XƏBƏRLƏR

17.03.2018 11:24
“Azərbaycanın təhsil və elmi hazırda özünün intibah dövrünü yaşayır” - Macarıstanda çalışan gənc alim

AzEdu.az hazırda Macarıstanın Szent İstvan Univeristetinin Regional İqtisadiyyat və Aqrar Sahənin İnkişafı İnstitutunun doktorantı, gənc alim Raqif Hüseynovla müsahibəni təqdim edir:

- Öncə özünüz haqda ətraflı məlumat verin:

- Mən Hüseynov Raqif Tofiq oğlu 1 sentyabr 1984-cü ildə Gəncə şəhərində anadan olmuşam. 1991-2001-ci ildə Gəncə şəhəri M.Ş.Vazeh adına 16 saylı orta məktəbində oxumuşam, 2002-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrar İqdisadiyyat fakültəsinə qəbul olmuşam və 2006-cı ildə oranı bitirmişəm. 2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 2003-cü ilin dekabr ayının 25-də Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Yeni Azərbycan Partiyası Gənclər Birliyinin sədri seçilmiş və 2006-cı ilin iyul ayının 10-dək bu vəzifədə çalışmışam. Bu illər ərzində YAP-nın 3-cü Qurultayının, YAP Gənclər Birliyinin 2-ci Konfransının, Gənclərin 4-cü Forumunun iştirakçısı olmuşam. YAP Gənclər Birliyinin 2-ci Konfransında şura üzvü seçilmişəm. 2006-2007-ci ildə hərbi xidmətdə olmuşam. 2007-2008-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının nəzdində fəaliyyət göstərən Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin təşkil etdiyi “Menecment” ixtisasartırma kursunda təhsil almışam. 2008-2010-cu illərdə Gəncə şəhər Statistika İdarəsində aparıcı-iqdisadçı vəzifəsində çalışmışam. 2011-ci ildə Azərbaycan Dövlət Aqrar Univerisitetinin Aqrar İqtisadiyyat fakültəsinin “İnzibati idarəetmə və gömrük ekspertizası” ixtisası üzrə qiyabi əsaslarla magistratura pilləsinə qəbul olmuş və 2014-cü ildə həmin fakültəni uğurla başa vurmuşam. 2010-2015-ci illər ərzində Gəncə şəhər Xəzər Təhsil Mərkəzində direktor vəzifəsində, 2014-2015-ci illər ərzində Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının müəllimi vəzifəsində çalışmışam. 2014-cü ildən Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrar siyasət və dünya iqtisadiyyatı” kafedrasının dissertantıyam. 2015-2016-cı illər ərzində Erasmus Mundus proqramı çərçivəsində Polşanın paytaxtı Varşava şəhərində fəaliyyət göstərən Varşava Təbiət Elmləri Universitetinin İqtisadiyyat fakültəsində dissertasiya mövzum üzrə elmi tədqiqat işləri aparmışam. Dünyanın bir çox ölkələrində çap olunmuş 25 elmi məqalənin və 1 dərslik kitabın müəllifiyəm. Azərbaycanımızın tarixinin, mədəniyyətinin, elminin və iqtisadiyyatının eyni zamanda Qarabağ həqiqətlərinin dünyada tanıdılması istiqamətində Polşanın paytaxtı Varşavada 17.12.2015-ci il tarixində Gənc Alimlərinin 1-ci Beynəlxalq Elmi Konfransını, 02.12.2016-cı il tarixində Varşavada Gənc Alimlərinin 2-ci Beynəlxalq Elmi Konfransını  təşkil etmişəm. Ermənilər tərərfindən hər zaman Azərbaycan xalqına qarşı törədilən soyqrım faktlarını avropa ictimaiyyətinə çatdırılması istiqamətində 31.03.2016-cı il tarixində Varşava Texnologiya Universitetində  konfrans  təşkil etmişəm.
Hal-hazırda Tempus proqramı çərçivəsində Macarıstan Respublikasının Szent İstvan Univeristetinin Regional İqtisadiyyat və Aqrar Sahənin İnkişafı İnstitutunun doktorantıyam.

 rafiq huseynov3.jpg

- Macarıstanda hansı sahədə elmi araşdırma aparırsız?

