Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-12 16:30:00
Türkiyədə Azərbaycan dilində tədris aparan orta məktəbdən VİDEOREPORTAJ

Türkiyədə qeydiyyatsız yaşayan azərbaycanlıların uşaqlarının təhsil aldığı orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. 

AzEdu.az xəbər verir ki, bu barədə "Report"un Türkiyə bürosuna həmin məktəbin direktoru Şərqiyyə Məmmədova məlumat verib. 

Onun sözlərinə görə, Hüseyin Cavid adına orta ümumtəhsil məktəbi iki ildir tədrisə başlayıb: "Biz bu məktəbi bir müddət əvvəl qurduğumuz Azərbaycan Təhsil, Mədəniyyət və Sosial Həmrəylik Dərnəyinin nəzdində təsis etmişik. Məktəbimiz 10 sinifdən ibarət olmaqla iki növbəli işləyir. Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəbimizin fəaliyyəti üçün dəstək versə də, uşaqların əksəriyyətinin Türkiyədə qeydiyyatının olmaması onun rəsmi status almasına imkan vermir. Biz 2013-cü ildən bu məsələnin həlli üçün çalışırıq. Təsəvvür edin, İstanbulda 28-30 yaş arası xeyli sayda azərbaycanlı var, ancaq onlar hərfləri belə tanımırlar, yazıb-oxuya bilmirlər. Yəni ailələrinin məsuliyyətsizliyi ucbatından bu uşaqlar təhsildən kənarda qalıblar. Təbii ki, ən böyük problem bu insanların Türkiyədə heç bir qeydiyyatlarının olmamasıdır. Ancaq bu da bu qədər vətəndaşımızın Türkiyədə təhsilsiz böyüməsinə əsas vermir". 

Ş.Məmmədova şagirdləri qapı-qapı gəzərək topladıqlarını söyləyib: "Hazırda 250 şagirdi olan məktəbimizə müraciətlər çoxdur. Ancaq məktəbin yerləşdiriyi bina kiçik və əlavə sinif otaqları olmadığından onları məktəbə qəbul edə bilmirik. Tədris Azərbaycan dilində, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi proqramlarla həyata keçirilir. Təhsil Nazirliyi bizi pulsuz olaraq bütün kitablarla təmin edib, hər bir uşağın şəxşi işi var. Hətta bəzi uşaqlarımız ailəsi ilə bərabər Azərbaycana qayıtdılar və onlar Təhsil Nazirliyinin göstərişi ilə Vətəndə təhsillərini davam etdirə bildilər”.

Direktor məktəbi bitirən şagirdlərə attestatın verilib-verilməyəcəyinin məlum olmadığını da vurğulayıb: "Buna səbəb məktəbimizin nə Türkiyə, nə də Azərbaycan Təhsil nazirlikləri tərəfindən tanınmamasıdr. Yəni bizim ən böyük problemimiz bu məktəbin tam olaraq hər iki dövlət tərəfindən rəsmiləşməməsidir. Məktəbimizdə təhsil alan uşaqlardan bir çoxunun kimliyini təsdiqləyən, sadəcə, doğum şəhadətnaməsi mövcuddur. Onlar Türkiyədə rəsmi qeydiyyatda deyillər. Qarşımızda duran əsas məsələ bu problemi həll etməkdir. Bunun üçün isə əvvəlcə Azərbaycandan dəstək gözləyirik”.

Qeyd edək ki, hazırda Türkiyədə müxtəlif illərdə köç etmiş, ancaq qeydiyyatsız yaşayan 100 minə yaxın Azərbaycan vətəndaşının olduğu bildirilir. Onların sənədləri qaydasında olmadığından təhsil, səhiyyə də daxil olmaqla ölkədə heç bir xidmətdən yararlana bilmirlər. Bu baxımdan, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu və Diaspora ilə İş üzrə Dövlət Komitəsinin birgə əməkdaşlığı ilə Azərbaycan vətəndaşlarının qeydiyyatı aparılıb. Artıq onların pasport və digər sənədlərlə təmin oluması üçün zəruri işlər görülür.

Videonu təqdim edirik: