Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-08-23 15:05:58
Tərlan Fərəcov: Müəllim peşəsini sevdiyim üçün müsabiqədə iştirak edirəm

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə ixtisasıma uyğun olduğu üçün yox, müəllim peşəsini sevərək qatılmışam. Test imtahanı mərhələsindən uğurla keçdim - 46 bal topladım. Müsahibə mərhələsindən də keçsəm, İmişli rayonunda müəllim kimi fəaliyyətə başlayacağam.

AzEdu.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak edən Tərlan Fərəcov deyib.

“İmtahan yüksək səviyyədə təşkil olunub. Özümüzü rahat hiss etmək, fikrimizi cəmləyib sualları dolğun cavablandırmağımız üçün bütün şərait yaradılıb. Komissiya üzvlərinin bütün suallarını cavablandırdım. Ümid edirəm ki cavablarım onları qane edəcək və müsabiqədən müvəffəqiyyətlə keçəcəyəm”, -deyə Tərlan Fərəcov qeyd edib.

Xatırladaq ki, müəllimlərin işə qəbulu dörd mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilib. Bu mərhələdə keçid balını toplamış namizədlərə 8 vakant yer seçmək imkanı verilib.

Müsahibə mərhələsində namizədlərin ixtisası üzrə bilik və bacarıqları, psixoloji durumu və ümumi dünyagörüşü yoxlanılır. Həmçinin namizədlər ixtisasları üzrə əvvəlcədən elan olunmuş mövzulardan birini açıq dərs formatında müsahibə komissiyası üzvlərinə təqdim etməlidirlər. Həmin mövzu proqram təminatı tərəfindən təsadüfi seçim əsasında müəyyən edilir.

İşə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili ərzində qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.