- Doktorantura  pilləsi üzrə ixtisasım regioal iqtisadiyyatıdır. Buna görə də hal-hazırda dünyada qlobal problemlərdən olan Cənubi Qafqaz regionunda yerləşən Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar Szent İstvan Universitetində elmi tədqiqat aparıram. 

- Türkiyədə də bir neçə dəfə mükafatlara layiq görülmüsünüz...

- Türkiyə ikinci vətənimdir. Tarixən, Azərbaycan hər zaman Türkiyəni, Türkiyə isə Azərbaycanı dəstəkləyib və dəstəkləyəcək. Çünki biz bir millət iki dövlətik. 27 yanvar 2018-ci il tarixində İstanbulda təşkil edilən beynəlxalq mükafatlandırma mərasiminə dəvət olundum. Həmin tədbirdə  elm və təhsil sahəsindəki xidmətlərimə görə Əshabi-Kəhf Fondu tərəfindən beynəlxalq mükafatla təltif edildim.

6 mart 2018-ci il tarixində  türk dünyası mədəniyyət və incəsənətinə göstərdiyim xüsusi dəstəyə görə Türkiyədə fəaliyyət göstərən Avrasiya Sənət, Mədəniyyət və Ədəbiyyat Federasiyası tərəfindən təşəkkür plaketinə layiq görüldüm.

- Həm də geniş ictimai işlərlə məşğulsunuz. Bu, elmi yaradıcılığınıza nə dərəcədə mane olur?

- Elmi yaradıcılıqla və  eyni zamanda ictimai işlərlə məşğul olmaq üçün vaxtı dəqiq planlaşdırmaq lazımdır.

- 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan olunub. Bu istiqamətdə nə kimi işlər görürsüz?

- Cənab Prezidentimiz İlham Əliyevin imzaladığı bu sərəncam məni bir gənc vətənpərvər alim olaraq çox sevindirdi.  Bu istiqamətdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı  26 aprel 2018-ci il tarixində Macarıstanın nüfuzlu universitetlərindən biri olan Szent İstvan Universitetində, Azərbaycan Respublikasının Macarıstandakı Fövqəladə və Səlahiyyətli Səfirliyinin, Szent İstvan Universitetinin və Varşava Təbiət Elmləri Universitetinin birgə təşkilatçılığı ilə Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransını təşkil edəcəm. Konfransda dünyanın bir çox ölkələrindən olan gənc alim və tədqiqatçılar iştirak edəcəklər. Konfransın rəsmi açılış mərasimində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş ingilis dilində film nümayiş etdirilcək. Ümid edirəm və inanıram ki, 26 aprel 2018-ci il tarixində keçiriləcək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr etdiyim Gənc Alimlərin 3-cü Beynəlxalq Elmi Konfransı əvvəlki illərdə təşkil etdiyim konfranslar kimi uğurlu olacaqdır. 

rafiq huseynov4.jpg
- Azərbaycan elminin gələcəyi barəsində nə düşünürsüz?

