Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-08 12:10:00
Bu gün kimya üzrə Nobel mükafatı laureatı Əziz Sancarın doğum günüdür

"Bu gün türk dünyasının böyük alimi, kimya üzrə Nobel mükafatı laureatı, ABŞ-ın Şimali Karolina Universitetinin professoru, Əziz Sancarın doğum günüdür. Qürur duyduğumuz bu böyük şəxsiyyətlə əyani tanışlığımıza və ünsiyyət qura bildiyimizə görə UNEC rektoru professor Ədalət Muradava təşəkkür edirəm"

AzEdu.az xəbər verir ki, bu sözləri sosial şəbəkə hesabında təhsil eksperti Etibar Əliyev qeyd edib. O, bildirib ki, Ə.Sancar 1946-cı ildə Mardinin Savur kəndində dünyaya gəlib:

"Mardində orta təhsili başa vurduqdan sonra İstanbul Tibb Universitetinə daxil olub. Tibb fakültəsini yüksək qiymətlərlə başa vuran Sancar iki il Savurda həkim işləyib. Daha sonra təhsilini davam etdirmək üçün ABŞ-a gedib. O, Dallasda Teksas Universitetinin doktoranturasını 1977-ci ildə molekulyar biologiya ixtisası üzrə başa vurub, doktorluq işini isə Yell Universitetində DNA üzrə müdafiə edib. 1982-ci ildə Amerikanın məşhur elmi mərkəzlərindən olan “UNC Chapek Hill”də biokimya və biofizika üzrə çalışmağa başlayıb. O, burada DNA, hüceyrə düzülüşü, xərçəngin müalicəsi və bioloji saat sahələrində ciddi elmi araşdırmalar aparıb".

Etibar Əliyev yazısında Əziz Sancarın gənclərə məsləhətlərini də diqqətə çatdırıb:

"İslam dünyasında elmlə məşğul olmaq, elmin mədəniyyətini inkişaf etdirmək ənənə olmalıdır. Oxumaqla yanaşı, düşünmək üçün də özünüzə vaxt ayırın. Çox vaxt və əziyyət tələb etsə də analitik, kreativ düşünmə bacarığı əldə edin. Yaxşı karyera əldə etmək üçün uzun müddət işləməli olduğunuzu və bunun davamlı proses olduğunu bilin. Sizə kömək edəcək yaxşı məsləhətçi və müəllimlər tapın. Təhsil almaq və tədqiqat aparmaq üçün xaricə gedin. Ancaq sonra mütləq ölkənizə qayıdın. Üzərində çalışacağınız mövzu müəyyən edin. Tələb olunan qədər öyrənin. Uğurlu elm adamında üç təməl xüsusiyyət olmalıdır: Biliyə əsaslanan yaradıcılıq; Ciddi çalışmaq;  Uğursuzluq qarşısında dirənmək.

Savad, inadkarlıq və çalışqanlıq lazımdır. Çox çalışın, ətrafınızda mövzunuzla əlaqəli hadisələri izləyin, ən müasir texnologiyanı öyrənərək öz işinizə tətbiq edin. Mənim uğurumun addımları bunlardır. Özünüzdən razı olmayın. Razı olmaq ancaq Allaha yaraşır. Əlinizdən gəldiyi qədər təvazökar olun. Elm könül, fədakarlıq, maraq, məmləkətinə, insanına xidmət işidir. Yəni elmə pul qazanmaq üçün gəlməyin. Heç vaxt elmdə ümidsizliyə qapılmayın. Siz yaxşı tədqiqat aparsanız, əvvəl-axır mükafatınızı alacaqsınız. Gündəlik siyasət, dedi-qodu ilə məşğul olmayın. Vətən sevgisini öyrənin. Və unutmayın ki, insanın ailəsi, insanlıq və ölkəsinə xidmət Nobeldən də vacibdir".