Azedu.az

BMU tələbələri Pekində yay məktəbinin növbəti proqramlarına qatılıblar

Ali təhsil

20 İyul 2026, 12:37
BMU tələbələri Pekində yay məktəbinin növbəti proqramlarına qatılıblar

Çin Xalq Respublikasının Pekin İnşaat və Memarlıq Universitetində (BUCEA) keçirilən “Ağıllı şəhərlər üzrə Beynəlxalq Yay Məktəbi"ndə iştirak edən Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri proqram çərçivəsində növbəti elmi, praktik və tədris tədbirlərinə qatılıblar.

AzEdu.az xəbər verir ki, proqram çərçivəsində iştirakçılar BUCEA-nın Memarlıq və şəhərsalma fakültəsinin Şəhər və kənd planlaşdırılması kafedrasının dosenti Zhang Yingyi tərəfindən təqdim olunan "Ağıllı şəhər və mədəni irsin dirçəldilməsi: Yay Sarayının tarixi memarlıq irsinin yenidən canlandırılması üzrə elmi tədqiqat" mövzusunda mühazirəyə qatılıblar. Mühazirədə Pekinin ən məşhur tarixi-mədəni irs nümunələrindən biri olan Yay Sarayı timsalında ağıllı şəhər konsepsiyası ilə mədəni irsin qorunması arasında qarşılıqlı əlaqə izah olunub. İştirakçılar qədim memarlıq nümunələrinin müasir texnologiyalar vasitəsilə qorunması, tarixi məkanların şəhər həyatına inteqrasiyası, landşaft memarlığı, məkan planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində tətbiq olunan müasir yanaşmalar barədə ətraflı məlumat əldə ediblər.

Sonra professor Fu Fan tərəfindən Çin landşaft memarlığı, şəhər yaşıl məkanlarının ekoloji əhəmiyyəti, mədəni irsin mühafizəsi və şəhər mühitinin dayanıqlı inkişafında landşaft memarlığının rolu ilə bağlı təqdimat keçirilib. 

Yay məktəbi çərçivəsində BMU tələbələri Pekində yerləşən Shougang Park sənaye irsi parkına tədris səfəri də ediblər. "Yaşayan mədəni irsin rəqəmsallaşdırılması və sənaye irsinin xatirələrinin birgə qorunması" mövzusunda keçirilən proqram zamanı tələbələr keçmiş metallurgiya zavodunun müasir innovasiya, mədəniyyət və texnologiya mərkəzinə çevrilməsi prosesi ilə yaxından tanış olublar. İştirakçılar sənaye irsinin qorunaraq yeni funksiyalar qazanması, rəqəmsal texnologiyaların tarixi obyektlərin təqdimatında tətbiqi, eləcə də 2022-ci il Pekin Qış Olimpiya Oyunları üçün yenidən qurulan Shougang Parkın şəhərsalma və dayanıqlı inkişaf baxımından əhəmiyyəti barədə ətraflı məlumat əldə ediblər.

Proqramın növbəti tədbirlərindən biri UNESCO-nun dayanıqlı inkişaf yanaşmalarına həsr olunub. İştirakçılar UNESCO-nun keçmiş rəhbər heyətində təmsil olunmuş professor Han Qunlinin “Qlobal dayanıqlılıq naminə UNESCO-nun elmi əməkdaşlığı" mövzusunda mühazirəsini dinləyiblər. Mühazirədə qlobal dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında beynəlxalq elmi əməkdaşlığın əhəmiyyəti, iqlim dəyişikliyi, biomüxtəlifliyin qorunması, su ehtiyatlarının səmərəli idarə olunması və ekoloji davamlılıq kimi aktual məsələlər geniş şəkildə müzakirə edilib. 

Yay məktəbinin əsas istiqamətlərindən olan ağıllı şəhərlər və dayanıqlı inkişaf mövzuları çərçivəsində keçirilən bu proqramlar BMU tələbələrinin mədəni və sənaye irsinin qorunması, landşaft memarlığı, şəhərsalma sahələrində nəzəri biliklərini zənginləşdirməsinə, həmçinin qabaqcıl beynəlxalq təcrübə ilə yaxından tanış olmasına mühüm töhfə verib.

TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox