XƏBƏRLƏR

15.08.2019 10:34
Yeni peşə təhsili müəssisəsinə sənəd qəbulu davam edir

 Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin bazasında Koreya təhsil standartları əsasında yaradılmış peşə təhsili müəssisəsinə qəbul davam edir.

AzEdu.az xəbər verir ki,  ərizə qəbulu 20 avqust 2019-cu il tarixinədək "ASAN xidmət" mərkəzlərində ödənişsiz şəkildə və elektron qaydada aparılır.

 Ən müasir maddi-texniki baza ilə təchiz edilmiş mərkəz “Torna və frezer dəzgahların operatoru”, “Avtomobil diaqnostikası və təmiri ustası”, “Sənayedə quraşdırma işləri üzrə usta”, “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”, “İnşaat ustası”, “Veb dizayner və proqram təminatçısı” və “Avtomatika üzrə usta” adlı 8 fərqli ixtisas üzrə 1 illik proqramlarda təhsil almaq imkanını nəzərdə tutur.

Qeyd edək ki, cari tədris ilindən fəaliyyətə başlayacaq təhsil müəssisəsi Azərbaycan və Koreya hökumətləri arasında razılaşmaya uyğun olaraq, Koreya təhsil standartları əsasında yaradılmış ilk pilot təhsil müəssisəsidir. Sözügedən təhsil müəssisəsi mexanika, elektronika, elektrik mühəndisliyi, sənayedə quraşdırma işləri, tikinti, informasiya texnologiyaları, avtomobil və avtomatlaşdırma istiqamətləri üzrə ən müasir avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub, təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli şərait yaradılıb. Tədris prosesində istifadə edilən kurrikulumlar koreyalı ekspertlər və həmçinin özəl sektor nümayəndələrinin iştirakı ilə hazırlanıb.

İlin gənc müəllimi-Müraciət formu