“Dünyanın aparıcı universitetlərindəki yay məktəbi təcrübəsini Azərbaycana gətirdik”.
AzEdu.az xəbər verir ki, bu sözləri Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) rektorunun müşaviri, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə Heyətinin sədri, dünya şöhrətli alim, professor Məsud Əfəndiyev jurnalistlərə müsahibəsində deyib.
Professor bildirib ki, Beynəlxalq Yay Məktəbinin yaradılması ideyası onun Almaniyada və dünyanın aparıcı universitetlərində qazandığı çoxillik akademik təcrübədən qaynaqlanır. Onun sözlərinə görə, 35 il ərzində Almaniyada və Stanford, Caltech, Princeton, NYU, Virginia Tech, Toronto, Waterloo, Jiao Tong kimi nüfuzlu universitetlərdə fəaliyyət göstərməsi bu təşəbbüsün formalaşmasında mühüm rol oynayıb.
M.Əfəndiyev qeyd edib ki, yay məktəbi yalnız AzMİU-nun deyil, ADA Universiteti, Qarabağ Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirib. Tədbirin əsas xüsusiyyəti isə mühəndislikdən tibbə qədər müxtəlif istiqamətləri əhatə edən fənlərarası yanaşmanın tətbiqidir.
“Son 25 ildə Nobel mükafatı laureatlarının tədqiqatlarına nəzər salsaq, onların böyük əksəriyyətinin məhz fənlərarası istiqamətdə aparıldığını görərik. Bu gün elmdə ən uğurlu yanaşmalardan biri də məhz budur. Yay məktəbinin əsas məqsədi müxtəlif universitet və sahələrdən olan gənc alimləri bir araya gətirərək onların fənlərarası düşüncə tərzini daha da gücləndirməkdir”, - deyə professor vurğulayıb.
M.Əfəndiyevin sözlərinə görə, dünyanın müxtəlif ölkələrində keçirilən yay məktəblərində iştirak edərkən tələbələrin elmə marağını və həvəsini yaxından müşahidə edib və bu təcrübəni Azərbaycanda tətbiq etmək qərarına gəlib:
“Düşündüm ki, nəyə görə bu təcrübəni öz vətənimdə həyata keçirməyim? Şükürlər olsun ki, bu gün bunun üçün imkan yaranıb və biz bu təşəbbüsü reallaşdırırıq”.
Professor Azərbaycan elmində perspektivli istiqamətlərdən danışarkən bildirib ki, gələcəyin elmi fənlərarası tədqiqatlar üzərində qurulacaq. O, riyaziyyatın tibbə və biologiyaya tətbiqi, ekologiya, su ehtiyatlarının qorunması və sağlamlıqla bağlı araşdırmaları ən mühüm istiqamətlər sırasında göstərib.
“Süni intellekt müasir dövrün mühüm alətlərindən biridir. Lakin onu həddindən artıq şişirtməyə ehtiyac yoxdur. Əsas məsələ mövcud elmi alətləri və bilikləri bir araya gətirərək cəmiyyətin problemlərinin həllinə yönəltməkdir”,- deyə
Professor əlavə edib ki, COP29-un Azərbaycanda keçirilməsi ekologiya və ətraf mühitlə bağlı elmi tədqiqatların aktuallığını bir daha ön plana çıxarıb. Xəzərin su ehtiyatlarının qorunması, çirkli suların təmiz su hövzələrinə qarışmasının qarşısının alınması kimi məsələlər də bu istiqamətdə mühüm əhəmiyyət daşıyır.
M.Əfəndiyev vurğulayıb ki, son illər Azərbaycanda elm və təhsilin inkişafı üçün əlverişli şərait yaradılıb, dövlət proqramları çərçivəsində gənclərin dünyanın aparıcı universitetlərində təhsil alması və beynəlxalq elmi mühitə inteqrasiyası üçün geniş imkanlar formalaşdırılıb.