Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-13 14:13:00
AMEA-dakı ixtisarları zəruri edən inanılmaz faktlar – Sirlər açılır

Ötən günlərdə AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda bir sıra məsələrlə yanaşı yeni kadr islahatları da aparılıb.

Elman Yusifov AMEA Zoologiya İnstitutunun direktoru, Bayram Babayev isə Akademiya şəhərciyinin müdiri vəzifəsindən azad edilib.

Kadr dəyişikliyi  ilə bağlı AzEdu.az-a danışan İctimai Şuranın üzvü Etibar Əliyev AMEA-dakı islahatları dəstəklədiyini bildirib: 

“Akademiyada həqiqətən də ciddi islahatlar aparılmalıdır. Xüsusilə də, Zoologiya İnstitutunun direktorunun fizika ixtisaslı şəxs olması  doğru deyil. Həmin şəxsin işdən azad olunması lazımlı qərar idi. Eyni  zamanda Akademiya şəhərciyi haqqında da müəyyən qüsurlar, neqativ hallar eşidilirdi. O şəxsin də vəzifədən azad edilməsini müsbət hal hesab edirəm.  Fikrimcə, məhz Akademiyaya iki Birinci-vitse-prezidentin təyin olunması müsbət dəyişikliyə gətirib çıxaracaq. Çünki bu vəzifələrin özü də məsuliyyət məsələlərini genişləndirir”.

O həmçinin alimlərin sosial təminatları ilə bağlı məsələlərə də toxunub:

 “Bu gün akademiyada ən ciddi problemlərdən biri alimlərin əməkhaqqı məsələsidir. Hesab edirəm ki, yaxın gələcəkdə bu işlərə də baxılacaq. Çünki əməkhaqqı həddindən artıq aşağı səviyyədədir. Alimlərin sosial təminat məsələləri yaxşı vəziyyətdə deyil.  Bu cür hallar aradan qaldırılarsa, Akademiyada elm də inkişaf etmiş olar”.

İctimai Şuranın məsul katibi İlqar Orucov Akademiyada olan islahatları son dərəcə vacib hesab edir:

“Hesab edirəm ki, bütün bu dəyişiklər elmi ictimaiyyətin ürəyincədir və illərlə gözlənilirdi. Akademiya sistemində olan bürokratizm, özbaşınalıqlar tədricən aradan qaldırılır.  Fikrimcə, bu  davamlı “təmizləmə” hələ ki başa çatmayıb, amma çox uğurlu start götürülüb.  Təsəvvür edin ki, uzun müddət Zoologiya İnstitutunda rəhbərlik etmiş İsa Musayev kimi adamın yerinə tamamilə qeyri-ixtisaslı, zoologiyaya aidiyyatı olmayan bir adamı direktor gətirdilər. O, elə sözügedən institutda uzun müddət fotoqraf işləyib. Direktor təyin olunandan sonra o, institutda çox biabırçı hallara, ixtisası zooloq olan şəxslərin, alimlərin “ovuna”  başladı. Çox təəssüf edirəm ki, onun əməlləri nəticəsində elmə böyük əziyyətlə gəlmiş xeyli sayda savadlı gənclər elmdən uzaqlaşdılar.  Çoxuna ərizələrini zorla yazdırdılar. Ərizə yazmayanları da Akademiya prezidentinin adından Əmək Məcəlləsinin ən ağır maddələri ilə işdən qovacaqlarıyla  bağlı hədələməyə başladılar. Beləliklə, onlar işdən ayrılmağa, institutdan uzaqlaşmağa  məcbur oldular.   Mən həmin işçilərlə bağlı Akademiyaya müraciət etsəm də,  heç bir əhəmiyyət verilmədi.  Bu yaxınlarda Gəncədə Aqrar Universitetə gedəndə həmin gənclərdən biri ilə rastlaşdım. O dedi ki, onu Akademiyadan çıxmağa məcbur ediblər, işsiz qalıb və ADAU-nun rektoru İbrahim Cəfərov ona  iş verib.

Təsəvvür edin ki,  bu adam institutun həyətində özü üçün ferma yaradıb, orda inək, keçi, qoyun, toyuq saxlatdırır, balıq məntəqəsi  də var.  Həqiqi elm adamları direktorun əməllərindən zinhara gəlmişdilər. Alimlər onun əməlləri ilə bağlı dəfələrlə  rəhbərliyə müraciət ediblər.  6 il müddətində bu adam orda at oynatdı və Zoologiya İnstitutunu bərbad hala gətirib çıxardı”.

Şura üzvü Akademiya şəhərciyinin müdiri vəzifəsinin dəyişdirilməsinin  də çox düzgün islahat olduğunu bildirib:

“Onların işi sadəcə çayxana açmaq, otaqları icarəyə vermək, onların pulunu yığmaq və rəhbərliyə ötürməkdən ibarət idi. İndi Ramiz Mehdiyevin islahatları nəticəsində Pərviz Həsənov bu vəzifəyə direktor təyin olunub. Onu mən çoxdan tanıyıram. Mən Akademiyada Gənclərin İntellektual İnkişaf Mərkəzinin direktoru, AMEA Gənc Alimlər Şurasının sədri olanda Pərviz müəllimlə bir yerdə işləmişik. Mən onu AMEA İqtisadiyyat İnstitutunun Gənc Alimlər Şurasının sədri vəzifəsinə təyin etmişdim. Eyni zamanda AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzinin ictimai elmlər bölməsinin rəhbəri idi. Çox təmiz, bacarıqlı gənc kadrdı. Ona görə məndə inam yaranır ki, Akademiyada artıq təmizləmə işləri görülür. Fikrimcə, bu işlər davam etdirilməlidir”.

Ayşə MÜSEYİB