Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-25 11:21:00
Müxtəlif fənlər üzrə dərsliklərin məzmunu müzakirə edilib

Dövlət İmtahan Mərkəzi (DİM) kimya, fizika, rus dili, biologiya, tarix, coğrafiya və riyaziyyat fənləri üzrə növbəti elmi-metodiki seminarlar keçirib.

AzEdu.az xəbər verir ki, kimya fənni üzrə seminarda 10‑cu sinif “Kimya”, fizika fənni üzrə seminarda 6-cı sinif “Fizika”, rus dili fənni üzrə seminarda 9-cu sinif “Russkiy yazık”, biologiya fənni üzrə seminarda 10-cu sinif “Biologiya”, tarix fənni üzrə seminarda 6-11-ci siniflər üçün “Tarix” və coğrafiya fənni üzrə seminarda “Coğrafiya” (6-11-ci sinif dərslikləri üzrə “Litosfer” bölməsi) dərslikləri məzmun, dil və yazı üslubu, dizayn və bədii tərtibat baxımından müzakirə edilib.

Müzakirələr nəticəsində dərsliklərdəki mübahisəli məqamlar, üst-üstə düşməyən faktlar, səhvlər və uyğunsuzluqlar barədə tövsiyələrin hazırlanması, onların test bankının təkmilləşdirilməsində və yeni tapşırıqların tərtibində nəzərə alınması haqqında qərar qəbul edilib. Hazırlanacaq tövsiyələr xidməti istifadə üçün müvafiq şöbələrə təqdim ediləcək.

Riyaziyyat fənni üzrə seminarda isə 2019-cu il iyunun 23-də I ixtisas qrupu üzrə qəbul imtahanında istifadə edilmiş tapşırıqların elmi-metodiki baxımdan təhlili aparılıb

Hər bir tapşırığın imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi, fənn kurikulumunun təlim nəticələrinə uyğunluğu baxımından təhlili aparılıb. Təhlil göstərib ki, tapşırıqlar abituriyentlərin bilik və bacarıqlarını obyektiv yoxlamağa və qiymətləndirməyə imkan verib. Həmçinin tapşırıqlar məzmun standartlarının təlim nəticələrinə uyğun olub.

Müzakirələr zamanı bildirilən redaktə xarakterli qeyd və təkliflər bankın təkmilləşdirilməsində nəzərə alınacaq. Həmçinin abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri tapşırıqların izahına dair metodik tövsiyələr hazırlanacaq və “Abituriyent” jurnalının 2-ci sayında dərc olunacaq.

Seminarlarda Bakı, Xırdalan, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ümumtəhsil və ali təhsil müəssisələrinin müəllimləri, metodistlər və Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq sahələr üzrə mütəxəssisləri iştirak ediblər.