- Ən qədim sivilizasiyalardan biri olan Azərbaycanda elmin zəngin tarixi ənənələri var. Azərbaycan alimləri əsrlər boyu antik dünya elmi irsinin müasir Avropaya çatdırılmasında yaxından iştirak edərək, onun Şərqlə Qərb arasında varislik əlaqələrinin qorunub saxlanılması işinə dəyərli töhfələr veriblər. Elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri dəyərli əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstəriblər. Bu gün Azərbaycanın iqtisadiyyat sektorunda olduğu kimi, elm, təhsil və mədəniyyət sahələrində də geniş inteqrasiya prosesləri müşahidə edilir. Dünyanın bir sıra ölkələri ilə elm və təhsil sahələrində əməkdaşlığımız möhkəmlənib. Alim, müəllim və tələbələrin mübadiləsi geniş vüsət alıb. Müasir mərhələdə mövcud intellektual potensialın zənginləşdirilməsi ehtiyacı respublikamızdakı elm və təhsil ocaqları ilə bərabər, xarici ölkələrdə kadr hazırlığı məsələsini aktuallaşdırıb. Xarici dilləri mükəmməl bilən, informasiya-kommunikasiya texnologiyaları ixtisaslarına yiyələnmiş və beynəlxalq diplomatik təcrübəni yaxşı mənimsəmiş yüksək hazırlıqlı mütəxəssislərə olan tələbatın ödənilməsi zərurəti artıb. Respublikanın inkişaf perspektivləri ictimai-iqtisadi və elmi-mədəni sahələrdə fəaliyyət göstərəcək kadrlar qarşısında müxtəlif dövlət qurumlarında, beynəlxalq təşkilatlarda, bank-maliyyə sistemində, eləcə də özəl sektorda çalışaraq Azərbaycanda idarəetmənin, mədəniyyətin, elmin, təhsilin və səhiyyənin müasir standartlara cavab verən yeni bir mərhələyə keçidini təmin etmək vəzifəsini qoyur. Bütün bunlar dünyanın qabaqcıl mötəbər təhsil ocaqlarında ölkəmiz üçün mütəxəssis hazırlanması zərurətini meydana gətirib. Bu gün alimlərimiz öz elmi araşdırmaları ilə Azərbaycanın inkişafına töhfə verirlər, onların elmi fəaliyyəti sayəsində müxtəlif sahələrdə ən müasir texnologiyalar tətbiq edilir. 9 noyabr 2015-ci il tarixində AMEA-nın 70 illik yubleyi təntənəli şəkildə qeyd edildi. Prezident İlham Əliyevin bu təntənəli yubileydə iştirakı hökumətimizin bir daha elmə olan xüsusi diqqət və qayğısını sübut etdi. 

- Elmimiz əsasən hansı istiqamətdə inkişaf edə bilər?

- Azərbaycanda hal-hazırda bütün elm sahələri öz intibah dövrünü yaşayır. Bu istiqamətdə görülən işlər gələcəkdə Azərbaycan elminə öz töhvəsini verəcək.

- Təhsillə elmin qarşılıqlı əlaqəsi cəmiyyətin inkişafı üçün nə dərəcədə vacibdir?

-Təhsillə elm bir-birilə sıx əlaqədə olan sahələrdir. Təhsili elmsiz, elmi isə təhsilsiz düşünmək qeyri-mümükündür. Hər ikisi birlikdə inkişaf etdikdə, cəmiyyətin sürətli inkişafına böyük təkan verir. Buna misal olaraq, dünyanın bir çox ölkələrinin adlarını çəkmək olar:  ABŞ, Almaniya, Fransa, İtaliya, Türkiyə, Böyük Britaniya, Rusiya, Çin, Finlandiya, İsveç, Norveç, Danimarka, Yaponya və s.

- Hazırda Macarıstanda təhsil alırsız. Macar təhsili ilə bizim təhsil sistemi arasında nə kimi fərqlər var?

- Yuxarıda qeyd etdim ki, Azərbaycan hazırda elm və təhsil sahəsi üzrə öz intibah düvrünü yaşayır. Və yaxın gələcəkdə Azərbaycan təhsili dünyanın inkişaf etmiş ölkələrinin standartlarına cavab verəcək. Və danılmaz faktdır ki, dünyanın ən inkişaf etmiş ölkərinin böyük hissəsi Avropa qitəsində yerləşir. Əlbəttə bu isə öz növbəsində bütün avropa qitəsində yerləşən ölkələrin elminin, təhsilinin, sənayesinin inkişafına öz təsirini göstərir.

 

İlin gənc müəllimi-Müraciət formu