XƏBƏRLƏR

17.09.2019 15:25
Bakının 42 məktəbində STEAM layihəsi  

Təhsil Nazirliyi tərəfindən Bakı şəhərində yerləşən 42 ümumi təhsil müəssisəsində STEAM layihəsinin tətbiqinə başlanılıb.

AzEdu.az xəbər verir ki, layihə çərçivəsində müəyyən edilmiş məktəblər üzrə tədrisə ümumilikdə 6000-dən çox 6-cı sinif şagirdi cəlb edilir. Layihənin tətbiq edildiyi ümumi təhsil müəssisələri Təhsil Nazirliyi tərəfindən zəruri təlim avadanlığı və inventarlar ilə təmin edilib. STEAM təhsilinin tədrisi məqsədilə 34 məktəbdən 104 müəllim 2-14 sentyabr tarixlərində peşəkar heyət tərəfindən keçirilən təlimlərdə iştirak ediblər.

Eyni zamanda layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və gələcək tədbirlər barədə məlumatlar yerləşdiriləcək.

STEAM təhsil metodu şagirdlərə beş sahənin, Elm (Science), Texnologiya (Technology), Mühəndislik (Engineering), İncəsənət (Art) və Riyaziyyatın (Math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir.

Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədərək, onların real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM fənləri şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.

İlin gənc müəllimi-Müraciət formu