XƏBƏRLƏR

12.07.2019 13:38
MİQ müsabiqəsinin Respublika birincisi – “Kurs müəllimlərindən dərs almağa heç gərək yoxdu”  

“İnsanların seçdiyi sahə daxili maraqlarından irəli gələn tələbatları ödəməlidir. Yəni bir insan başqasına nəyisə paylaşmağı bacarırsa, sonradan daha peşəkar sahəyə, elm və bilik vərdişinin ötürülməsinə keçirilir”

Bu sözlər müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində ingilis dili fənni üzrə respublikada ən yüksək nəticə göstərən -56 bal-Aydan Sadıqovaya məxsusdur.

Aydan Sadıqova iyulun 11-də keçirilən test imtahanından uğurla keçərək, 56 bal toplayıb.

O, 2013-cü ildə Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyi ixtisası üzrə bakalavr səviyyəsini fərqlənmə diplomu ilə bitirib.

AzEdu.az Aydan Sadıqovaya müsabiqə barəsində təəssüratlarını təqdim edir:

“MİQ müsabiqəsinin test mərhələsində keçən il də  iştirak etmişdim. Sadəcə, ötənilki  nəticəm  yetərli olmadığı üçün yenidən özünü sınamalı oldum. Keçən il 46 bal toplamışdım.  Bu da  Bakı məktəblərində müəllim kimi fəaliyyət göstərmək üçün yetərli deyildi.

Amma öncəki illərlə müqayisədə namizədlərə təqdim edilən test nümunələri daha asan idi.

Həmçinin, namizədlərə təqdim edilən ixtisas sualları da asan idi. Sadəcə təqdim edilən test nümunələrində çaşdırıcı suallar salınmışdı. Onu da bildirim ki, suallarda diqqət etmədiyim məqamlar olduğu üçün maksimum nəticə göstərə bilmədim. Bu il MİQ müsabiqəsində təqdim edilən test nümunələri daha çox nəzəriyyədən salınmışdı”.   

“MİQ müsabiqəsində yüksək nəticə əldə etmək üçün kurs müəllimlərindən dəstək almağa ehtiyac yoxdur”

“Heç bir hazırlıq kurslarına getmədən MİQ müsabiqəsinə hazırlaşmışam. Həmçinin, körpə uşağım olduğu üçün yalnız vaxt  tapdığım halda kitabları oxuya bilmişəm. Amma hazırlaşdığım müddətdə sosial şəbəkələri MİQ müsabiqəsiylə bağlı izləyirdim. Sosial şəbəkələrdə MİQ müsabiqəsiylə bağlı kursların reklamını müşahidə edirdim. Fikrimcə, hər  bir insan öz üzərində işləyərək yüksək nəticə göstərə bilər. Düşünürəm ki, MİQ müsabiqəsində yüksək nəticə əldə etmək üçün kurs müəllimlərindən dəstək almağa ehtiyac yoxdur. Artıq biz özümüz də müəllimik. Bizlərə 4 il universitetdə təhsil aldıqdan sonra müəllimlik ixtisası üzrə diplom verilir. Yəni,  əlavə dəstəyə ehtiyac olmadan da yüksək nəticə  göstərmək mümkündür. Müəllim namizədlərə tövsiyəm budur ki, yalnız özlərinə güvənsinlər. Qismət olarsa, Bakı məktəblərin birində müəllim kimi fəaliyyət göstərmək istəyirəm.

MİQ müsabiqəsində iştirakçılar arasında “ən yüksək nəticəni mən toplamalıyam” kimi iddiam  yox idi. Çünki hazırlıq kurslarına gedən müdavimlərin yüksək nəticə iddialarını gördükcə, biraz qorxurdum. Həmçinin, fikirləşirdim ki, ancaq “kurs tələbələri” yüksək nəticə göstərə bilərlər. Çünki onların öyrənmə metodları fərqli olduğu üçün belə qəanətə gəlmişdim. Açıq etiraf edim ki, iştirakçılar arasında ən yüksək nəticəni toplayacağımı gözləmirdim. İmtahandan sonra topladığım balı gördükdə də ən yüksək nəticəni əldə etdiyimə inanmırdım. Çünki öncəki illərlə müqayisədə bu il suallar asan olduğu üçün düşünürdüm ki, hamı bu nəticəni göstərə biləcək.

İmtahan müddətində heç bir həyəcanım yox idi. Bəlkə də imtahanlarda çox iştirak etdiyim üçün həyəcan baş vermədi.

Düşünürəm ki, insanın öyrətmə bacarıqları daxili aləmindən formalaşır və böyüdükdə də davam edir.  Ümumiyyətlə, insanların seçdiyi sahə daxili maraqlarından irəli gələn tələbatları ödəməlidir. Yəni bir insan başqasına nəyisə paylaşmağı bacarırsa, sonradan daha peşəkar sahəyə, elm və bilik vərdişlərin ötürülməsinə keçirilir”,- deyə, gənc müəllim imtahanla bağlı təəssüratlarını sonladırır.

 Qeyd edək ki,  iyulun 8-dən etibarən start verilən müəllimlərin işə qəbulu imtahanları iyulun 24-dək davam edəcək. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 48 204 namizəd iştirak hüququ qazanıb.

Günel Yaşarqızı Müəllifin digər yazıları

İlin gənc müəllimi-Müraciət formu