Azedu.az

Rektor: “Universitet elmi beynəlxalq səviyyəyə qalxmaq yolundadır”

Ali təhsil

20 İyul 2026, 10:13
Rektor: “Universitet elmi beynəlxalq səviyyəyə qalxmaq yolundadır”

“Azərbaycanda ali təhsil müəssisələrinin elmi fəaliyyəti beynəlxalq səviyyəyə qalxmaq yolundadır”.

AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədova Beynəlxalq Yay Məktəbinin açılış mərasimində çıxışı zamanı deyib.

Rektor bildirib ki, Azərbaycanda ali təhsil müəssisələrinin elmi fəaliyyəti son illərdə mühüm inkişaf mərhələsinə qədəm qoyub:

"Bu gün Azərbaycanın universitet elmi müəyyən bir yüksəliş istiqamətində gedir. Əgər biz 10 il, hətta 6-7 il əvvəlki vəziyyətlə müqayisə etsək, görərik ki, mövcud problemlərin həlli istiqamətində mühüm addımlar atılıb və müəyyən irəliləyişlər əldə olunub.

Azərbaycan elmi, o cümlədən universitet elmi və Azərbaycan Memarlıq və İnşaat Universitetində aparılan elmi tədqiqatlar artıq dünyaya açılır və beynəlxalq səviyyəyə qalxmaq yolundadır".

Elm sahəsini seçən gənclərə dəstək vermək universitet rəhbərliyinin borcudur:

"İlk növbədə düşünürəm ki, bu günə qədər elmi tədqiqatların lazımi səviyyədə aparılmamasının əsas səbəblərindən biri, əlbəttə ki, elmin maliyyələşdirilməsidir. Digər mühüm səbəb isə elmi tədqiqatların aparılması üçün infrastrukturun köhnəlməsi, müasir səviyyədə eksperimental bazanın olmaması və ya zəifliyidir.

Bundan başqa, cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, gənclər üçün daha uğurlu yol biznes sahəsində və ya ixtisası üzrə müxtəlif iqtisadi strukturlarda fəaliyyət göstərməkdir. Bu, həm daha gəlirli, həm də müəyyən nəticələrə daha tez nail olmaq üçün daha əlverişli yol hesab olunur.

Elm sahəsini isə çox az sayda gənc seçir. Bunlar elmi tədqiqatlara həqiqətən həvəsi olan, onun mahiyyətini və cəmiyyət üçün əhəmiyyətini dərk edən, həyatlarını bu sahəyə həsr etməyə hazır olan gənclərdir. Əlbəttə, elmə gələn hər kəs eyni motivasiyaya malik olmur. Lakin bizim alqışladığımız və dəstəklədiyimiz məhz bu gənclərdir.

Bu gənclərə kömək etmək, onlara dəstək vermək, onların yanında olmaq və ehtiyaclarını imkanlarımız daxilində qarşılamaq universitet rəhbərliyinin borcudur. Biz də bu istiqamətdə müəyyən addımlar atırıq".

Universitetdə gənc istedadların və alimlərin dəstəklənməsi, inkişafı və yetişdirilməsi istiqamətində həyata keçirilən proqram artıq öz bəhrəsini verməyə başlayıb:

"Gənc alimlər beynəlxalq konfranslarda iştirak edir, hətta spiker qismində çıxış etmək üçün dəvət alırlar.

Universitetlərin fəaliyyətinin qiymətləndirilməsində əsas meyarlardan biri elmi tədqiqatların səviyyəsidir və bu, nüfuzlu beynəlxalq nəşrlərdə dərc olunan məqalə və kitabların sayı, eləcə də onların keyfiyyəti ilə ölçülür.

Heç bir universitet bu gün bu istiqamətdə uğurları olmadan öz nüfuzunu artıra bilməz. Son illər elm sahəsində beynəlxalq əməkdaşlığımız genişlənib, çap etdiyimiz elmi məqalələrin sayı xeyli artıb. 

Hələ ki, arzuladığımız nəticəyə tam nail olmamışıq, lakin göstəricilərimiz ilbəil yüksəlir və bu istiqamətdə səylərimizi daha da artırırıq”.

TƏCİLİ! Ruslar Moskvadan qaçırlar: ŞOK GÖRÜNTÜLƏR
Son xəbərlərDaha çox