XƏBƏRLƏR

16.07.2019 12:00
Dövlət Proqramı məzununun uğuru 

Gənc tədqiqatçının elmi məqaləsi reytinqli jurnalda dərc olunub

İstedadlı gənclərimizin elmi tədqiqatlara meyil etməsi ölkəmizin bu sahədə rəqabət qabiliyyətliliyinin gücləndirilməsi və beynəlxalq nüfuzunun möhkəmləndirilməsi kimi perspektiv hədəflərdə uğurumuzu şərtləndirən mühüm faktorlardan biridir. Dünyanın nüfuzlu ali məktəblərindən məzun olan gənclərimizin öz fəaliyyətləri ilə ölkəmizə qazandırdığı dividendlərdən biri də onların qlobal elmi tədqiqatlarda iştirakı və elmi nəticələrin impakt faktorlu jurnallarda çap olunmasıdır.

Belə uğurlu gənclərimizdən biri də  "2007-2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 2014-2017-ci illərdə Türkiyənin 19 Mayıs Universitetinin "Diş həkimliyi" fakültəsində "Ağız-diş- çənə cərrahiyyəsi" ixtisası üzrə təhsil almış Vüqar Qurbanovdur.

Bu yaxınlarda V.Qurbanovun elmi məqaləsi Amerikanın və dünyanın tibb sahəsində ən nüfuzlu dərgilərindən hesab olunan "Craniofacial Surgery" jurnalında dərc olunub. Gənc tədqiqatçı elmi məqaləsinin mövzusu barədə qəzetimizə məlumat verdi:

"Tədqiqat apardığım xəstəlik haqqında bunu deyə bilərəm ki, xəstə diş ağrıları ilə müraciət edir. Müalicə zamanı vurulan iynə damaq tərəfdə nekroza səbəb olur. Düzgün və vaxtında aparılmayan müalicə nəticəsində ağız boşluğundakı mikroblar qoşulmuş üst çənə sümüyündə iltihab əmələ gəlib. Xəstə mənə müraciət edəndə yara çox kritik vəziyyətdə idi. 3 mərhələli əməliyyatlar sonrasında yaranın tam sağalmasına nail oldum",-deyə həkim bildirir. O, qeyd edir ki, keçirdiyi əməliyyat dünyada 3-4 dəfə rast gəlinən xəstəlik vəziyyətidir. Gənc tədqiqatçı keçirdiyi əməliyyatın nəticələrini elmi cəhətdən əsaslandıra bilib.

"Dünyanın ən reytinqli jurnalında məqaləm çap olundu. Belə bir jurnalda ilk müəllif olmağın sevincini yaşayırım. Məncə, əsl həkim elədiyi əməliyyatları mütləq elmi məqalələrə çevirməlidir",- deyə gənc tədqiqatçı bildirib.

Qeyd edək ki, Vüqar Qurbanov 2004 -2009-cu illərdə Azərbaycan Tibb Universitetinin (ATU) stomatologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci ildə Ankara Universitetinin  "Oral and Maxillofacial" cərrahi bölümündə, 2008-ci ildə İstanbul (Çapa) Universitetində Oral İmplantoloji tələbə mübadiləsi proqramı ilə müsafir doktor olaraq təcrübə keçib. 2009-2010-cu illərdə ağız-üz-çənə cərrahiyyəsi üzrə internatura təhsili alıb. 2012-ci ildə “Ağız suyu vəzilərinin xroniki iltıhabı və autoimmun xəstəliklərin müalicəsində ozonoterapiyanın müalicəvi effektivliyinin rolu” mövzusunda elmi işini  müdafiə edib. 2013-cü ildə Erciyes Universtetində "Oral and Maxillofacia" l cərrahi bölümündə 3 ay təkmilləşmə kursu keçib.

2014-cü ildə Samsun 19 Mayıs Universitetinin " Diş həkimliyi" fakültəsinin "Ağız- diş çənə cərrahiyyəsi" bölümündə doktorluq proqramına başlayıb. 2018- ci ildə “Ortodontik elastik kullaniminin temporomandibular eklem üzerinde oluşturduğu stresin sonlu elemanlar analizi ile değerlendirilmesi” mövzusunda dissertasiya işini müdafiə edib tibb üzrə fəlsəfə elmləri doktoru (PhD) alimlik dərəcəsini alıb. 2018-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə ona tibb üzrə fəlsəfə  doktoru alimlik dərəcə verilib.

Bir çox beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış edib. 11 elmi məqalənin (3 məqalə beynəlxalq jurnallarda çap olunub), 30 posterin müəllifidır.

Türkiyə, Yunanıstan, İngiltərə, Makedoniya, İran, BƏƏ-də  keçirilən konfranslarda elmi məruzələr və təqdimatları çap olunub.

Azərbaycan Estetik Diş Akademik Dərnəyi (AzEDAD) və Baku Medical Forum (BMF) akademiyalarının elmi məsləhətçisidir. Dünya və Avropanın bir çox cərrahiyyə və implantoloji cəmiyyətlərinin üzvüdür.

Gənc tədqiqatçıya uğurlar arzulayırıq.

Oruc MUSTAFAYEV

İlin gənc müəllimi-Müraciət formu