Azedu.az

Bal fərqi kiçikdir, maaş fərqi böyük - Sertifikasiyada ədalətli artım necə olmalıdır?

Sertifikasiya

10 Aprel 2026, 14:12
Bal fərqi kiçikdir, maaş fərqi böyük - Sertifikasiyada ədalətli artım necə olmalıdır?

Müəllimlərin sertifikatlaşdırılması nəticələrinə əsasən əməkhaqqına tətbiq olunan 10%-dən 35%-ə qədər artım mexanizmi bütün fənlər üzrə eyni qaydada tətbiq olunur. Lakin müxtəlif fənlərin məzmun çətinliyi, qiymətləndirmə spesifikası və tələb olunan analitik bacarıqlar səviyyəsi fərqlidir. 

Bu baxımdan, musiqi, texnologiya və fiziki tərbiyə kimi daha çox praktik bacarıqlara əsaslanan fənn müəllimləri ilə riyaziyyat, fizika, kimya və tarix kimi yüksək nəzəri və analitik yük tələb edən fənn müəllimlərinə eyni faiz artımının tətbiqi nə dərəcədə ədalətli hesab oluna bilər? 

Mövzu ilə bağlı AzEdu.az-a təhsil eksperti Ramin Nurəliyev açıqlama verib.

O qeyd edib ki, 49 balla 51 bal arasında cəmi 2 bal fərq olsa da, bu, əməkhaqqında ciddi fərqlərə və disbalansa səbəb olur. Sistem elə tənzimlənməlidir ki, hər bir balın dəyəri ədalətli şəkildə öz əksini tapsın:



"Sertifikasiya imtahanı nəticələrinə əsasən müəllimlərin əməkhaqlarına 10% və 35% aralığında əlavə ödənişlər tətbiq olunur. Təbii ki, bu artımın miqdarı imtahan nəticələrindən asılıdır.

Mən bu əlavə ödəniş sisteminin tam tərəfdarı deyiləm. Çünki hazırda 60 ballıq qiymətləndirmə sistemi mövcuddur və bu sistemdə 30-50 bal aralığında 10%, 50-60 bal aralığında isə 35% əlavə əməkhaqqı tətbiq edilir.

Düşünmək lazımdır ki, 49 balla 51 bal arasında cəmi 2 bal fərq olsa da, bu, əməkhaqqında ciddi fərqlərə və müəyyən disbalansa səbəb olur. Mən hesab edirəm ki, bu yanaşma yenidən tənzimlənməlidir. Məsələn, 30-40 bal aralığı üçün 10%, 40-50 bal aralığı üçün isə fərqli mərhələli artım tətbiq oluna bilər. Mən bu mövzu ilə bağlı özüm də bir cədvəl hazırlamışam.

Bu yanaşma bal fərqlərinə uyğun daha ədalətli bölgünü təmin etməyi hədəfləyir.

30-35 bal aralığında olan müəllimlər sertifikasiyadan keçmiş hesab olunur və onların əmək haqqı stabil saxlanılır, əlavə faiz tətbiq edilmir. 36-40 bal aralığında isə müəllimlərə vahid olaraq 15 faiz əlavə verilir.

41-50 bal aralığında hər əlavə bala görə 1 faiz artım tətbiq olunur. Bu, 41 bal üçün 16 faizdən başlayaraq 50 bal üçün 25 faizə qədər yüksəlir. 51-60 bal aralığında isə daha yüksək nəticələr üçün hər bala görə 2 faiz artım nəzərdə tutulur və bu artım 51 bal üçün 27 faizdən başlayaraq 60 bal üçün 45 faizə qədər davam edir".

