Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-04-24 12:25:00
Həkim olmaq istəyənlərin nəzərinə: Hansı ixtisas üçün neçə il oxumalıdırlar?

Dünyanın istənilən ölkəsində tibb təhsili uzunmüddətliliyi, tədris proqramının çətinliyi ilə digər ixtisaslardan fərqlənir. Ölkəmizdə də tibb təhsili almaq istəyənlər 6 il bakalavr, sonra isə ixtisasdan asılı olaraq, 2 ildən 5 ilə qədər rezidentura təhsili almalıdırlar. Bakalavr illərində tələbəyə həm kliniki, həm də baza fənləri tədris edilsə də, rezidentura oxumayan məzun ixtisas sahibi ola bilmir.

Məzun rezidenturaya qəbul olunmaq üçün baza və kliniki fənlərdən olmaqla, ikimərhələli imtahan verməli olur. Daha sonra isə imtahan balının ardıcıl olaraq yazdığı ixtisas və plan yerlərinə uyğunluğu yoxlanır və məzun hər hansı ixtisasa qəbul olunur. O, rezidentura müddətində qəbul olunduğu ixtisas üzrə bilik və bacarıqlara yiyələnir.

Hansı ixtisas üzrə rezidentura təhsil müddətinin nə qədər olması isə çoxlarına maraqlıdır.

AzEdu.az xəbər verir ki, Psixiatriya, İmmunologiya, Narkologiya, Ftiziatriya, Gigiyena, Mikrobiologiya, Laboratoriya işi, Genetika, Epidemiologiya ixtisaslarına qəbul olunan rezidentlər 2 il təhsil almaldırlar

Anesteziologiya-reanimatologiya, Oftalmologiya, Allerqologiya, Fizioterapiya və tibbi bərpa, Patoloji anatomiya, Məhkəmə-tibbi ekspertiza, Şüa terapiyası, Stomatologiya, Sosial gigiyena və səhiyyənin təşkili ixtisasları üzrə isə təhsil müddəti 3 ildir.

Otorinolarinqologiya, Nevrologiya, Terapiya, Kardiologiya, Nefrologiya, Qastroenterologiya, Hematologiya, Dermatovenerologiya, Yoluxucu xəstəliklər, Revmatologiya, Endokrinologiya, Pediatriya, Şüa diaqnostikası ixtisasları üzrə rezidenturaya qəbul olunanlar təhsillərini 4 il sonra başa vura bilirlər.

Ən uzunmüddətli rezidentura təhsili isə Ümumi cərrahiyyə, Neyrocərrahiyyə, Plastik cərrahiyyə, Ürək-damar cərrahiyyəsi, Uşaq cərrahiyyəsi, Travmatologiya-ortopediya, Onkologiya, Urologiya, Mamalıq-ginekologiya, Üz -çənə cərrahiyyəsi oxtisasları üzrədir. Bu ixtisaslara sahib olmaq istəyən rezidentlər hələ 5 il təhsil almalı olurlar.

Qeyd edək ki, rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir. Ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.

Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil dövrünə aid edilmir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları