İyulun 22-də planetimizdə Yerdə G1 səviyyəli maqnit qasırğası gözlənilir.
AzEdu.az-ın məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mütəxəssisləri məlumat veriblər.
Alimlərin hesablamalarına görə, qasırğa Yeri çərşənbə günü axşam saatlarında bürüyəcək, və onun ən pik həddi Bakı vaxtı ilə saat 19:00-da müşahidə olunacaq.
Qeyd edək ki, maqnit qasırğaları beşballıq şkala ilə (G1-dən G5-ə qədər) qiymətləndirilir, burada Kp indeksi planetin geomaqnit sahəsinin pozulma dərəcəsini əks etdirir. G1 (zəif) - Kp indeksi = 5, enerji şəbəkələrində cüzi nasazlıqlara və yüksək enliklərdə qütb parıltılarına səbəb ola bilər, G2 (orta) - Kp indeksi = 6, elektrik şəbəkələrində gərginlik dəyişmələri və kosmik aparatlara təsir mümkündür, G3 (güclü) - Kp indeksi = 7, qısadalğalı rabitədə fasilələrə və naviqasiya sistemlərində xətalara səbəb olur, G4 (çox güclü) - Kp indeksi = 8, gərginliklə bağlı genişmiqyaslı problemlərə səbəb olur və peyklər üçün orbit korreksiyası tələb edə bilər, G5 (ekstremal) - Kp indeksi = 9, enerji şəbəkələrinin ciddi dağılması, həmçinin uzun müddət yüksək tezlikli radio rabitəsinin tamamilə kəsilməsi mümkündür.