Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-09-06 12:51:00
Keçmiş şöbə müdiri od püskürdü: “Kəlbəcər təhsilində geriləmə hiss olunanda yerim görünəcək”  

Təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Elmira Şükürova vəzifəsindən azad edilib. Onun çalışmanın yaş həddinə çatdığına görə, vəzifədən uzaqlaşdırıldığı bildirilir.

Təhsil şöbəsinin baş məslətəçisi Fazil Zeynalov müdir vəzifəsinə təyin olunub. Elmira xanım isə 2015-ci ildən bu vəzifədə çalışıb.

Amma o vəzifədən kənarlaşdırıldıqdan sonra mediada haqqında məlumatlar səngimək bilmir. Onun şöbə müdiri olduğu dövrdə təhsil naminə böyük işlər görüdüyünü söyləyənlər yanaşı, haqqında mənfi rəy bildirənlər də var.

AzEdu.az haqqında deyilənlərə münasibət öyrənmək üçün keçmiş şöbə müdiri ilə əlaqə saxlayıb.

Elmira Şükürova bildirib ki, rəhbərliyi dövründə Kəlbəcər təhsilində çox böyük işlər görülüb. Ali məktəblərə qəbul göstəriciləri buna misaldır:

“2015-ci ildə şöbə müdiri təyin olunmuşam. Həmin il Kəlbəcərdə 225 nəfər tələbə adını qazanmışdı. 2016-cı ildə qəbul göstəricisi 470 nəfər oldu. Keçən il isə bu say 579 idi. Olimpiadada 1 qızıl, 1 gümüş medalı təkcə Kəlbəcər alıb. Rəhbər olduğum müddətdə inşa, rəsm müsabiqələrində qalib gəlmişik. Bundan əlavə, ətraf məcburi köçkün rayonlarının şagirdləri Cocuqmərcanlıda yarışda iştirak etmiş, II yeri tutmuşdular”.

“Kəlbəcər təhsilində geriləmə hiss olunanda yerim görünəcək”

Elmira xanım bildirib ki, işdən yalnız çalışmanın yaş həddinə çatdığıma görə və öz istəyi ilə uzaqlaşıb. Fəaliyyəti ilə bağlı neqativ fikirlər söyləyənlərə isə cavabı belə olub:

“Necə yəni, Kəlbəcər təhsilində irəliləyiş olmayıb? Bu sadaladıqlarım irəliləyiş deyil? Şöbə müdiri olduğum dövrdə 4 məktəb binası tikdirmişəm. Xeyli məktəbi təmir etmişəm. Orta ümumtəhsil müəssisələrində hazırlıqlar təşkil etmişəm ki, şagirdlər repetitorlara müraciət etməsinlər. Binalar elə gündə idi ki, yağışlı havada otaqlar islanırdı. Hamısını təmir etdim. Nə gündə yaşayırdılar, əyləşməyə stol – stul tapmırdılar. Hamısını yoluna qoydum. Məktəblərdə bircə dənə də kompüter yox idi. Onları məktəblərə mən gətirmişəm.

Bir sözlə, şöbə müdiri təyin olunanda qarşıma qoyduğum  bütün hədəfləri yerinə yetirmişəm. Bundan sonra Kəlbəcər təhsilində geriləmə hiss olunanda mənim yerim görünəcək”.

Qeyd edək ki, Elmira Şükürova 1954-cü ildə Kəlbəcər rayonunun Zülfüqarlı kəndində anadan olub. Azərbaycan Dövlət Pedoqoji İnstitunun Filologiya fakültəsini bitirib. Əmək fəaliyyətinə 1976-cı ildə Ağdam rayonunun Qalayçılar kənd orta məktəbində müəllim kimi başlayıb. 1978-1984-cü illərdə direktor müavini, daha sonra direktor, Ağdam Rayon Təhsil Şöbəsi Metodkabinetində metodist, məktəb inspektoru vəzifələrində çalışıb. 1998 ci ildən  2015-ci ilin aprel ayına qədər Ağdam rayon təhsil şöbəsində müdir olub. Kəlbəcər rayon Təhsil Şöbəsinə isə 2015-ci ilin  aprelində müdir təyin olunub.