Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-08 09:15:00
“Summativlərlə bağlı yeniliklərin nəticə verəcəyini düşünmürəm” –Ekspert  

“İbtidai siniflərdə summativlərin yüngülləşdirilməsi istiqamətində  dəyişiklər müsbət addımdır. Amma ümumilikdə  qiymətləmdirmə  ilə bağlı daha əsaslı islahatların keçirilməsini zəruri hesab edirəm”.

Bu sözləri AzEdu.az-a təhsil  məsələləri üzrə mütəxəssis Elnur Hacıyev deyib. O summativ qiymətləndirmələrə edilən dəyişikliklərdən sonra hələ də qalan  natamamlıqlar barədə danışarkən deyib ki, islahatlar təfəkkürün inkişafına xidmət etməlidir:

“Bu tip dəyişiklərin  təhsilə  ciddi müsbət nəticələr verəcəyini düşünmürəm”

“Dəyişiklərdən biri əsasən ibtidai təhsil səviyyəsində təhsil alan şagirdlər üçün summativ qiymətləndirmənin tədris ili ərzində  sayının azaldılmasıdır. Ümumilikdə bu dəyişikliyi müsbət addım hesab etmək olar.  Kiçik yaşlı uşaqların davamlı olaraq qiymətləndirilməsi dünyanın yüksək təhsil sisteminə sahib inkişaf etmiş ölkələrində də müsbət qəbul olunmur. Amma bu tip dəyişiklərin  təhsilə  ciddi müsbət nəticələr verəcəyini düşünmürəm”.

“Daha əsaslı islahatların keçirilməsini zəruri hesab edirəm”

Ekspert  fikirlərini Azərbaycanda qiymətləndirmənin demək olar ki, sırf nəzəriyyə  üzərində  qurulması ilə əsaslandırıb:

“Biliklər üzərində  bacarıqların formalaşmasından isə sadəcə, danışırıq. Bu barədə dəyişiklik günün tələbidir. Məktəbdaxili qiymətləndirmədə bacarıqların qiymətləndirilməsi ilə bağlı əsaslı işlər görülməlidir. Summativ qiymətləndirmə üzrə test tapşırıqları tərtib edilərkən təfəkkürün inkişafı, bacarıqların yoxlanılması nə dərəcədə təmin edə bilir? Bu barədə təhsilverənlərə sualların tərtibi ilə bağlı metodik köməklik olunmalı, qiymətləndirmə standartları müəyyən olunarkən dövrün və zamanın tələbləri nəzərə alınmalıdır”.

Ekspert ibtidai siniflərdə summativlərin yüngülləşdirilməsi istiqamətində  dəyişiklikləri müsbət hesab etsə də, başqa islahatlara da ehtiyac gördüyünü bildirib: 

“Ümumilikdə  qiymətləmdirmə  ilə bağlı daha əsaslı islahatların keçirilməsini zəruri hesab edirəm. İslahatlarda bacarıqların yoxlanılması və təfəkkürün inkişafı istiqamətində işlər diqqət mərkəzində saxlanılmalıdır”.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları