ABŞ-in Pensilvaniya Dövlət Universitetinin alimləri müəyyən ediblər ki, gündə bir avokado yemək piylənmədən əziyyət çəkən insanlarda ürək xəstəliyi riskini azaltmağa kömək edə bilər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmada 25 yaşdan yuxarı 786 nəfər iştirak edib. Tədqiqat zamanı iştirakçıların bir qismi adi qidalanma rejimini davam etdirib, digər qrup isə altı ay ərzində hər gün bir avokado qəbul edib.
Araşdırmanın nəticələrinə görə, hər gün avokado yeyən iştirakçıların qanında aşağı sıxlıqlı lipoprotein (LDL) hissəciklərinin -“pis xolesterin”i daşıyan hissəciklərin miqdarı azalıb. Alimlər hesab edirlər ki, bu dəyişiklik ürək xəstəliyi riskinin təxminən 4 faiz azalması ilə əlaqəlidir.
Tədqiqatın müəllifləri bildiriblər ki, avokado istehlakı iştirakçıların bədən çəkisində və bel çevrəsində nəzərəçarpacaq dəyişiklik yaratmasa da, ürək sağlamlığı üçün mühüm hesab edilən qan göstəricilərinin yaxşılaşmasına müsbət təsir göstərib.
Mütəxəssislər vurğulayırlar ki, gündəlik qidalanmaya avokadonun əlavə edilməsi faydalı olsa da, ürək-damar sağlamlığının qorunması üçün balanslı qidalanma və sağlam həyat tərzi əsas şərtlər olaraq qalır.