"SABAH" qrupları artıq Azərbaycan ali təhsilinin brendidir.
AzEdu.az xəbər verir ki, bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “SABAH-ın Məzunu 2026” tədbirində çıxışı zamanı qeyd edib.
Onun sözlərinə görə, layihə ötən müddət ərzində ölkənin ali təhsil sistemində keyfiyyət hədəflərinə çatmaq üçün həyata keçirilən ən uğurlu təşəbbüslərdən birinə çevrilib.
Emin Əmrullayev qeyd edib ki, 10 ildən bir qədər əvvəl sabiq təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə əsası qoyulan “SABAH” qrupları artıq Azərbaycan ali təhsilinin tanınan brendidir.
Nazir vurğulayıb ki, vaxtilə Azərbaycan təhsilinin gələcəyi kimi nəzərdə tutulan layihə illər ərzində inkişaf edərək bu gün təhsil sisteminin ayrılmaz hissəsinə çevrilib və tələbələrin keyfiyyətli təhsil almasına mühüm töhfə verir.
"Əminəm ki, 10 il ərzində “SABAH” proqramının bütün məzunlarını bir araya toplasaq, bir neçə belə zal dolar.
Bu isə o deməkdir ki, minlərlə məzunumuz Azərbaycanın gələcəyinə, davamlı inkişafına, sosial rifahın yüksəlməsinə və ölkəmizin daha da qüdrətlənməsinə töhfə verən dəyərli insan kapitalına çevrilib. Təhsilin əsas mənası da məhz insan yetişdirmək, onu öz ölkəsinə və vətəninə layiqli, cəmiyyət üçün faydalı bir şəxs kimi formalaşdırmaqdır.
İnanıram ki, “SABAH” qrupları ilə başlanan yol bu illər ərzində yeni təşəbbüslərin yaranmasına səbəb olub. “SABAH” layihəsindən doğan və onun ətrafında formalaşan müxtəlif təşəbbüslər bu gün Azərbaycan ali təhsilinin keyfiyyətinin yüksəldilməsinə, eləcə də məzunlarımızın daha peşəkar hazırlanmasına mühüm töhfə verir.”