“İxtisas seçiminin avqustun 10-dan sonra başlaması planlaşdırılır”.
AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) aparat rəhbəri Vəfadar Misirov çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, qəbul üzrə müsabiqə vəziyyəti ötən illərlə müqayisədə ciddi fərqlənməyəcək:
“Ümumilikdə müsabiqə şərtləri keçənilki kimidir. Çox cüzi dəyişikliklər gözlənilir. Müəyyən fərqlər əsasən 150 ballıq ixtisaslar üzrə ola bilər. Sərgi çərçivəsində abituriyentlər üçün əlavə dəstək imkanları da yaradılıb. Belə ki, adətən ödənişli əsaslarla təqdim olunan peşə seçimi və psixoloji dəstək testləri sərginin keçirildiyi üç gün ərzində ödənişsiz olacaq.
Abituriyentlər peşə seçimi ilə bağlı psixoloji testlərdən pulsuz istifadə edə biləcəklər. Eyni zamanda, psixoloqlarımız onlarla görüşərək ixtisas seçimi barədə məsləhətlər verəcəklə".
O vurğulayıb ki, bəzi universitetlər sərgi çərçivəsində ayrıca zallar icarəyə götürərək geniş təqdimatlar keçirəcəklər. Həmin təqdimatlarda iştirakçılar ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa ünsiyyət qura, suallarını ünvanlandıra və ətraflı məlumat əldə edə biləcəklər.
“Canlı ünsiyyəti heç nə əvəz etmir. Bukletlər və onlayn məlumatlar öz yerindədir, amma universitet nümayəndələri ilə abituriyentlərin və valideynlərin birbaşa görüşü ixtisas seçiminə ciddi təsir göstərə bilər”.
DİM aparat rəhbəri sonda abituriyentlərə müraciət edərək ixtisas seçimi mərhələsində diqqətli olmalarını tövsiyə edib:
“İxtisas seçiminin avqustun 10-dan sonra başlanmasını planlaşdırırıq. Tarix təxminən avqustun 10-15-i aralığında olacaq. Bu müddətdə abituriyentlər regional mərkəzlərdə və universitetlərdə fəaliyyət göstərən məsləhət mərkəzlərinin imkanlarından yararlanmalıdırlar”.