https://www.zirve.edu.az/
04.01.2019 15:59
III qrup abituriyentlərinin Ədəbiyyat  problemi – “İmtahana  hansı mövzuların düşəcəyi bilinmir, çünki...”

2019-cu ilin aprelində  XI siniflər üzrə buraxılış imtahanları keçiriləcək. Qəbul  qaydaları dəyişdirildiyindən  buraxılış  imtahanı qəbul imtahanının ilkin mərhələsi hesab olunur.

Buraxılış imtahanları üzrə proqram “Abituriyent”jurnalının xüsusi buraxılışında nəşr olunsa da, qəbul proqramı hələ də açıqlanmayıb. Bu, müəllimlər arasında həm çaşqınlığa, həm də narazılığa səbəb olub.

Narazılığın yaşandığı əsas məqamlardan biri  Ədəbiyyat fənni ilə bağlıdır.

Akademik  Zərifə Əliyeva  adına liseyin Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Bağırova AzEdu.az-a açıqlamasında bildirib ki, hazırda bütün müəllimlər eyni vəziyyətdədirlər:

“Proqram hələ nəşr olunmayıb. Sadəcə, Ədəbiyyat dərsliklərinin hamısını uşaqlara öyrədirik. Hansı mövzuların qəbula düşəcəyi ilə bağlı DİM heç bir məlumat verməyib. Bu da öz növbəsində müəyyən çətinliklər yaradır. Hamı eyni vəziyyətdədir. Buna baxmayaraq, bütün kitabları öyrənmək vacibdir. Ədəbiyyat nəzəriyyəsi problem yaratmır. Çünki nəzəriyyə tam olaraq keçirilir.Əsas məsələ, aşağı siniflərdən hansı mövzuların konkret olaraq qəbula düşəcəyidir ki, bu haqda da dəqiq məlumat yoxdur.  Sadəcə, bəzi özəl nəşriyyatlar mövzular seçib kitab şəklində nəşr ediblər”.

Günel Bağırova proqramın ortaq mövzular əsasında tərtib oluna biləcəyi qənaətindədir:

“Məsələn, X sinifdə “Dədə Qorqud”la bağlı material varsa, aşağı siniflərdə bu mövzuyla bağlı bütün keçirilənləri öyrədirik. Eyni zamanda, X və XI sinifdə tədris olunan müəlliflərin aşağı siniflərdə keçirilən əsərləri də proqramda yer ala bilər. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.

Azərbaycan dili və Ədəbiyyat müəllimi, Dövlət İmtahan Mərkəzinin eksperti Rəna Xəlilovanın sözlərinə görə, qəbul proqramları“Abituriyent”jurnalının 1-ci sayında, yanvar ayında çap olunur:

“Abituriyentlər X-XI siniflərdə hansı müəllifləri öyrənirlərsə, aşağı siniflərdə həmin müəlliflərin əsərlərini oxusunlar. Şagirlərimin heç bir çətinliyi yoxdur. Onlar I sinifdən üzü bəri kurikulum standartları əsasında müxtəlif sxem və diaqramlar üzrə işləyirlər. Qəbul imtahanlarına edilən yeniliklərin necə nəticələcəyini deyə bilmərəm, amma suallar kurikulum əsasında təhsil alanlar üçün yenilik hesab olunmamalıdır. Şagirdlər 11 ildir ki, bu sistemlə təhsil alırlar”.

Ədəbiyyat fənni üzrə qəbul proqramının V-XI sinif dərsliklərini əhatə etməsi xəbərini rəsmi formada təqdim etmişdik.

DİM-in mətbuat xidməti sorğumuza cavab olaraq Ədəbiyyat  fənni üzrə qəbul proqramının V-XI sinif dərsliklərini əhatə edəcəyini təsdiq etmiş və proqramın yaxın günlərdə elan olunacağı bildirilmişdi. Lakin xeyli müddət keçməsinə baxmayaraq, ixtisas qrupları üzrə qəbul proqramı hələ də çap olunmayıb.

DİM dekabrın əvvəllərində qəbul proqramının gecikdiriməsiylə bağlı sorğumuzu da cavablandırıb.

Rəsmi mövqeydə bildirilir ki, qəbul qaydalarının hüquqi cəhətdən təsdiqi bir neçə orqanla razılaşdırma aparıldıqdan sonra həyata keçirilir. Qəbul qaydaları  “Abituriyent” jurnalının 1-ci nömrəsində dərc olunur.

Məlumatda qeyd olunur ki, qəbul qaydaları təsdiq  edildikdən sonra “Abituriyent” jurnalının 1-ci nömrəsinin yanvar ayında dərc edilməsi nəzərdə tutulur.

Nəzərinizə çatdıraq ki, ötən ayın sonlarında Baş nazir Novruz Məmmədov “Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu Qaydaları”nda dəyişiklik edib. Yəni, rəsmi olaraq qəbul qaydaları dəyişdirilib və öz təsdiqini tapıb.

Qəbul qaydalarının da rəsmi olaraq təsdiqini tapdığını nəzərə alsaq, jurnalın yaxın günlər ərzində nəşr olunacağı gözləniləndir.

Məlumat üçün qeyd edək ki, 2019-cu ildə keçiriləcək qəbul imtahanları tamamilə yeni model əsasında təşkil olunacaq. Yeni modelə uyğun olaraq hər blokda 3 imtahan fənnin olması nəzərdə tutulub. Şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22 si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

 

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları