XƏBƏRLƏR

10.12.2019 10:57
Şagirdlərin diaqnostik qiymətləndirməsi nə vaxt keçirilməlidir? - Cavab

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişiklər müəllimlərdə xeyli suallar yaratdı. Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə bəzi məsələlər indi də aktuallığını saxlayır.

Hazırda şagird və müəllimləri maraqlandıran məqamlardan biri də məktəblilərin diaqnostik qiymətləndirməsinin ildə neçə dəfə və hansı tarixdə keçirilməsi ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, bu, Təhsilalanların attestasiyası qaydalarında əks olunub. Qaydalara görə, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmalıdır. Bu, şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə həyata keçirilir.

Diaqnostik qiymətləndirmədə tapşırıqvermə, müşahidə, müəllim tərəfindən şagirdlərin yeni mövzuya olan maraq səviyyəsinin müəyyən edilməsi üsullarından istifadə edilir.

Diaqnostik qiymətləndirmənin nəticəsi ilə bağlı müvafiq yazılı qeydlər, yəni nəticələrin qısa təsviri şagirdlərin fərdi qovluğunda saxlanılır. Şagird başqa bir ümumtəhsil müəssisəsinə yerdəyişmə etdikdə fərdi qovluğu da təhvil verilir.

Qeyd edək ki, məktəbdaxili diaqnostik qiymətləndirmənin əhəmiyyəti şəraitə görə təlim məqsədləri və strategiyalarında çevik dəyişikliklər aparılmasına imkan yaratmasından ibarətdir.

Lamiyə Süleymanlı Müəllifin digər yazıları