Müəllimlərin hüquqları bərabərdir və hər biri eyni 40 dəqiqəlik dərsə girir. Ona görə də sertifikasiya artımı fənnə görə deyil, bütün müəllimlərə eyni prinsiplə tətbiq olunmalıdır:

"Müzakirə olunan mövzulardan biri bəzi, xüsusilə də aparıcı fənlərlə yanaşı, rəsm, idman, musiqi və sair kimi fənlər üzrə sertifikasiya imtahanında əməkhaqqına əlavələrin eyni qaydada tətbiq olunmasının nə dərəcədə ədalətli olmasıdır.

Mən hesab edirəm ki, burada fərqləndirmə aparmaq doğru yanaşma deyil. Çünki həmin müəllim də, əlbəttə ki, fənn müəllimidir, universitet bitirib, dörd il təhsil alıb və eyni şəkildə orta ümumtəhsil məktəblərində verilən dərs saatı çərçivəsində tədris prosesinə cəlb olunur. Yəni o da 40 dəqiqə dərsə girir, digər müəllim də 40 dəqiqə dərsə.

Bəli, bəzi fənn müəllimlərinin məsuliyyəti bir qədər daha yüksək ola bilər, çünki onlar universitetə hazırlaşan şagirdlərə müəyyən bilik və bacarıqları ötürürlər. Lakin nəzərə almaq lazımdır ki, idmana hazırlaşan uşaqlar da orta ümumtəhsil məktəbində var, musiqiyə hazırlaşan uşaqlar da var, dizayn və təsviri incəsənət istiqamətinə yönələn şagirdlər də mövcuddur. Yəni bu müəllimlərin də həmin istiqamətlər üzrə müəyyən rolu var.

Ona görə də mən bunu ədalətli hesab etmirəm ki, fizika, kimya, riyaziyyat müəllimlərinə sertifikasiya nəticəsinə əsasən daha yüksək məbləğ, digər fənn müəllimlərinə isə daha aşağı məbləğ tətbiq olunsun. Faiz məsələsində belə bir fərqləndirmənin formalaşdırılması həm ictimaiyyətdə müəyyən narahatlıqlar yarada bilər, həm də müəllimlər arasında bərabərlik prinsipinə mənfi təsir göstərə bilər və bu da müəyyən fəsadlara yol aça bilər.

Ona görə də bütün müəllimlər eyni kateqoriyada qiymətləndirilməlidir. Çünki bir müəllim sertifikasiyaya daxil olur, digər müəllim daxil olmur, yaxud daxil olsa belə nəticə əldə etmək asan olmur. Hər bir fənnin özünəməxsus ağırlıq dərəcəsi və çətinlik səviyyəsi var.

Yəni müəllim əziyyət çəkib sertifikasiya imtahanına girir və yüksək nəticə əldə edirsə, əlbəttə ki, digər fənn müəllimləri ilə yanaşı o da eyni prinsiplə qiymətləndirilməlidir. Bu, fizika müəllimi də ola bilər, fiziki tərbiyə müəllimi də, rəsm müəllimi də, fərqi yoxdur. Yəni ədalətli yanaşma hazırda tətbiq olunan prinsipdir: bütün fənn müəllimlərinə eyni gözlə baxılması və sertifikasiya nəticələrinə əsasən əməkhaqqına əlavələrin tətbiq olunması.

Burada ədalətsiz kimi görünən əsas məqam 10%-35% aralığıdır. Yəni burada kifayət qədər böyük bir fərq var və bunun tənzimlənməsi daha ədalətli yanaşma olar. Amma ümumilikdə müəllimlərin fənnə və ixtisasa görə fərqləndirilməsi doğru yanaşma deyil, bərabərliyi təmin etmir.

Çünki müəllimlərin hüquqları bərabərdir. Bu bərabər hüquqları təmin etmək üçün bütün müəllimlərə eyni yanaşmanın tətbiq olunması və eyni tələblərin qoyulması hesab edirəm ki, ən doğru və optimal variantdır".

Ərdoğandan Pezeşkiana KRİTİK DƏSTƏK - Hər şeyə hazırıq!
Son xəbərlərDaha çox