sevinci izah etmək mümkün deyil. Lakin İngiltərə universitetləri təqaüd vermir. Buna görə də dövlət proqramına müraciət edəcəyəm”.
Xaricdə təhsil almağın onun üçün şəxsi inkişaf baxımından böyük bir addım olacağını bildirib:
“Ailədən uzaqda yaşamaq müəyyən çətinliklər yaratsa da, buna qismən hazırlaşmışam. Çünki ölkəmizdə bir neçə dəfə kamplarda iştirak etmişəm. Yəni ailəmdən az da olsa uzaq qalmışam. Lakin xaricə getmək daha böyük bir sınaq olacaq, çünki həm məsuliyyət artacaq, həm də daha uzun müddət ailədən ayrı qalmalı olacağam. Amma bu yol mənim üçün həm akademik, həm də şəxsi inkişafım üçün böyük bir təcrübə olacaq.
Gələcəkdə bakalavr təhsilini bitirdikdən sonra magistratura üçün yenidən xaricdə oxumağı düşünürəm. Amma hələ ki, dəqiq seçimim yoxdur. Mən əsasən elektrik-elektronika mühəndisliyi və enerji sahəsi ilə maraqlanıram. Məqsədim isə xaricdə təhsil aldıqdan sonra Azərbaycana qayıdaraq öz sahəm üzrə töhfə verməkdir. Düşünürəm ki, bu sahə gələcək üçün çox vacibdir və Azərbaycanın da enerji sektorunda inkişaf etmək üçün böyük potensialı var. Bu baxımdan, xaricdə əldə etdiyim bilik və təcrübəni ölkəmə gətirib tətbiq etmək istəyirəm”.
O, seçiminin niyə İngiltərə olduğunu isə belə izah edib:
“Yeni mühitə uyğunlaşmaq, yeni insanlarla tanış olmaq və fərqli cəmiyyətlərdə yaşamaq insanı daha da inkişaf etdirir. Mən artıq müəyyən qədər yeni mühitlərə uyğunlaşma təcrübəsi qazandığım üçün düşünürəm ki, bu proses mənim üçün o qədər də çətin olmayacaq. Həmçinin, xaricdə təhsil alan azərbaycanlılarla da əlaqə yaradaraq onların tövsiyələrini dinləyirəm. Fikrimcə, başqa mühitdə olmaq, yeni insanlar tanımaq, ünsiyyətdə olmaq mənim üçün çətin olmayacaq.
Ətrafımda Asiya ölkələrinə gedəcək uşaqlar var. Düzü, mənim seçimimin İngiltərə olmasının bir səbəbi də ölkə olaraq o qədər də fərqliliklərin olmamasıdır. Çünki Asiya ölkələrinin yemək mədəniyyətinin fərqli olması mənə çətinlik yaradacağını düşündüm”.
Xaricdə təhsil prosesi çətin görünsə də, əslində çox maraqlı və inkişafetdirici bir yol olduğunu qeyd edib:
“Uğursuzluqlarla qarşılaşdıqda motivasiyamı itirməməyə çalışırdım. Düşünürəm ki, uğursuzluqlar insanın inkişafı üçün vacibdir, çünki onlar bizə təcrübə qazandırır və gələcəkdə daha düzgün addımlar atmağımıza kömək edir.
Məsələn, təhsil həyatımda bəzi uğursuzluqlarım olub. Xüsusilə olimpiada və akademik yarışlarda istədiyim nəticəni bəzən əldə edə bilməmişəm. Amma bu məni ruhdan salmaq əvəzinə, əksinə, öz üzərimdə daha çox işləməyə sövq edib. Bu cür hallarda əsas etdiyim şey hazırlıq prosesimi analiz etmək olub. Harada səhv etdiyimi anlamağa çalışmışam və bu səhvləri aradan qaldırmaq üçün daha sistemli şəkildə çalışmağa başlamışam. Əvvəllər bəzən plansız və sistemsiz hazırlaşırdım, lakin sonradan bunun effektiv olmadığını başa düşdüm və dərslərimi daha planlı şəkildə öyrənməyə başladım. Bu da nəticələrimin yaxşılaşmasına səbəb olub.
Deyə bilərəm ki, xaricdə təhsil prosesi çətin görünsə də, əslində çox maraqlı və inkişafetdirici bir yoldur. Xüsusilə esse yazmaq prosesi insanın özünü daha yaxşı tanımasına kömək edir. Bu zaman insan həm öz məqsədlərini, həm də gələcək planlarını daha aydın şəkildə formalaşdırır.
Düşünürəm ki, əgər şagirdlərin xaricdə təhsil almaq istəyi varsa və ailələri də onları dəstəkləyirsə, bu məqsəddən vaz keçməməlidirlər. Qarşılarına çətinliklər çıxsa belə, bu onları daha güclü edir və sonda istədikləri nəticəyə çatmaq ehtimalını artırır. Əsas odur ki, insan öz məqsədini dəqiq müəyyənləşdirsin və ona doğru davamlı şəkildə çalışsın. Bu halda uğur əldə etmək mümkündür”.
Sinif yoldaşlarımın qəbul xəbərinə öz uğurum qədər sevindim:
“Sonda qeyd etmək istəyirəm ki, liseyimizin nüfuzlu universitetlərə qəbul alan 6 şagirdindən biri olmaq qürurvericidir. Biz bu təhsil yolunda birlikdə hazırlaşmışıq. Onların qəbul xəbəri alanda mən öz nəticəm qədər sevindim. Düşünürəm ki, onlar da mənim uğuruma eyni dərəcədə sevindilər. Çünki biz bu yolda bir komanda kimi çalışmışıq, bir-birimizdən öyrənmişik və bir-birimizi daim motivasiya etmişik".