Azedu.az

BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır

Ali təhsil

31 Avqust 2026, 15:30
BMU Çin tərəfdaşı ilə beynəlxalq elmi layihənin icrasına başlayır

Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Şandunq əyalətinin Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu (SDERI) arasında elmi-tədqiqat əməkdaşlığının yeni istiqaməti müəyyənləşib. Tərəfdaş qurumların birgə hazırladığı layihə Şandunq əyalətinin Əsas Tədqiqat və İnkişaf Proqramının (Beynəlxalq Elmi və Texnoloji Əməkdaşlıq istiqaməti) müsabiqəsində qalib olub.

AzEdu.az xəbər verir ki, “Natrium-ion batareyaları üçün sərt karbon anod materialının yaşıl üsulla hazırlanması” adlı layihə müasir enerji saxlama texnologiyalarının inkişafı, alternativ enerji mənbələrindən səmərəli istifadə və ekoloji cəhətdən dayanıqlı materialların hazırlanması istiqamətində tədqiqatların aparılmasını nəzərdə tutur. 36 ay müddətində icra olunacaq layihənin əsas məqsədi natrium-ion batareyalarında istifadə edilən sərt karbon əsaslı anod materiallarının ekoloji və səmərəli üsulla hazırlanması texnologiyasının işlənib hazırlanmasıdır.

Tədqiqatlar çərçivəsində xammalın xüsusiyyətlərinin öyrənilməsi, ilkin emal və piroliz-karbonlaşdırma texnologiyalarının optimallaşdırılması, 50 kiloqramlıq pilot qurğunun təkmilləşdirilməsi və sərt karbon materiallarının modifikasiyası nəzərdə tutulur. Növbəti mərhələdə texnologiyanın pilot miqyasda sınaqdan keçirilməsi, məhsulların real iş şəraitində yoxlanılması, patent müraciətinin hazırlanması və texniki spesifikasiyaların işlənməsi planlaşdırılır.

Layihəyə BMU tərəfindən Kimya mühəndisliyi kafedrasının dosenti, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev rəhbərlik edir. Çin tərəfdən isə layihənin icrasını Şandunq əyalətinin Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu həyata keçirir.

Birgə təşəbbüs BMU ilə Çin tərəfdaşları arasında son dövrdə inkişaf edən əlaqələrin elmi komponentinin gücləndiyini göstərir. 2026-cı ildə BMU ilə Şandunq əyalətinin Elmlər Akademiyasının Enerji Tədqiqatları İnstitutu (Qilu Texnologiyalar Universiteti, Jinan, Çin Xalq Respublikası) arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd enerji, yaşıl texnologiyalar, yeni materiallar və digər prioritet istiqamətlər üzrə birgə araşdırmaların aparılması, layihələrin hazırlanması, alim və tədqiqatçı mübadiləsi, eləcə də elmi infrastrukturdan qarşılıqlı istifadə imkanlarının genişləndirilməsi üçün institusional baza yaradıb. Hazırkı layihənin Şandunq əyalətinin Əsas Tədqiqat və İnkişaf Proqramı çərçivəsində dəstəklənməsi həmin razılaşmaların praktik nəticəyə çevrildiyini göstərir.

Layihə Azərbaycan və Çin alimləri arasında elmi mübadiləni də nəzərdə tutur. Müddət ərzində qarşılıqlı səfərlərin, o cümlədən BMU tədqiqatçılarının Çinə qısamüddətli elmi-tədqiqat səfərlərinin təşkili, laboratoriya imkanlarından yararlanması və tərəfdaşlarla birgə araşdırmalar aparması planlaşdırılır.

Yeni layihə BMU-nun Çinlə tərəfdaşlığının təhsil sahəsi ilə yanaşı, elmi-tədqiqat və innovasiya istiqamətlərində də inkişaf etdiyini göstərir. Universitetin Çinlə əlaqələri ikili diplom proqramları, tələbə və müəllim mübadiləsi, birgə elmi tədbirlər və tədqiqat layihələrini əhatə edir. Bu çərçivədə BMU ilə Pekin Kimya Texnologiyaları Universiteti (PKTU) arasında bakalavriat səviyyəsində ikili diplom proqramı həyata keçirilir və PKTU-BMU Mühəndislik fakültəsi fəaliyyət göstərir. Əməkdaşlıq kimya, biotexnologiya, kompüter və mexanika mühəndisliyi istiqamətlərini əhatə edir. Həmçinin BMU ilə Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) arasında magistratura səviyyəsində ikili diplom proqramı icra olunur. 

Şandunq əyalətinin Əsas Tədqiqat və İnkişaf Proqramı çərçivəsində layihənin qalib olması BMU-nun Çinlə əməkdaşlığında təhsil, elm və innovasiyanı birləşdirən yeni mərhələnin formalaşdığını nümayiş etdirir. Bu əməkdaşlığın əsas istiqamətləri arasında birgə elmi tədqiqatlar, yaşıl texnologiyalar, enerji saxlama sistemləri və innovativ materialların inkişafı xüsusi yer tutur.

Əliyev-Paşinyan görüşündəki GİZLİ DETALLAR - Diqqətçəkən məqamlar
Son xəbərlərDaha çox