Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-03-30 08:38:41
Dərslərin təxirə salınması ilə bağlı söylənənlər əsassızdır- BŞTİ

Sosial şəbəkələrdə qeyri sabit hava şəraiti ilə əlaqədar bəzi məktəblərdə dərslərin təxirə salınması ilə bağlı məlumatlar yayılıb.

Bakı Şəhər Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov AzEDU-ya açıqlamasında bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:

“Bakı şəhərində hava şəraitinin qeyri-sabit keçməsi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsməsi ilə əlaqədar ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb. Hava şəraitinin qeyri-sabit keçməsi və güclü küləyin əsməsi ilə bağlı bəzi valideynlərin övladlarını məktəbə göndərə bilməməsi səbəbindən paytaxtdakı ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti 75-90 faiz arasında dəyişir.
Bununla belə, paytaxtdakı ümumi təhsil müəssisələri təlim prosesini normal şəkildə davam etdirmək üçün tam hazırlıqlıdır. Təhsil Nazirliyinin 30-31 mart tarixlərində hava şəraiti ilə bağlı məlumatında qeyd olunduğu kimi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü (təhlükəli) şimal-qərb küləyinin əsəcəyi haqqında xəbərdarlıq edib. Bununla bağlı xüsusilə azyaşlı məktəblilərin valideynlərinə dərsə gedən övladlarını nəzarətdə saxlamaq, bütün şagirdlərə daha diqqətli olmaq tövsiyə edilib. Eyni zamanda, təhsil müəssisələrinin rəhbərlərinə göstərilən tarixlərdə müvafiq təhlükəsizlik tədbirlərinə xüsusi diqqət yetirmələri tapşırılıb”.

Nəzrin Rüstəmova