Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-12 11:35:00
Direktor namizədlərə əmək müqaviləsinin ləğvi ilə bağlı verilən yoxlama suallar –Cavablar AzEdu.az-da  

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi bölgələr üzrə davam edir. Proses avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları ilə başlanıb və avqustun 23-dək davam edib.

Növbəti rayonlar üzrə də müsahibələrin keçirilməsi gözlənilir. Müsahibələrin keçiriləcəyi tarix barədə namizədlərə məlumat veriləcək.

Müsahibə zamanı namizədlərə təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri, təhsil sahəsindəki islahatlar, strateji hədəflər, təhsil müəssisələrinin idarə olunması, məktəb sənədlərinin aparılması, tədrisin təşkili, təhsilin iqtisadi məsələləri, əmək qanunvericiliyi və s. ilə bağlı suallar verilir. Bundan əlavə, onun  dünyagörüşü, məlumatlılıq dərəcəsi, özünü qiymətləndirmə, dinləmə və ünsiyyətqurma bacarıqları yoxlanılır.

AzEdu.az Əmək Məcəlləsinə əsasən, müsahibə prosesində namizədlərə əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı verilə biləcək bütün sualların ümumi cavablarını təqdim edir:

Əmək müqaviləsinin işçi tərəsindən ləğv edilməsinin xüsusi qaydası var. Qaydaya görə, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

Onun müqaviləni ərizədə göstərdiyi gün də ləğv etmək hüququ da var. Amma bunun üçün müəyyən şərtlər nəzərdə tutulub: İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda; təhsilini davam etdirdikdə; yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsini ləğv edə bilər.

Əmək müqaviləsini ləğv etmək üçün ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə bilər. İşəgötürən həmin vəzifəyə yeni işçinin götürülməsi barədə keçmiş əməkdaşına rəsmi xəbərdarlıq etməyibsə, müqavilə ləğv edilə bilməz.

Əmək müqaviləsi qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək hüququ yoxdur.

Müddətli əmək müqaviləsinə isə müddəti qurtardıqda xitam verilir. Göstərilən müddət qurtardıqdan sonra da əmək münasibətləri davam etdirilir və sonrakı bir həftə ərzində tərəflərin heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə , həmin əmək müqaviləsi müəyyən müddətə uzadılır.

Qanunvericilik hamilə, habelə üç yaşınadək uşağı olan qadınların əmək müqaviləsinin ləğv edilməsini qadağan edir.

Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları