Tələbələr və ümumilikdə cəmiyyət üçün maraq doğuran məqamlardan biri də rektorların oxuduqları kitablar, sevdikləri janrlar və hansı ölkə ədəbiyyatına üstünlük vermələridir.
Maraqlıdır, rektorların sonuncu oxuduğu kitab hansıdır? Hansı janrda kitablara üstünlük verirlər? Azərbaycan və dünya ədəbiyyatından sevdiyi əsərlər hansılardır? Şəxsi kitabxanaları varmı?
AzEdu.az mövzu ilə bağlı universitetlər arasına sorğu keçirib.
Sorğumuza cavab olaraq bildirilib ki, Sumqayıt Dövlət Universitetinin rektoru v.i.e. Əminağa Sadıqov mütəmadi olaraq həm Azərbaycan, həm də dünya ədəbiyyatına müraciət edir.
Rektorun sonuncu oxuduğu kitab Məhkəmə (müəllif: Frans Kafka) olmuşdur.
Sevdiyi əsərlər sırasında Azərbaycan ədəbiyyatından Ölülər (Cəlil Məmmədquluzadə), Qılınc və qələm (Məmməd Səid Ordubadi), Dəli Kür (İsmayıl Şıxlı), Ağ liman (Anar Rzayev), Mahmud və Məryəm (Elçin Əfəndiyev) xüsusi yer tutur.
Dünya ədəbiyyatından isə Fyodor Dostoyevskinin Cinayət və cəza, Karamazov qardaşları və Bəyaz gecələr, Mixail Bulqakovun Master və Marqarita, Lev Tolstoyun Anna Karenina, Qabriel Qarsia Markesin Yüz ilin tənhalığı və Hermann Hessenin Yalquzaq kimi əsərləri üstünlük verdiyi nümunələr sırasındadır.
Bununla yanaşı, rektorun şəxsi kitabxanası mövcuddur və burada əsasən riyaziyyat, fizika, texnika və informatika sahələrinə dair elmi ədəbiyyat üstünlük təşkil edir.
Mingəçevir Dövlət Universitetinin (MDU) İctimaiyyətlə əlaqələr və marketinq şöbəsindən sorğumuza cavab olaraq bildirilib ki, rektor Anar Eminovun ən son bitirdiyi kitab universitetin inklüziv, əlilliyi olan tələbəsi olan Nurməhəmməd İsmayıllıya məxsus "Sınmayan iradə: Üfüqdə parlayan işıq" kitabıdır.
Kitab Mingəçevir Dövlər Universitetin Ömürboyu Təhsil Məktəbinin təşəbbüsü və dəstəyi ilə çap olunub.
Rektorun hazırda oxuduğu kitab isə britaniyalı yazıçı Qrem Uilsonun müəllifi olduğu "Revival of Karabakh: The Story of Azerbaijan's Renaissance" kitabını oxuyur.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudova hər gün mütaliə ilə məşğul olur.
O, Azərbaycan və rus dilində klassik və müasir bədii ədəbiyyatı oxuyur. Özünün çox zəngin kitabxanası olan rektorun əsas marağı isə tarixi kitablaradır. Tarixi kitabları çox sevir.
Ən son oxuduğu kitab Asif Rüstəmlinin "Cəfər Cabbarlı" kitabıdır.
Hazırda isə Cəfər Cəfərovun "Azərbaycan tarixi" kitabını oxuyur.
Bakı Avrasiya Universitetinin (BAAU) rektoru Səyavuş Qasımov daha çox tarixi sənədli janrlara üstünlük verir.
Rektorun sonuncu oxuduğu kitab Daniel James Rowley and Herbert Sherman - From Strategy to Change: Implementing the Plan in Higher Education olub.
Azərbaycan ədəbiyyatından isə ən sevdiyi kitab Məmməd Səid Ordubadi - Dumanlı Təbrizdir.
Azərbaycan Universitetinin rektori Səadət Əliyeva mütaliəni şəxsi və peşəkar inkişafın, mənəvi aləmin zənginləşməsinin vacib hissəsi hesab edir və mütəmadi olaraq müxtəlif janrlarda əsərlər oxuyur. Xüsusilə peşəkar inkişaf mövzusunda ədəbiyyata üstünlük verir.
Napoleon Hillin 1937-ci ildə qələmə aldığı “ Think and Grow Rich” adlı məşhur klassik əsərin təzə variantı; Boris Tenenbaumun XX əsrin ən mühüm siyasi fiqurlarından biri olan Winston Churchillin həyat və fəaliyyətinə həsr olunmuş “Böyük Çörçill” kitabı; müəllifi Brene Brown olan müasir liderlik yanaşmalarını fərqli aspektdən təqdim edən “Dare to Lead” kitabı; Mikhael Krogerus və Roman Tschappelerin “The Communication Book” rektorumuzun son dövrlərdə oxuduğu kitablardır.
Azərbaycan və dünya ədəbiyyatına gəldikdə isə, rektorumuz həm yerli, həm də xarici ədəbiyyatı oxuyur. Sevdiyi müəlliflər arasında Məhəmməd Füzuli, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir xüsusi yer tutur.
Bununla yanaşı, rektorumuzun şəxsi kitab kolleksiyası mövcuddur və bu kolleksiya əsasən klassik və müasir Azərbaycan və dünya ədəbiyyatı, bədii əsərlər, elmi-populyar və akademik nəşrlər, ensiklopediyalar, humanitar və ictimai elmlərə dair tədqiqat əsərləri, idarəetmə və liderlik mövzulu ədəbiyyat, eləcə də müxtəlif sahələri əhatə edən peşəkar və inkişaf yönümlü nəşrlər kimi istiqamətlərdə olduqca zəngindir.