XƏBƏRLƏR

29.05.2018 12:37
"Ali məktəblərdə təhsil əmək bazarının tələblərinə uyğun, səviyyədə deyil" - EKSPERT

“Dövlət qulluğuna imtahan verən iştirakçıların zəif nəticə göstərməsinin əsas problemi təhsil sistemində, əsasən də universitetlərimizdə bilik meyarının çox zəif olmasıdır. Yəni ali məktəblərdə təhsil əmək bazarının tələblərinə uyğun, müasir tələblər səviyyəsində deyil. Xoşagəlməz tendensiya odur ki, kifayət qədər yüksək bal toplayan və hətta prezident təqaüdünə layiq görülənlər məzun olduqdan sonra dövlət qulluğuna qəbul olunmaq üçün komissiyaya müraciət etmirlər”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı təhsil üzrə ekspert Kamran Əsədov deyib. O, müraciətçilərin sayının zamanla azalmasına təsir göstərən vacib məqamlardan danışıb:

“Birinci məqam işə qəbul imtahanlarında tərtib edilən test tapşırığının çətinliyidir. Testlərdə daha çox rəqəm, fakt tipli suallar tərtib edilir, nəticədə iştirakçılar müvəffəqiyyət əldə eddə bilmirlər. İkincisi, test imtahanını keçdikdən sonra belə, müsahibə mərhələsində müəyyən məmur və kənar təsirlərin olması müraciət edənlərdə inamı azaldır. Üçüncü, bəlkə də ən vacib nüans odur ki, dövlət idarələrində əməkhaqqının aşağı, iş saatının isə çox və ağır olmasıdır. Bu gün özəl xidmət sektorunda daha çox əməkhaqqı və gəlir əldə etmək mümkündür. Yəni gənclər ticarətdə, biznesdə pulun çox olduğunu görüb o istiqamətə yönəlirlər. Başqa bir məqam isə Dövlət qulluğu imtahanlarında iştirak etmək üçün tələb olunan imtahan pulunun – xidmət haqqının çox olmasıdır. Belə ki, ödəniş edib imtahanda uğursuz nəticə əldə etmək təhlükəsinə görə, gənclər iştirakdan imtina edirlər”.

Ekspert digər əsas problemin də müsahibə mərhələsi ilə bağlı olduğunu qeyd edib:

“Başqa bir problem isə bir çox hallarda namizədlərin potensiallarından yuxarı inzibati vəzifəyə maraq göstərməsi və nəticədə həmin vəzifəni tuta bilməməsi ilə şərtlənir. Bəzən namizədin normal təhsil səviyyəsi olsa da, o, müsahibəyə ciddi hazırlaşmır. Beləcə uğursuz hesab olunur”.

Qeyd edək ki, bir ildən çox fasilədən sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 noyabr 2017-ci il tarixindən etibarən dövlət qulluğuna qəbul imtahanları başlayıb. Əvvəlki illərdən fərqli olaraq DİM dövlət qulluğuna qəbulun formatında dəyişiklik edib və imtahanlar müəyyən qruplara uyğunlaşdırılıb. Dövlət qulluğunda işləmək üçün imtahanlarda iştirak edən şəxslərin təxminən 80%-i kənarda qalır. Keçid ballarının aşağı salınmasına baxmayaraq, vəzifəyə uyğun bilinənlər təxminən 20-30% arası olur.