Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-07-19 17:30:00
Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”  

Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə 2019-cu il iyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələrini elan edib.

Nəticələrə əsasən, III ixtisas qrupu üzrə 1 abituriyent - Bakı şəhəri 192 nömrəli tam orta məktəbin məzunu Zülfiyeva Səbinə təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab verərək maksimal nəticə - 400 bal toplayıb.

“Əvvəlki illərdə imtahan versəydim, 700 bal toplayardım”

Səbinə xanım AzEdu.az-a açıqlaması zamanı bildirib ki, ümumilikdə 669.8 bal toplayıb. Hüquqşünas olmaq istəyir. Bakı Dövlət Universiteti və ya Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası arasında seçim etməyi düşünür:

“İmtahandan əvvəl bir qədər tərəddüdüm var idi. Çünki ilk dəfədir, qəbul imtahanı yeni sistemlə keçirilir.  Elə bu səbəbdən buraxılış imtahanlarında balım 269.8 oldu. Situasiya tipli tapşırıqları tam cavablaya bilmədiyim üçün bu imtahanda maksimal nəticə göstərə bilmədim. Amma kodlaşdırma tələb edən bütün tapşırıqları düzgün cavablamışdım. Əvvəlki illərdə imtahan versəydim, 700 bal toplayardım.

Amma fikrimcə, 700 balın olmamasının DİM-in sistemi ilə əlaqəsi yoxdur. Sadəcə, bu sistem üçün şagirdlərə bir qədər vaxt lazımdır ki, situasiya tapşırıqları istiqamətində təkmilləşsinlər”.

“650 balı keçən bütün abituriyentlər 700 –lük nəticə göstərə bilərlər”

Onun fikrincə, 700 bal bir az da şans məsələsidir:

“Amma diqqətini toplamaq, imtahan anında özünü itirməməkdən də çox şey asılıdır. Fikrimcə, 650 balı keçən bütün abituriyentlər 700 –lük nəticə göstərə bilərlər. Onlarda bu potensial var.

Ümumiyyətlə, abituriyentlərə məsləhətim budur ki, imtahanadək necə çalışmalarından asılı olmayaraq, imtahan zamanı özlərini toparlamağa, motivasiyalarını qorumağa çalışsınlar. Hər suala diqqətlə yanaşsınlar”.

O, sonda çəkdikləri zəhmətə görə, bütün müəllimlərinə təşəkkürünü bildirib:

“Müəllimlərimin üzərimdə böyük əməyi olub. Hətta 2 müəllimim – İngilis dili və Tarixdən  məni təmənnasız hazırlaşdırıblar. Onlara xüsusilə minnətdaram.

Düzdür, 19 maydan 7 iyula qədər demək olar ki, əlavə şeylərə vaxt ayırmadan, gərgin rejimdə çalışmışam.

Amma anamın əməyini qeyd etmək istəyirəm. Bu nəticəni daha çox onun dəstəyi ilə göstərə bildim”.

 QEYD: Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən “Yeni sistemlə imtahan verən abituriyentlərə onlayn psixoloji yardım xidmətinin təşkili” layihə çərçivəsində hazırlanıb.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları