XƏBƏRLƏR

03.11.2019 16:00
Beynəlxalq müsabiqələr qalibi

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının ikinci kurs tələbəsi Leyla Zeynalova Riqada keçirilən gənc pianoçuların VIII beynəlxalq müsabiqəsində I yeri tutub. Onun  ifası tamaşaçıları heyran edib. Gənc  pianoçumuz İohan Baxın musiqilərini, latviyalı bəstəkar M.Drustenin “Folk Impression” əsərlərini məharətlə ifa edərək Almaniyanın Aynbek şəhərində keçiriləcək Qış Akademiyasına dəvət alıb. Leyla  Zeynalova münsiflər heyətinin üzvü Gintaras Yanuşeviçyus tərəfindən təsis olunan daha bir xüsusi mükafata layiq görülüb.

 Pianoçunun Riqadakı çıxışı ilə bağlı təəssüratlarını bölüşən musiqişünas, professor Zümrüd Dadaşzadə deyib: “Leyla Zeynalovanın adı musiqi ictimaiyyətinə yaxşı bəllidir. Nadir istedada malik Leyla Bülbül adına orta ixtisas musiqi məktəbində, eyni zamanda, iki – violin və fortepiano ixtisasları üzrə təhsil alb.  Mən Leyla ilə 2017-ci ildə tanış olmuşam. Həmin vaxt Leyla istedadı ilə məni heyran etmişdi. Riqadakı müsabiqədə Leyla iki turda Bax, Şopen, Prokofyev, Ligeti, Drustenin əsərlərindən ibarət rəngarəng proqram təqdim edərək latviyalı dinləyicilər və mütəxəssislərin qəlbini fəth edə bildi”.

 Hazırda professor Kəmalə Neymanovanın sinfində təhsil alan gənc istedad  Leyla Zeynalova Almaniya, İngiltərə, Estoniya, Belçika və Danimarkada keçirilən beynəlxalq  müsabiqələrdə  iştirak edərək ölkəmizi layiqincə təmsil edir.

 Sifai SƏFƏROVA

İlin gənc müəllimi-Müraciət formu