Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-10 13:50:00
Direktorluğa namizədlərə müsahibə mərhələsində verilən xüsusi suallar –Cavablar AzEdu.az-da  

Direktorların işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi bölgələr üzrə davam edir. Proses avqustun 21-də Ağdam, Ağdaş, Gədəbəy, Goranboy, Laçın və Lerik rayonları ilə başlanıb və avqustun 23-dək davam edib.

Növbəti rayonlar üzrə də müsahibələrin keçirilməsi gözlənilir. Müsahibələrin keçiriləcəyi tarix barədə namizədlərə məlumat veriləcək.

Müsahibə zamanı namizədlərə təhsil qanunvericiliyi, ümumi təhsilin məqsəd və vəzifələri, təhsil sahəsindəki islahatlar, strateji hədəflər, təhsil müəssisələrinin idarə olunması, məktəb sənədlərinin aparılması, tədrisin təşkili, təhsilin iqtisadi məsələləri, əmək qanunvericiliyi və s. ilə bağlı suallar verilir. Bundan əlavə, onun  dünyagörüşü, məlumatlılıq dərəcəsi, özünü qiymətləndirmə, dinləmə və ünsiyyətqurma bacarıqları yoxlanılır.

AzEdu.az Əmək Məcəlləsinə istinadən müsahibə prosesində namizədlərə əmək məzuniyyətlərinin növü, müddəti ilə bağlı verilə biləcək bütün suallara ümumi cavabları təqdim edir:

-5 ildən 10 ilədək əmək stajı olduqda işçiyə 2 təqvim günü, 10 ildən 15 ilədək əmək stajı olduqda - 4 təqvim günü, 15 ildən çox olduqda – 6 təqvim günü əlavə məzuniyyət verilir .

-İllik normanın üçdə bir hissəsindən az olmamaqla pedaqoji iş aparan təhsil müəssisələrinin rəhbər və pedaqoji işçilərinin , tərbiyəçilərin , təlimatçıların, dərnək və musiqi rəhbərlərinin , konsertmeysterlərin, xormeysterlərin  və başqa musiqi işçilərinin məzuniyyəti 56 gündür.

-Əlavə iş yerində əvəzçiliklə işləyən işçilərin də müəyyən edilmiş məzuniyyətlərdən istifadə etmək hüquqları var.

-Xüsusi təhsil müəssisələri istisna olmaqla , təhsil müəssisəsində pedaqoji iş aparmayan rəhbər işçilərə və inzibati-tədris heyəti işçilərinə, habelə məktəbdənkənar uşaq müəssisələrinin rəhbərlərinə 30 gün ödənişli əsas məzuniyyət verilməlidir.

-Uşaq evlərinin, məktəbəqədər uşaq tərbiyə müəssisələrinin rəhbər işçiləri, tərbiyəçilər, musiqi rəhbərləri, praktik psixoloqların əmək məzuniyyəti 42 gündür.

-Ali təhsil müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə laboratoriya işlərini yerinə yetirdikləri , yoxlama və imtahan verdikləri dövrdə hər tədris ilində I və II kurslarda 30, qalan kurslarda 40 gün; orta ixtisas təhsili müəssisələrinin qiyabi şöbələrində oxuyan işçilərə isə I və II kurslarda 20, digər kurslarda 20 gün məzuniyyət verilir.

-Dövlət imtahanlarına və diplom işini hazırlamaq üçün verilən məzuniyət ödənişli təhsil məzuniyyəti hesab edilmir. İşləməklə yanaşı doktoranturada təhsil alan işçilərə hər tədris ilində  30 gün ödənişli məzuniyyət verilir.

-Ailə, məişət və başqa sosial məsələləri həll etmək üçün işçilərə öz xahişləri ilə 7 təqvim gününədək ödənişsiz məzuniyyət verilir.

Qeyd edək ki, cari ilin 13-19 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elektron sənəd qəbulu həyata keçirilib. 3 403 namizəd elektron qeydiyyatdan keçib, onlardan 2 273 nəfərin elektron ərizəsi təsdiqlənib. Avqustun 2-də keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində 1 643 nəfər iştirak edib.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları