Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-03 15:57:00
“Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzi istifadəyə verilib

Oktyabrın 3-də “Bakı Metropoliteni” QSC-nin təlim-tədris mərkəzinin əsaslı təmirdən sonra açılışı olub.

AzEdu.az xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə Təhsil naziri Ceyhun Bayramov, ali təhsil ocaqlarının rəhbər nümayəndələri, “Azərbaycan Dəmir Yolları” QSC-nin aidiyyəti sahə üzrə rəhbər və mütəxəssis heyəti, “Bakı Metropoliteni” QSC-nin əməkdaşlıq etdiyi təşkilat və müəssisələrin rəhbərləri, o cümlədən Fransanın “Thales” şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Mehmet Şahan, texniki direktoru Mixail Malinovski, “Siemens Azerbaijan”ın rəhbəri Azər Quliyev və digər rəsmi şəxslər iştirak ediblər.

“Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov binada böyük təmir və yenidənqurma işləri aparıldığını, burada texniki kabinet, auditoriyalar, ən əsası tədris guşələrinin yaradıldığını deyib. O, mərkəzin giriş və dəhlizlərində xronoloji ardıcıllıqla metro tarixinin əks olunduğunu, stendlərin ümummilli lider Heydər Əliyev və Prezidenti İlham Əliyevin metropolitenin inkişaf tarixindəki missiyalarını əyani şəkildə nümayiş etdirdiyini diqqətə çatdırıb.

Z.Hüseynov metropolitendə tətbiq edilən texnoloji yeniliklərin mənimsənilməsində, yeni sahələr üzrə kadrların hazırlanmasında mərkəzə tələbatın artdığını və bu səbəbdən yeniliklərin zəruri tələbə çevrildiyini də vurğulayıb. O, “Thales” şirkətinin “Bənövşəyi xətt”də tətbiq etməyə başladığı SCADA və CBTC, TETRA rabitə sistemlərinin öyrənilməsi və bu xüsusda yeni kadrlara böyük ehtiyac olduğunu buna nümunə kimi göstərib. Hazırda Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin praktiki məşğələləri də məhz metropoliteninin istismar sahələri və tədris mərkəzində keçirilir. Sədr metropolitendə elektrik yarımstansiyalarının yenidən qurulmasında “Siemens”, eskalatorların dəyişdirilməsində “Thyssen Krupp” şirkətləri ilə əməkdaşlıq perspektivlərinə toxunaraq mərkəzdə bu müəssisələrin vəsait və stendlərinin də əhəmiyyətli əyani tədris vəsaiti olduğunu bildirib.

QSC sədri Bakı Metropolitendə yeni tipli qatar tərkiblərinin sayının 11-ə çatdığını qeyd edərək maşinistlərin də yenidən ixtisaslaşdırılması, yeni nəsil maşinistlərin hazırlığına başlanıldığını deyib, Rusiyanın “Loqos” şirkətinin mərkəzdə “81-765” tipli baş vaqonun bazasında quraşdırdığı trenajorun əhəmiyyətindən bəhs edib. O, metro inşaatında tətbiq edilən “Herrenknecht” tunelqazma kompleksinin, həmçinin metropolitenin istehsalat sahəsində Almaniyanın “Vollert” şirkətinin texnologiyaları əsasında qurulmuş sexdə Azərbaycanda ilk dəfə ağac şpalları əvəz edən dəmir-beton blokların istehsalının təşkilini, yolun yeni tipli üstquruluşu elementlərinin tətbiqini qeyd edərək mərkəzin bu texnoloji yeniliklərin tələblərinə uyğun kadrları bundan sonra daha müasir qaydada hazırlayacağını deyib.

2014-cü ildən metropoliten üçün zəruri olan peşələr üzrə ixtisasartırma və yeni peşələrə yiyələnmə kurslarına hər il orta hesabla 800-900 işçinin cəlb edildiyini, imtahanların test üsulu ilə elektron qaydada aparıldığını diqqətə çatdıran Z.Hüseynov UFAZ ilə yanaşı, Dövlət Neft və Sənaye, Memarlıq və İnşaat, Texniki universitetlərlə, həmçinin Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə səmərəli və sıx əməkdaşlığın bundan sonra daha intensiv və qarşılıqlı faydalı şəkildə aparılacağına əminliyini ifadə edib.

Sonra metro tarixi, tətbiq edilən yeniliklərə həsr olunmuş qısametrajlı filmin təqdimatı olub.

Təhsil naziri Ceyhun Bayramov həm ölkə, həm də metropoliten tarixində tədris prosesinin yeni innovasiyalarla müşayiət olunması baxımından belə bir mərkəzin açılmasını təqdirəlayiq addım kimi qiymətləndirib. O, bu xüsusda “Bakı Metropoliteni” QSC-nin müvafiq ali təhsil müəssisələri ilə əməkdaşlıq perspektivlərinin daha da genişlənəcəyini, tələbələrin müxtəlif sahələr üzrə yeni interaktiv təlimlərlə kursların məhz bu tədris ocağında keçirilməsinin gələcək peşəkar kadrların yetişidirlməsində böyük rol oynayacağına əmin olduğunu bildirib və mərkəzə yeni nailiyyətlər arzulayıb.

Mərasim iştirakçıları mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olublar. Hər guşədə mütəxəssislər müvafiq sahələrdəki yeniliklər və təlim-tədris prosesinin təşkilində diqqət yönəldiləcək məqamlar barədə ətraflı məlumat veriblər.

Qeyd edək ki, metropolitenin təlim-tədris mərkəzinin binası 1926-ci ilin sentyabrın 24-də SSRİ-nin ilk elektrik dəmiryolu nəqliyyatı olan Sabunçu vağzalının elektrik deposu kimi istismara verilib. 1966-cı ildə Bakı Şəhəri Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin sərəncamı ilə tikili Bakı Metropoliteninin balansına keçib və burada qatarların hərəkətinin təşkili və idarə edilməsi üzrə ən mühüm xidmətlərin dispetçer mərkəzləri fəaliyyət göstərib. 2014-cü ildə dispetçer mərkəzləri yeni inşa edilmiş texnoloji korpusa köçürülək həmin il sentyabrın 16-da burada təlim-tədris mərkəzi fəaliyyətə başlayıb. (Azərtac)